Şirkətin ilk qanuni təmsilçisi Akif Əsgərovun adı “Azərsun”un müxtəlif müəssisələrində, Dubayda qeydiyyatdan keçmiş şirkətin Azərbaycan filialında və Arif Paşayevlə birgə patent sənədlərində keçir.
Prezident İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyeva noyabrın 6-da Cəbrayılda “Sunbeverage” MMC-nin alkoqolsuz içki zavodunun açılışında iştirak ediblər.
İlham Əliyev zavodun təməlini 3 oktyabr 2024-cü ildə qoyub. Layihəni ona o zaman “Azərsun Holdinq”in Müşahidə Şurasına rəhbərlik edən Abdolbari Gözəl təqdim edib.
Həmin vaxt müəssisəyə ilkin mərhələdə 35 milyon manat investisiya qoyulacağı, illik istehsal gücünün 250 milyon plastik şüşə və 350 milyon alüminium qutu olacağı açıqlanmışdı.
2026-cı il noyabrın 6-da keçirilən açılışda isə layihənin ümumi dəyərinin 70 milyon manat olduğu bildirilib. Müəssisə barədə Prezidentə məlumatı “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Tahir Gözəl verib.
Rəsmi açıqlamaya görə, layihə özəl vəsait və bank kreditləri hesabına maliyyələşdirilib. Bununla yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Biznesinin İnkişafı Fondunun dəstəyi ilə 5 milyon manat güzəştli kredit ayrılıb. Əlavə 5 milyon manatlıq kredit üzrə isə zəmanət və faiz subsidiyası mexanizmindən istifadə olunub.
Ərazisi 10 hektar olan zavodun illik istehsal gücü 150 min tondur. Müəssisədə İtaliya istehsalı avadanlıqlar quraşdırılıb. Burada qazlı və qazsız su, soyuq çay, vitaminli, azkalorili və meyvə tərkibli içkilər istehsal olunacaq. Məhsulların daxili bazarla yanaşı, xaricə ixracı da nəzərdə tutulur.
Rəsmi məlumata əsasən, müəssisədə 300 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.
Rəsmi sənədlərə görə şirkət kimə aiddir?
2026-cı ildə yayımlanmış vakansiya elanında “Sunbeverage” MMC “Azersun Holding”ə bağlı müəssisə kimi təqdim edilir.
Vergi tarixçəsində şirkətin 29 aprel 2024-cü il qeydində ilk qanuni təmsilçi kimi Akif Əsgərov göstərilir. Şirkətin nizamnamə kapitalı 10 min manat, hüquqi ünvanı isə Cəbrayıl rayonudur.
16 iyul 2025-ci ildə Əsgərovu qanuni təmsilçi kimi Serkan Kara əvəzləyib. Noyabrın 6-na olan məlumatda da şirkətin qanuni təmsilçisi Serkan Kara göstərilir.
“Azərsun”dakı vəzifələri və digər şirkətlər
Akif Əsgərovun “Azərsun Holdinq”lə əlaqəsi ən azı 2011-ci ildən mövcuddur.
Həmin il yayımlanmış məqalədə o, holdinqin qabaqcıl elmi nailiyyətlərin tətbiqi üzrə baş məsləhətçisi, 2019-cu ildə isə “Azərsun Kənd Təsərrüfatı Məhsulları” şirkətinin direktor müavini kimi təqdim olunub.
2011-ci ildə dövlət qeydiyyatından keçmiş “Muğan Enerji” MMC-nin təsisçisi “Azərsun Holdinq”, rəsmi təmsilçisi isə Akif Əsgərov olub.
Dövlət Vergi Xidmətinin reyestri üzrə aparılmış axtarış nəticələrində onun adı “Park Moda”, “Caspian Line Trans”, “Muğan Enerji”, “Azərsun Kənd Təsərrüfatı”, “İntermedia-a”, “Atlas” və “Aston Investment” MMC kimi şirkətlərlə də əlaqələndirilir.
“Azadlıq Radiosu” əvvəlki araşdırmalarından birində “Aston Investment”i “Azərsun”a dolayısı ilə bağlı müəssisələr sırasında göstərib.
Dubay şirkəti və Rusiyadakı milyardlıq biznes
Akif Əsgərovun adı xarici şirkətlərin fəaliyyəti ilə bağlı məlumatlarda da keçir.
“Turan” İnformasiya Agentliyinin 2018-ci il xəbərinə görə, Dubayın Cəbəl Əli Azad Zonasında qeydiyyatdan keçmiş “Anatolia Holding Company Limited”in Azərbaycan filialı “Azərsun”un Bakıdakı baş ofisində yerləşib. Filiala Akif Əsgərov rəhbərlik edib.
Rusiya biznes reyestrinin məlumatlarına əsasən, həmin şirkət Krasnodar diyarında çay və qəhvə istehsalı ilə məşğul olan “Kuban-Ti” MMC-nin 70 faizlik payçısıdır. Qalan paylar Aras Hacı və Qədir Balayevə məxsusdur.
“Kuban-Ti”nin 2025-ci il üzrə maliyyə hesabatında gəliri 8,08 milyard rubl (təxminən 99 milyon dollar), xalis mənfəəti isə 1,78 milyard rubl (21,8 milyon dollar) göstərilib.
Arif Paşayev və Abdolbari Gözəllə ortaq patentlər
Akif Əsgərovun adı Prezident İlham Əliyevin qayınatası, akademik Arif Paşayev və “Azərsun Holdinq”in qurucusu Abdolbari Gözəllə birlikdə rəsmi patent sənədlərində də yer alır.
2015-ci ilin “Sənaye mülkiyyəti” bülletenində çayın fermentasiyası ilə bağlı iki ixtira müraciətində Akif Əsgərov, Arif Paşayev, Abdolbari Gözəl və digər şəxslər ixtiraçılar və müraciət edənlər arasında göstərilib.
Arif Paşayev Milli Aviasiya Akademiyasının rektoru, Mehriban Əliyevanın atasıdır.
“Azərsun Holdinq”in qurucusu Abdolbari Gözəl isə 18 yanvar 2025-ci ildə vəfat edib. 2026-cı ilin aprelində onun oğlu Tahir Gözəl holdinqin Müşahidə Şurasının sədri təyin olunub.
“Azərsun” rəhbərliyi ilə hakim Əliyevlər ailəsi arasındakı biznes əlaqələri əvvəllər beynəlxalq jurnalist araşdırmalarının da mövzusu olub. Məsələn, ICIJ və OCCRP tərəfindən aparılan araşdırmalar (“Pandora sənədləri” və s.) “Azərsun” rəhbərliyi ilə Azərbaycanın hakim Əliyevlər ailəsi arasında dolayı işgüzar və idarəçilik əlaqələrinin olduğunu üzə çıxarıb.