Avtomobil Yolları Dövlət Agentliyinin 67 idarəsi ləğv edilib: 13 minə yaxın işçini nə gözləyir?

İllüstrasiya: Andrii Yalanskyi\shutterstock

Bu ilin əvvəlindən etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində olan yol istismar idarələrinin ləğvinə başlanılıb.

Son olaraq, Vergilər.az portalında 25 yol istismar idarəsinin ləğvi ilə bağlı elan yerləşdirilib.

Ləğv olunan idarələr arasında 21 adi, 2 xüsusi təyinatlı və 2 magistral yolların tikintisinə cavabdeh olan MMC yer alır.

Bir neçə ay əvvəl isə daha 42 idarənin ləğvi ilə bağlı elan dərc edilmişdi.

Beləliklə, ilin əvvəlindən indiyədək Dövlət Agentliyinin tabeliyində olan 67 idarənin ləğvi ilə bağlı qərar verilib.

Ümumilikdə, avtomobil yollarının yaşıllaşdırılması ilə məşğul olan idarələr də daxil olmaqla, AAYDA-nın 85-dən çox idarəsi fəaliyyət göstərirdi. İlin sonunadək sayca az qalan digər idarələrin də ləğv ediləcəyi gözlənilir.

Aparılan struktur dəyişiklikləri ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, ekspertlər yerli qurumların sayının azaldılaraq regional idarələrin yaradılacağını bildirirlər.

Əlbəttə, bu qədər idarənin bağlanması eyni zamanda xeyli sayda işçinin ixtisara düşməsi deməkdir. Bu məsələ ilə bağlı narazılıqlar hələ 2025-ci ildən başlayıb. Ötən ildən etibarən yerli mediada hər idarədə çalışan işçilərin 10–30 faizinin ixtisar edilməsi ilə bağlı məlumatlar yayılmağa başlayıb.

Məsələn, ötən il ləğvinə başlanılan “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-də işçilərə məcburi qaydada ərizə yazdırılaraq onların işdən uzaqlaşdırıldığı bildirilir. Məlumatlara görə, bu proses zamanı 80 əməkdaş işdən azad edilib. İşçilərə əvvəlcə digər şöbələrdə işlə təmin olunacaqları vəd edilsə də, sonradan onların əmək müqavilələrinə xitam verilib.

Bu ilin iyulunda isə Siyəzən rayonunda fəaliyyət göstərən “10 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin əməkdaşlarının heç bir izahat verilmədən işdən çıxarıldığı bildirilir. Onların sözlərinə görə, əksəriyyəti müddətsiz əmək müqaviləsi ilə çalışsa da, qəfil işdən azad edildiklərini öyrəniblər.

Əslində, prosesin 2024-cü ildən başladığını demək olar. AAYDA-nın hesabatlarından da görünür ki, son illərdə qurumun işçilərinin sayı kəskin azalıb.

Qurumun son hesabatına əsasən, 2024-cü ildə Dövlət Agentliyində çalışanların sayı təxminən 1000 nəfər azalıb. Belə ki, həmin il işçilərin sayı 13 719 nəfər olub. Bu, 2023-cü illə müqayisədə 904 nəfər və ya 6,1 faiz azalma deməkdir.

Agentlik 2025-ci il üzrə hesabatını hələ ki açıqlamayıb. Bu baxımdan, ötən il işçilərin sayındakı hərəkətliliyi görmək mümkün deyil. Bununla belə, mediada gedən məlumatlardan görünür ki, 2025 və 2026-cı illərdə ixtisarlar daha kütləvi şəkildə olub.

Hazırda təxminən 13 min əməkdaşın gələcək taleyi sual altındadır.

Kütləvi ixtisarlarla bağlı yayılan məlumatlara münasibət bildirən AAYDA isə bu iddiaları təkzib edib. Qurumdan yerli mediaya bildirilib ki, agentlikdə kadr məsələləri əmək qanunvericiliyinə və daxili normativ sənədlərə uyğun şəkildə tənzimlənir.

Agentlik, həmçinin optimallaşdırma tədbirləri çərçivəsində beynəlxalq təcrübə əsasında struktur islahatlarının həyata keçirildiyini qeyd edib. Bu islahatların əsas məqsədi büdcə vəsaitlərindən şəffaf və səmərəli istifadənin təmin olunmasıdır.

Hesablama Palatası da “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun 2024-cü il üzrə vəsaitlərinin idarə olunmasını audit edərkən yol tikintisində bir sıra nöqsanlar aşkarlayıb. Yoxlamalar zamanı qeyri-asfalt örtüklü yolların xüsusi çəkisinin hələ də yüksək olduğu (35,2 faiz) müəyyən edilib. Bu isə avtomobil yollarında təhlükəsiz və rahat hərəkət üçün şəraitin tam təmin olunmadığını göstərir.

Fondun vəsaitləri əsasən cari xərclərə yönəldilsə də, rəsmi hesabatlarda həmin vəsaitlər əsaslı xərclər kimi göstərilib. Bundan əlavə, müvafiq qaydalarda nəzərdə tutulmadığı halda, 19,6 milyon manat bank kreditlərinin ödənilməsinə, eləcə də Agentliyin aparatının saxlanmasına vəsait ayrılıb.

Audit zamanı həmçinin müəyyən edilib ki, avtomobil yollarının vahid dövlət reyestri yaradılmayıb, yol siyahıları uzun illərdir yenilənmir və struktur bölmələr üzrə xərclərin planlaşdırılması aparılmayıb. Bu hallar maliyyə şəffaflığına və büdcə planlaşdırmasının səmərəliliyinə mənfi təsir göstərir.

Qeyd edək ki, son illərdə dövlət büdcəsindən AAYDA-ya ayrılan vəsaitlərin həcmində də azalma müşahidə olunur. 2023-cü ildə Agentliyə 1 milyard 42,5 milyon manat ayrıldığı halda, cari ildə bu məbləğin təxminən 500 milyon manata qədər azaldığı vurğulanır.

2017-ci ildə yaradılan AAYDA bundan əvvəl “Azəravtoyol” ASC və “Azəryolservis” ASC adları altında fəaliyyət göstərib. Daha əvvəl isə qurum Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” departamenti kimi fəaliyyət göstərib.

2017-ci ildən Agentliyə rəhbərlik edən Saleh Məmmədov bu ilin fevral ayında vəzifəsindən uzaqlaşdırılıb.

Ana səhifə ▸ Sosial ▸ Avtomobil Yolları Dövlət Agentliyinin 67 idarəsi ləğv edilib: 13 minə yaxın işçini nə gözləyir?