Prokurorluq koronavirusla bağlı şayiə yayanları cinayət məsuliyyətinə cəlb edəcək

E.Sultanov vətəndaşları belə yalan məlumatlara inanmamağa, yalnız səlahiyyətli dövlət orqanlarının rəsmi məlumatlarını nəzərə almağa çağırıb.

Source:


“Bəziləri xəbərdarlıqdan nəticə çıxarmayıb”

Respublika Prokurorluğu koronavirusla əlaqədar şayiə yayanların barəsində hüquqi məsuliyyət tədbirlərinin görülməsi haqda xəbərdarlıq edib.

Bu barədə Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “ASAN Radio”ya danışıb.

O deyib ki, bəzi kütləvi informasiya vasitələri və ayrı-ayrı sosial şəbəkə istifadəçiləri Daxili İşlər Nazirliyi və Baş Prokrorluğun xəbərdarlıqlarından nəticə çıxarmayıb:

“Onlar həqiqəti əks etdirməyən və cəmiyyətdə süni ajiotaj yaratmağa hesablanmış şayiələr yayır. İctimaiyyətdə yanlış fikir formalaşdırması məqsədi güdən və qəsdən bu kateqoriyadan olan informasiyaların yayılmasını həyata keçirən KİV-lər, o cümlədən sosial şəbəkə istifadəçilərini bir daha xəbərdar edirik ki, gələcəkdə bu qəbildən olan qanunazidd hərəkətlərini davam etdirəcəkləri təqdirdə, barələrində cinayət məsuliyyəti də daxil olmaqla, ən ciddi qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.

Ancaq. E.Sultanov konkret olaraq hansı KİV-ləri nəzərdə tutduğunu deməyib. Sadəcə, qeyd edib ki, süni ajotaj yaradılmasına maraqlı olan şəxslər tərəfindən bir neçə gün əvvəl guya koronavirusa yoluxmuş şəxsin xəstəxanada vəfat etməsi ilə bağlı bir səsyazısı yayılıb:

“İctimaiyyətdə yanlış fikrin formalaşmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən dərhal təkzib olunub. Eyni zamanda, aparılan araşdırmalarla həmin şəxsin xəstəxanada ağciyərlərin pnevmoniyası səbəbindən vəfat etməsi müəyyən olunmuş və bu barədə ictimaiyyətə məlumat verilməklə həmin məlumatı yayan KİV-lərə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq rəsmi xəbərdarlıq edilib”.

E.Sultanov vətəndaşları belə yalan məlumatlara inanmamağa, yalnız səlahiyyətli dövlət orqanlarının rəsmi məlumatlarını nəzərə almağa çağırıb.


Martın 15-də

6 nəfərin koronavirusa yoluxması haqqında rəsmi məlumat yayılıb. Bununla rəsmi olaraq ümumi koronavirusa yoluxma halı 25-dir. Onlardan 6-sı sağalıb, biri həyatını itirib. Hazırda 18 pasiyent müalicə alır.

Azərbaycanda ilk koronavirus infeksiyası fevralın 28-də İrandan qayıdan bir nəfərdə aşkarlanıb. Fevrealın 29-dan Azərbaycanın İran İslam Respublikası ilə hava və quru sərhədlərini müvəqqəti qapadıldı.

Azərbaycanın Gürcüstanla və Qazaxıstanla sərhədləri martın 13-dən 10 günlük qapadılıb. Martın 14-də isə Azərbaycanla Türkiyə arasında sərhədlər müvəqqəti bağlanıb.

Martın 2-də orta və ali təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb, martın 10-da Novruz Bayramı şənlikləri ləğv edilməsi elan edilib.

Martın 13-də Nazirlər Kabineti təcili, təxirəsalınmaz və icrası məcburi olan bir sıra qərarlar qəbul edilib.

Ana səhifəSosialProkurorluq koronavirusla bağlı şayiə yayanları cinayət məsuliyyətinə cəlb edəcək