Prokurorluq: “Tofiq Yaqublunun görüntülərində işgəncə əlaməti yoxdur”

Tofiq Yaqublu, Foto: Ramin Deko

Vəkil qərardan məhkəməyə şikayət edəcək

Prokurorluq Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun sosial mediada yayılan görüntülərində işgəncə əlamətlərinin olmadığı nəticəsinə gəlib. Bu barədə Meydan TV-yə məlumat verən Tofiq Yaqublu bildirib ki, Səbail Rayon Prokurorluğu onun işgəncəyə məruz qalmasıyla bağlı şikayəti üzrə cinayət işi başlamaqdan imtina edib.

Prokurorluq Tofiq Yaqubluya qarşı baş verənlərdə cinayət hadisəsi olmadığı nəticəsinə gəlib. Cinayət-Prosessual Məcəlləsinin 39.1.1 (cinayət təqibini istisna edən hallar – cinayət hadisəsi olmadıqda) maddəsinə istinad edərək, siyasi fəalın şikayəti üzrə cinayət işi başlanmasının rədd edilməsi haqda qərar qəbul edib.
Tofiq Yaqublu hesab edir ki, bu qərar ona qarşı işgəncənin birbaşa ölkənin birinci şəxsinin razılığı və tapşırığıyla həyata keçirildiyini sübut edir: “Bu qədər açıq şəkildə törədilmiş cinayətin ört-basdır edilməsinin bircə anlamı var: göstəriş almış adamlar Tofiq Yaqublunu rahatca öldürə də bilərlər, cəzasız qalacaqlarına əmin olsunlar”.

Siyasi fəal əlavə edib ki, o, ilk gündən sifarişin Prezident İlham Əliyev tərəfindən verildiyinə əmin olduğuna görə prokurorluqdan ədalətli nəticə də gözləmirdi: “Prokurorluq və ya müstəntiq kimdir ki, qərarı da olsun?!”

Tofiq Yaqublunun vəkili Nemət Kərimli Meydan TV-yə qərarın əsassız və qanunsuz olduğunu bildirib. Vəkil vurğulayıb ki, qərarın ləğvi üçün məhkəməyə şikayət veriləcək: “İşgəncə faktı açıq-aşkar ortada olduğu halda, “cinayət hadisəsi yoxdur demək” heç bir çərçivəyə sığmır”.
Vəkil əlavə edib ki, əgər yerli məhkəmələr ədalətli qərar çıxarmasa, bu iş Avropa Məhkəməsinə göndəriləcək.

Tofiq Yaqublu dekabrın 1-də həbsdə aclıq edən Saleh Rüstəmlinin azadlığa buraxılması tələbilə Bakıda keçirilən etiraz aksiyası zamanı Fəvvarələr meydanında polislər tərəfindən saxlanılıb. Axşam saat 19 radələrində o, Qaradağ rayonu, Ələt qəsəbəsində tapılıb. Onun üzündə, xüsusən gözlərinin ətrafında, baş nahiyəsində, bədəninin müxtəlif hissələrində gözlə görünən xəsarət izləri olub. Tofiq Yaqublu bildirib ki, onu polislər işgəncə ilə həmin vəziyyətə salıb, gətirib orada atıb gediblər.

Siyasi fəalın vəkili dekabrın 2-də prokurorluğa şikayət edib. Dekabrın 3-də isə o, müdafiəçisi ilə birlikdə Səbail Rayon Prokurorluğunda dindirilib, hadisə yerinə baxış keçirilib.

Vəkil deyir ki, Tofiq Yaqublu prokurorluğun qərarıyla ekspertizadan da keçirilib. Müdafiəçi eyni zamanda, Tofiq Yaqublunun Fəvvarələr meydanında saxlanılıb 39-cu polis bölməsinə aparılması, oradan nə vaxt, hansı vəziyyətdə çıxması, ondan sonrakı hərəkət trayektoriyasının müəyyənləşdirilməsi üçün həm polis bölməsinin daxilində və qarşısındakı, həm də paytaxtın həmin ərazisindəki “Təhlükəsiz şəhər” kameralarının videogörüntülərinin əldə edilməsi barədə vəsatət verib.

Daxili İşlər Nazirliyi Tofiq Yaqublunun polislər tərəfindən işgəncəyə məruz qalması haqda iddiaları təkzib edib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev hadisədən sonra verdiyi açıqlamada bildirib ki, siyasi fəalın polis bölməsində döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır: “Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq”.

Hadisədən təxminən iki həftə sonra “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının rəhbərliyinin Daxili İşlər naziri Vilayət Eyvazovla görüşündə də bu məsələ müzakirə olunub. Təşkilatın icraçı direktoru Rüfət Səfərov

Meydan TV-yə bildirib ki, nazir Tofiq Yaqublunun polislər tərəfindən o duruma salınmasını istisna edib:

“Vilayət Eyvazov bildirdi ki, aksiyada saxlanma və maşına mindirilmə zamanı müəyyən sıyrıqlar, yüngül xəsarətlər ola bilər. Amma Tofiq Yaqublunun üzündəki xəsarətlərin polisə aidiyyəti olmadığını dedi. Nazir bildirdi ki, məsələni prokurorluq araşdırıb qiymət verəcək. Mən belə başa düşdüm ki, Tofiq bəy polisə aidiyyəti olmayan, qanunsuz dəstə tərəfindən Bakıdan 70-80 km kənara aparılıb, döyülüb. Bildirdik ki, nəyə görə bu hadisə ilə bağlı cinayət işi başlanmır. Nazirin fikri bu oldu ki, prokurorluq orqanları məsələni araşdırsın. Ondan sonra əgər hansısa polis məsuliyyət daşımalıdırsa, daşıyacaq”.

Ana səhifəSiyasətProkurorluq: “Tofiq Yaqublunun görüntülərində işgəncə əlaməti yoxdur”