Polis: “İlkin etiraf elədi ki, ölünü yandırmaq günah deyil”

İlkin Süleymanov. Foto: Meydan TV

Şahid: “Anası deyirdi ki, Nərmin getmək istəmirdi, atası həmin gün onu məcburi göndərib”

“Polis şöbəsində tələb edirdilər deyim ki, Nərmin itkin olduğu müddətdə İlkin məndən “pampers” alıb. Dedim ki, axı mən “pampers” satmıram…”.

Bu sözləri İlkin Süleymanovun məhkəməsində şahid kimi ifadə verən Şamil Vəliyev deyib.

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovun məhkəməsi davam edir. Bu işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.

Aprelin 12-də və 13-də məhkəmədə bir sıra şahidlər dindirilib.

İlkin Süleymanovgilin evinin qarşısında yerləşən mağazanın satıcısı Şamil Vəliyev məhkəmədə dindirilib. O bildirib ki, Tovuz rayon Polis Şöbəsində İlkin Süleymanovun əleyhinə ifadə vermək tələb olunurdu:

“Həmin vaxt hardasa ilyarım idi ki, bizim mağazada “pampers” satılmırdı. Deyirdilər ki, yox, deməlisən. Alanda görən olub. Deyirdim ki, ola bilməz”.

İlkin Süleymanovun sakit təbiətli adam olduğunu deyən şahidin sözlərinə görə, o, gündə 3-4 dəfə siqaret çəkmək üçün küçəyə çıxırdı. Süleymanovlar ailəsinin mağazadan arabir bazarlıq etdiyini bildirən Şamil Vəliyev deyir ki, daha çox anası gəlib alış-veriş edirdi:

“Böyük bazarlıq eləmirdilər. Məsələn, soğan, duz qurtaranda gəlib alardılar. İlkin də həftədə bir-iki dəfə şirniyyat alardı. Nərmin itkin olduğu müddətdə İlkinin mağazadan alış-verişində əvvəlki ilə heç bir fərq yox idi”.

Şamil Vəliyev vurğulayıb ki, indi də İlkin Süleymanovun bu cinayəti törətdiyinə inanmır. Onun sözlərinə görə, kənddə heç kim inanmır:

“İlkinin heç kimlə işi olmazdı. Həm də bacısı müəllimədir, onlara hər gün nə qədər uşaq gəlib-gedir hazırlığa”.

Meyit yandırılan yer Süleymanovların evinin qarşısında, mağazanın isə yanındadır. Yanmış meyit tapılan gün satıcı mağazanı tez bağlayıb gedib. Deyir ki, qonşu kənddə yaşayan qayınanasıgildə şadlıq məclisi vardı, ora getmişdi. Axşam evə qayıdanda hadisədən xəbər tutub. Bu hadisənin ertəsi gün – 2020-ci il yanvarın 7-də axşam saat 23 radələrində onu polis şöbəsinə aparıblar. Onu yanvarın 9-da səhər saat 7-də buraxıblar.

Şamil Vəliyev bildirib ki, yanvarın 7-dən 8-nə keçən gecə şöbədə İlkin Süleymanovla eyni kamerada saxlanılıb. Lakin 8-də gecə saatlarında gəlib, İlkin Süleymanovun əllərini qandallayaraq, götürüb aparıblar. O vaxtdan sonra da onu görməyib.

İlkin Süleymanov da bildirib ki, həmin gecədən başlayaraq, ona dözülməz işgəncələr verilib.

Hadisə baş verəndə mağazada müşahidə kamerası olmayıb. Şamil Vəliyev şöbədən buraxılandan iki gün sonra pul tapıb, mağazanın qarşısına kamera quraşdırıb. Lakin bir müddət sonra Nərmin Quliyevanın qohumları Süleymanovlar ailəsinin evinə hücum edəndə polis şöbəsindən bir neçə nəfər gəlib, kameranın yaddaşını götürüb aparıb. Onun sözlərinə görə, hücum baş verəndən az əvvəl Süleymanovların evinin yaxınlığına polis maşını gəlib dayanmışdı.

Şamil Vəliyev əlavə edib ki, bu məsələyə görə onun özünü də üç ay incidiblər.

“Sizin yanınızda əllərim qandallı vəziyyətdə məni yerə yıxdılar, səhərə qədər…”

Məhkəmədə Tovuz rayon Polis Şöbəsinin əməliyyatçıları Turqut Rəhimli, Azər Məmmədov, Post-Patrul Bölüyünün serjantı Vasif İsmayılov da dindirilib. Onlar bildirib ki, yanvarın 10-da İlkin Süleymanovu hadisə yerinə gətirəndə maşının içində onlarla söhbətində cinayəti törətməsini etiraf edib.

“İlkini Azər Məmmədovun maşınında gətirmişdilər. Mən hadisə yerinə baxışda iştirak etməmişəm, sadəcə, təhlükəsizliyi təmin etmək üçün orada idim. İlkin maşında olanda etiraf elədi ki, ölünü yandırmaq günah deyil, dirini yandırmaq günahdır. Ona görə yandırıb”, – Turqut Rəhimli bildirib.

Əməliyyat müvəkkili Azər Məmmədov deyir ki, ona maraqlı gəldiyi üçün İlkin Süleymanovdan maşında bu haqda soruşub: “Mən əməliyyat müvəkkiliyəm, maraqlı gəldi, soruşdum ki, yaxşı, öldürmüşdün, bəs niyə yandırdın? Dedi ki, ölünü yandırmaq günah deyil, dirini yandırmaq günahdır. Dedi ki, itlər axtarış zamanı gəlib tapa bilərdi deyə, öz bağımızda basdırmadım, ora atdım. Soruşdum ki, bəs onu necə evə apardın? Dedi ki, kitab vermək adıyla. Onu da bildirdi ki, öldürmək niyyətim yox idi. Bu hadisə ilə əlaqədar səs-küy qalxmışdı, ona görə buraxmadım sonradan”.

İfadəsindən belə məlum olub ki, peşəkar əməliyyat müvəkkili olduğunu iddia edən Azər Məmmədov İlkin Süleymanovdan meyiti niyə yandırdığını, onu evə necə apardığını soruşub, amma uşağı niyə oğurladığını soruşmayıb: “Səbəbini soruşmadım…”

Başqa bir polis əməkdaşı Vasif İsmayılov da avtomobilin içində o söhbəti eşitdiyini desə də, o, başqa cür ifadə verib:

“Orada yandırmasıyla bağlı dedi ki, təkbaşına quyu qaza bilməzdim, ona görə meyiti ora atdım”.

İlkin Süleymanov isə bildirib ki, hadisə yerində kamera ilə çəkiliş aparılarkən təzyiq altında uşağı kitab vermək adıyla aldatması, ölmüş insanın ağrı hiss etmədiyinə görə meyiti yandırması haqda ifadə verib.

O, məruz qaldığı işgəncələrdən də danışıb: “Yadındadır, məni sənin yanında qandallanmış vəziyyətdə üzüstə yerə yıxdılar. Əllərim qandallı, səhərə qədər dizüstə saxladılar, o vəziyyətdə yeriməyə vadar elədilər?”

İlkin Süleymanov bu sualı Turqut Rəhimliyə ünvanlayıb. O isə belə bir hadisənin baş vermədiyini deyib.

“Meyit uşağa oxşamırdı, elə vəziyyətdə idi ki, gözlə kimliyini bilmək çətin olardı”

Meyit yanarkən oradan keçən taksinin içində olmuş kənd sakini Qaratel Orucova da məhkəmədə dindirilib. O bildirib ki, yanmış meyiti yaxından görüb, onun kimliyini baxmaqla müəyyənləşdirmək çətin olardı. Qaratel Orucova meyitin ölçüsünün də böyük olduğunu, onun uşağa oxşamadığını vurğulayıb:

“Qudam xəstə idi, Tovuza getmişdim, qonşuları taksi sürücüsü idi, onu çağırdılar. Həmin taksi axşam 8 radələrində məni kəndə qaytardı. Evə getdim, yolda qızıma zəng elədim ki, çıxsın yola, məni düşürən taksi onu da evinə aparsın. Sonra evdə yoldaşım dedi ki, kənd camaatı danışır, Nərmin meyitini tapıblar”.

Hadisə vaxtı İlkin Süleymanov, əmisi oğlu Murad Süleymanov və qonşu Nazim Vəliyev meyiti söndürəndə maşının keçdiyini görüb. Murad Süleymanov onun nömrəsini götürüb və dərhal polislərə də təqdim edib. Həmin nömrə əsasında sürücünün kimliyini müəyyənləşdirib, onu gətirib Qaratel Orucova ilə üzləşdiriblər.

“Meyitin yanına aparanda gördüm ki, tanınacaq vəziyyətdə deyil. Böyük idi, uşaq meyitinə oxşamırdı. Heç bir yerindən tanımaq mümkün deyildi onun kimliyini”, – Qaratel Orucova bildirib.

O əlavə edib ki, Nərminin anası Aynurə İsmayılova uşaq itkin düşən gün evdən atası tərəfindən məcburi göndərildiyini deyib: “Onda Aynurəni yolda görmüşdüm. Aynurə deyirdi ki, Nərmin getmək istəmirdi, atası məcburi göndərdi. Deyib ki, apar bu kurtkanı əminə ver, o biri əmingildən də mənim kurtkamı gətir, səni axşam toya aparacam. Aynurə İsmayılovanın anası, uşağın ana nənəsi Minayə də kəndin içində qışqırıb deyirdi ki, uşaq ata nənəsi Leybəgilə gedib, oradan yoxa çıxıb”.

Taksi sürücüsü Eldar Bağırov da məhkəmədə dindirilib. O da Qaratel Orucova ilə eyni məzmunlu ifadə verib: “Qonşumun qudasıdır, taksi lazım idi, mənə dedilər, evlərinə apardım. Gedəndə gördüm ki, arxamızca çoxlu polis maşınıları gəlir. Keçəndə közərti gördüm, bir nəfər də maşının şəklini çəkirdi. Məni həmin gün axşam aparıb üzləşdirdilər, sözlərimiz üst-üstə düşdü, buraxdılar”.

Məhkəmədə İlkin Süleymanovun bacıları İlhamə Süleymanova və Kəmalə Məmmədova da dindirilib. Onların hər ikisi müəllimdir.

Kəmalə Məmmədova deyib ki, onu evindəki axtarış zamanı orada olan qırmızı yorğan üzlərinə görə dindiriblər:

“Evimdə üç dənə qırmızı yorğan üzü və iki dənə qırmızı yorğan ortası olub. Yorğan üzlərini anam 1999-cu ildə tikili vəziyyətdə mağazadan almışdı mənim üçün. O biri iki dənə qayınanamdan qalıb. Guya uşağın başına bağlanmış parça olub, onunla mənim evimdəki yorğan üzləri eyni cinsdən olub. Soruşdular ki, ola bilərmi o parçalardan anamgildə qalsın? Dedim ki, mümkün deyil. Çünki mağazadan hazır alınmış üzlərdir”.

“Nərminin atası içki aludəçisidir, uşaqları incidirdi”

İlhamə Süleymanova isə qardaşı tutulandan sonra polis və prokurorluq işçilərinin qanunsuz hərəkətləri haqda danışıb. O bildirib ki, yanvarın 10-da İlkini dindirmə üçün evə gətirəndə valideynlərini, onu və bacısını, qardaşını, əmisini zorla evdən çıxarıblar:

“Ayın 10-da polis rəisi və komandası bizi zorla evdən çıxardı. Gəlib dedi ki, müəllimə, ata-anan getsin, yaşlı insanlardır, İlkini gətirəcəyik, o vəziyyətdə görməsinlər. Atam çıxmaq istəmədi. Onda rəis dedi ki, məcburi çıxaracağıq. Yaxşısı budur, siz aparın, qardaşın, bacın, əmin buradadır. Mən ata-anamın qoluna girib apardım. Sonra oğlumu və bacımı da çıxarıblar. Bacıma deyiblər ki, əmin və qardaşın buradadır. Birdən qardaşıma zəng elədim ki, görüm nə xəbər var. Bəhruz qardaşım dedi ki, bizi şöbəyə apardılar ki, təcili prokurorluqdan general gəlib, sizi dindirməlidilər, bizi polis şöbəsinə apardılar. Başa düşdük ki, oyun qurublar. Tez evə qaçdım, evi az qala, 500 metrdən mühasirəyə almışdılar. Bizi evimizə buraxmadılar. Sonradan bildik ki, İlkinə deyiblər, “ailən səndən imtina edib, sənə görə evdən çıxıb gediblər”. İlkin deyirdi ki, həmin vaxt özümüzünkülərdən kimisə görüb, başıma gələnləri qışqırıb demək ümidiylə gəlmişdim. Gəlib gördüm ki, heç kim yoxdur…”

İlhamə Süleymanova onlara qarşı qanunsuzluqlardan danışmaq istəsə də, hakim davam etdirməsinə imkan verməyib. İddia edib ki, araşdırılan cinayət işinə aidiyyəti yoxdur.

İlhamə Süleymanova vurğulayıb ki, Nərminin 47 gün saxlandığı iddia olunan otaqda qalması mümkün deyildi. Onun sözlərinə görə, qışda çox soyuq olduğuna görə o evdən meyvə-tərəvəz saxlamaq üçün istifadə edirlər. Həm də orada əşyalar var. Qardaşı Adil Süleymanovgil gələndə orada qalırlar:

“Mən ora dəfələrlə girib-çıxmışam, meyvə-tərəvəz götürmüşəm. Oğlum toya gedirdi, ora qalxıb, Nərminin saxlandığı deyilən otaqda qardaşımın kostyumunu geyinib baxıb”.

İlhamə Süleymanova jaketinin üstündən Nərminin paltarına uyğun lif tapılması haqda iş materiallarında yazılanlara da münasibət bildirib. O deyib ki, həmin jaket Nərminin nənəsi Leybə Quliyevagildə olub: “Noyabrın 19-da Şərif Quliyevin qardaşı Arifin qızının toyu olmuşdu. Hava soyuq idi, orada jaketimi çıxarıb xalamqızına verdim. Bir müddət sonra xalamqızı dedi ki, jaketi Leybəgilə qoymuşam, oradan götürərsən. Onlarla da bizim aramızda üç ev var. Qonşuyuq. Yadımdan çıxmışdı, götürməmişdim. Yanvarın 7-də evimizdə pəncərənin ağzında sellofan gördüm, açıb baxanda jaket içində idi”.

İlkin Süleymanov məhkəmədə bu məsələyə münasibət bildirərkən deyib ki, o, qapılarında dayananda Şərif Quliyevin qohumu həmin jaketi ona verərək, bacısına məxsus olduğunu deyib.

Şərif Quliyevin spirtli içki aludəçisi olduğunu deyən İlhamə Süleymanovanın sözlərinə görə, o, içkiyə görə ailə üzvlərini də incidirdi:

“Bacım Kəmalıgilin balaca mağazası var. Aynurə bacıma demişdi ki, sən Allah, o kor olmuş nisyə nə istəsə – siqaret, içki verin, pulunu sonra mən ödəyəcəm. Yoxsa evdə uşaqları incidir…”

Məhkəmə prosesi aprelin 14-də davam edəcək.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Ana səhifəBölgəPolis: “İlkin etiraf elədi ki, ölünü yandırmaq günah deyil”