Post-neft dövrünün gətirəcəyi azadlıqlar

Bu gün hakimiyyəti qoruyan onun inzibati resursları, xüsusən də güc strukturlarıdır

Source:


Bu gün hakimiyyəti qoruyan onun inzibati resursları, xüsusən də güc strukturlarıdır

Daxili çəkişmələrdən ciddi şəkildə zəifləyən Azərbaycan hakimiyyətinə okeanın o tayından iki tutarlı zərbə gədi. ABŞ Federal Rezerv sisteminin qərarı Rusiyanı çökdürməyə yönəlsə də, Azərbaycanı da ciddi sınaqlar gözləyir. Normal siyasi və iqtisadi idarəetməsi olmayan ölkələrdə bu fəlakətlərə yol aça bilər. Gələn ildən neftin qiymətinin bir barel üçün 20-25 dollara enəcəyi proqnozlaşdırılır. Manatın taleyi artıq sual altındadır, neftin ucuzlaşması fonunda Azərbaycanın vəziyyətinin necə olacağını ehtimal etmək mümkündür.

Birqütblü dünyada yeni dəngələr yaranıb – ya Vaşinqtonla birlikdə olursan, ya da Rusiya ilə bərabər çökürsən. Hətta Türkiyə kimi güclü bir ölkə son anda Moskvaya soyuq savaş elan edərək, Vaşinqtona sığındı. Azərbaycan hakimiyyəti olduqca zəifdir. İqtisadiyyat isə bərbad vəziyyətdədir. Siyasi idarəetmə heç bir tənqidin çərçivəsinə sığmır. Müxalifət, vətəndaş cəmiyyəti, mətbuat tamamilə sıradan çıxardılıb. Üstəlik, Bakı Qərbə barmaq silkələyir. Bunun bir bədəli olmalı idi. Oldu da. Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyasının sədri Chris Smith Qanunun Aliliyi və İnsan Haqları naminə Azərbaycan Demokratiya aktını təqdim edib.

Bununla əlaqədar verilmiş bəyanatda deyilir ki, Azərbaycan hökumətinin müstəqil jurnalistlərin, müxalifət siyasətçilərinin və vətəndaş cəmiyyəti qruplarının səslərinin susdurulmasına yönəldilmiş və illərlə davam edən sistematik səylərinin ardınca Helsinki Komissiyasının sədri, respublikaçı Chris Smith “Azərbaycanda Demokratiya 2015” adlı qanun layihəsini təqdim edib.

Bu qanun Azərbaycan hökumətinin yüksək vəzifəli rəsmilərinə Birləşmiş Ştatlara səfər vizalarının verilməsindən imtina edilməsini nəzərdə tutur. Beləliklə, Azərbaycan siyasi elitası küncə sıxılır. Manevr imkanları əlindən alınır. Bütün bunların fonunda isə neftin qiyməti aşağı düşür. Bu, iqtidar üçün fəlakətin xəbərçisi olsa da, ölkənin uzaq gələcəyi üçün yeni perspektivlər açır. Məsələ ondadır ki, neftin qiyməti ilə azadlığın tempi arasında spesifik qarşılıqlı əlaqə var. Bunu neft siyasətinin birinci qanunu adlandıranların fikrincə, “petro-ist” ölkələrdə neftin qiyməti və azadlıq tempi hər zaman bir-birinə əks istiqamətdə hərəkət edir.

Həmin qanuna görə, xam neftin dünya qiyməti yüksəldikcə “petro-ist” ölkələrdə azad söz, azad mətbuat, azad seçkilər və azad toplaşmaq hüquqlarında, hökumətin şəffaflığı, müstəqil məhkəmələr və qanunun aliliyi sferasında, ictimai institutların fəaliyyət sərbəstliyi sahəsində bir o qədər çox pozuntu yaranır.

Neftin qiyməti düşəndə isə bu ölkələr şəffaf siyasətə bir o qədər çox meyllənir, müxalifətə münasibətdə daha həssas, xarici aləmlə təmaslarda daha açıq olurlar. Vətəndaşların rəqabət aparmaq, yeni şirkətlər yaratmaq və xarici investisiyalar cəlb etmək imkanlarını artıracaq hüquqi və təhsil strukturlarının qurulması üzərində diqqət cəmləşdirən siyasət yürüdürlər.

Bu tipli dəyişikliklərin fərqinə varmaq azərbaycanlı iqtisadçılar üçün də olduqca asandır. Neft ölkələri sırasında mühüm yer tutan Azərbaycan böyük dövlətlərlə münasibətlərini daha çox neft amili üzərində qurmaqla yanaşı, ölkənin siyasi rejimi də neft pullarının artıb-azalmasından asılı olaraq siyasi manevrlər edir.

Qara qızıldan gələn gəlirlərin üzərinə çökən hakimiyyət dairələri artıq kimsədən qorxmadıqlarını açıq şəkildə ifadə edirlər.

Beləcə, ölkədə demokratiyanın və insan haqlarının vəziyyəti ilə bağlı tənqidlər artdıqca, yerli hakimiyyətin buna reaksiyası da sərtləşirdi, tənqidə qarşı dözümsüzlük hətta bəzən diplomatik çərçivələri də aşırdı. Yaranmış vəziyyət artıq beynəlxalq dairələrdə də müəyyən narahatlıqla qarşılanır. Hər kəs Azərbaycanda xaosun yaşanacağını gözləyir.

Neftin qiymətinin aşağı düşməsi hakim elita üçün fəlakət hesab edilsə də, son nəticədə vətəndaş cəmiyyətinin dirçəlməsinə səbəb ola bilər. Neft gəlirləri demokratiya demək olar ki, tərs mütənasiblik təşkil edir, gəlirlər artdıqca demokratiyanın sərhədləri daralır. Neftin demokratik proseslərə, iqtisadiyyatın sağlam inkişafına təsiri haqqında əvvəllər də pessimist proqnozlar səslənirdi. Bunun üçün dünyada kifayət qədər təcrübə toplanıb. Təsadüfi deyil ki, bəzən politoloqlar nefti ”lənətlənmiş resurs” adlandırırlar. Bəs neft gəlirləri demokratik prosesləri necə ləngidir, ona necə təsir edir?

Dövlət rəsmiləri açıq şəkildə bildirirlər ki, beynəlxalq təşkilatların, hətta Avropa Birliyi kimi ittifaqların ayıracağı böyük maliyyə resurslarına ehtiyacları yoxdur. Deməli, siyasi və iqtisadi islahatlara da ehtiyac duyulmur və ölkəni məmur kapitalizmi istiqamətində inkişaf etdirmək olar. Üstəlik, milli resurslar orta səviyyəli məmurlara da böyük sərbəstlik verir.

Beynəlxalq təşkilatların ayırdığı maliyyəyə görə, onlar müəyyən mənada hesabat verməli olurdular.

Baxmayaraq ki, həmin dövrdə də korrupsiya vardı və məmurlar müxtəlif texniki yardım proqramlarından özləri üçün yararlana bilirdilər.

Neftin qiymətinin artması bir neçə parametr üzrə Azərbaycandakı siyasi hakimiyyətin müstəqilliyini artırır, onun beynəlxalq mühitdən asılılığını azaldır. Öncə Azərbaycanın yaxın keçmişinə qayıtmaq lazımdır. Əvvəllər ölkə müəyyən mənada beynəlxalq maliyyə institutlarından asılı idi, öz iqtisadiyyatını onların ayırdığı kreditlər hesabına inkişaf etdirirdi. Bu kreditlərin verilməsi, maliyyə ayırmaları isə ölkədə demokratiyanın və insan haqlarının vəziyyətinin yaxşılaşdırılması, ardıcıl iqtisadi islahatların aparılması ilə şərtləndirilirdi. Bu isə Azərbaycan hakimiyyətini qane etmirdi.

Son zamanlara qədər belə asılılıq yox idi. Neft dünya bazarında baha satılırdı. Neft gəlirlərinin ölkəyə böyük miqdarda daxil olması hətta Azərbaycanın özünü investora çevirmişdi, Azərbaycan Gürcüstanda və Türkiyədə böyük investisiya layihələri həyata keçirirdi. Artıq bu imkanlar yoxdur. Büdcə tükənib, kütləvi işsizlik baş verir, hakimiyyət dəhlizlərində klanların savaşı şiddətlənir, xarici kəşfiyyat ölkəni daha da zəiflədir. Əslində, demokratiyanın məhdudlaşdırılması böyük enerji layihələrinin ölkə üçün yaratdığı geosiyasi manevr imkanlarından asılı idi. Qərb dövlətlərinin təzyiqini hiss edən Azərbaycan bunu Rusiyanın və digər ölkələrin təsiri ilə tarazlaşdıra bilirdi.

Üstəlik, Qərb dövlətlərinin özlərinin də Azərbaycana marağında enerji məsələləri xüsusi önəm kəsb edir və onlar bunu gizlətmirdilər. Artıq bu manevr də Bakının əlindən alınıb, daha əvvəlki kimi diplomatiya yürütmək mümkün olmayacaq.

Bu gün hakimiyyəti qoruyan onun inzibati resursları, xüsusən də güc strukturlarıdır. Ölkədəki siyasi hakimiyyətin yaşarlığını təmin edən, ilk növbədə, onlardır. Daha güc strukturlarına da güvənmək imkansızıdr. Belə ki, neft gəlirləri azaldıqca, güc strukturlarının büdcə vəsaitləri də azalacaq, bu da onların hakimiyyətə qarşı çıxmasını stimullaşdıracaq.

Sosial narazılıqları da pensiya artımları və müxtəlif sosial yardımlar vasitəsilə səngitmək mümkün olmayacaq. Daha büdcə buna imkan vermir.

Hakimiyyət neftdən gələn gəlirlərin kiçik bir hissəsini aztəminatlı təbəqənin problemlərinin həllinə yönəldirdi və bununla da narazılığın qismən azalmasına nail olurdu. Eyni zamanda, ziyalıların önəmli hissəsi də hakimiyyətə qarşı loyallığın müqabilində mükafatlandırılırdı. İndi bütün bu imkanlar yoxdur.

Bir sözlə, neftin qiymətinin aşağı düşməsi avtoritar rejimləri də zəiflədir. Hakimiyyət ağır böhranla üz-üzədir…

Ana səhifəAnalitikaPost-neft dövrünün gətirəcəyi azadlıqlar