“Jamnews”-un materialı
“Əgər qərar qəbul etmək üçün uyğun məqamın yetişdiyini hesab etsək, bizə başqalarının bunu deməsini gözləməyəcəyik. Çünki bu, son nəticədə bizim qərarımızdır. Onun qəbul olunması zamanının nə vaxt çatdığını biz daha yaxşı bilirik”, — Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın prezidentinə cavab verərkən bildirib.
Bir neçə gün əvvəl Vladimir Putin Ermənistanın Avropa İttifaqına qoşulmaq planlarını şərh etmişdi. O, yenidən Avropa İttifaqı ilə Rusiyanın liderlik etdiyi Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim məsələsinə toxunmuşdu.
“Bu, həm əhaliyə münasibətdə, həm də əsas iqtisadi tərəfdaş kimi bizə münasibətdə daha düzgün olardı ki, mümkün qədər tez qərar verilsin. Məsələn, referendum keçirilsin. Bu, bizim işimiz deyil, amma məntiqli olardı ki, referendum keçirilsin və Ermənistan vətəndaşlarından onların seçiminin nə olduğu soruşulsun”, — deyə o bildirib.
Onun sözlərinə görə, bu halda “yumşaq, sivil və qarşılıqlı faydalı ayrılıq yolu” seçilə bilərdi.
Ermənistanın baş naziri isə “ayrılıq” ifadəsi ilə razılaşmadığını bildirib. Cavabında o deyib ki, Yerevan bu cür mübahisələrə qoşulmaq niyyətində deyil:
“Bütün məsələləri işgüzar şəraitdə, əlavə emosional gərginlik olmadan, dostluq və qarşılıqlı hörmət mühitində müzakirə edəcəyik”.
Paşinyanın cavabı: “Rusiyanın maraqlarına zərər vermək niyyətində deyilik”
Ermənistan jurnalistlərinə müsahibəsində Rusiya prezidentinin bu bəyanatını şərh edən Paşinyan isə bildirib ki, Yerevan balanslaşdırılmış siyasət yürüdür və zərurət yaranmayana qədər Avropa İttifaqı ilə Aİİ arasında seçim etməyəcək.
“Mən parlamentdə də demişəm ki, biz bəzən dövlətlərarası münasibətləri nikahla qarışdırırıq. Dövlətlərarası münasibətlərdə Ermənistan dövlətlərarası məntiqlə hərəkət edir”.
Paşinyan qeyd edib ki, Ermənistan Aİİ-nin üzvü olaraq bu birlikdə qərarların qəbulunda tam iştirak edir. Avropa İttifaqına üzvlüklə bağlı referendum məsələsinə gəlincə, onun sözlərinə görə, bu, “zərurət yarandığı zaman” keçiriləcək.
O, xüsusilə vurğulayıb ki, Ermənistan Rusiyanın maraqlarına zərər vermək niyyətində deyil:
“Biz bundan sonra da Ermənistanın dövlət maraqlarını rəhbər tutacağıq. Eyni zamanda anlayırıq ki, münasibətlərimiz transformasiya olunur və biz Rusiya ilə əlaqələrimizi dərinləşdirməyə və inkişaf etdirməyə davam edəcəyik”.
Bununla yanaşı, Nikol Paşinyanın sözlərinə görə, Ermənistan Avropa İttifaqı ilə münasibətləri də inkişaf etdirməyə davam edəcək:
“Fakt odur ki, biz Aİİ-nin üzvüyük. Eyni zamanda fakt odur ki, biz Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında qanun qəbul etmişik. Bu iki fakt faktiki olaraq yanaşı mövcuddur. Və deməli onlar yanaşı mövcud ola bilir, dünən də mövcud idilər və bu gün də mövcuddurlar”.
Paşinyan əlavə edib ki, bütün bu məsələlər Rusiya tərəfi ilə müzakirə olunacaq və onlara hər şey izah ediləcək.
Putin: “Erməni xalqı üçün faydalı olan hər şeyi dəstəkləyəcəyik”
Rusiya prezidenti Ermənistan və iki ölkə arasındakı münasibətlərlə bağlı bir sıra açıqlamalar verib:
“Ermənistanın Avropa İttifaqına qoşulmaq planlarına gəlincə, bu, əlbəttə ki, ayrıca nəzərdən keçirilməlidir. Biz bunu baş nazir Paşinyanla dəfələrlə müzakirə etmişik və burada qeyri-adi heç nə görmürük. Mən ona bir neçə dəfə demişəm və indi də açıq şəkildə təkrar edə bilərəm: erməni xalqı üçün faydalı olan hər şeyi dəstəkləyəcəyik”.
Bununla belə, Putin əlavə edib ki, “bəzi halları nəzərə almaq lazımdır”. O, bununla Ermənistanla ticarət dövriyyəsini nəzərdə tutduğunu izah edib. Onun sözlərinə görə, bu göstərici azalıb, lakin buna baxmayaraq, 2025-ci ildə 7 milyard dollar təşkil edib. Bununla o, Ermənistanın Aİİ-də qalmaqla əldə etdiyi “əhəmiyyətli üstünlüklərə” işarə etməyə çalışıb.
Daha sonra Rusiya prezidenti Ukraynanı xatırladıb. Onun sözlərinə görə, bir vaxtlar Ukrayna ilə də “azad ticarət zonası” mövcud idi və bütün problemlər Ukraynanın Avropa İttifaqına qoşulmaq cəhdindən sonra başlayıb.
Putin deyib ki, “bütün bunlar dövlət çevrilişinə, Krım hadisələrinə […] və hərbi əməliyyatlara gətirib çıxardı”. Onun fikrincə, bu, “ciddi məsələdir”. Bu baxımdan da o, Ermənistana “məsələni daha da ağırlaşdırmamağı” tövsiyə edib.