Tbilisidə qaz partlayışı nəticəsində altı nəfər ölüb, beş nəfər yaralanıb

Foto: Gürcüstan DİN

Paytaxtın Kvemo-Poniçala qəsəbəsində beşmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb. Ölənlər arasında iki uşaq var. Üç yaşlı qız uşağı isə dağıntılar altından sağ çıxarılıb.

Noyabrın 19-da Gürcüstanın paytaxtı Tbilisinin Kvemo-Poniçala qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində altı nəfər ölüb, beş nəfər yaralanıb.

Hadisə səhər saat 09:00 radələrində binanın beşinci mərtəbəsində yerləşən mənzildə baş verib. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması və qaz qızdırıcısında yaranan nasazlıq səbəb olub.

Partlayışın gücü nəticəsində binanın girişlərindən birinin konstruksiyaları, pilləkənləri, mərtəbələrarası örtükləri və fasadının bir hissəsi dağılıb. Binanın həmin hissəsində yaşayan sakinlərin bir qismi dağıntılar altında qalıb.

Gürcüstan Daxili İşlər naziri Sulxan Tamazaşvilinin hadisə yerində jurnalistlərə verdiyi məlumata görə, ilkin araşdırma zamanı partlayışın beşinci mərtəbədəki mənzildə qaz qızdırıcısının işə salınması zamanı baş verdiyi müəyyənləşdirilib.

Nazirin sözlərinə görə, mənzildə yaşayan şəxs gecə saatlarında qızdırıcını işə salmağa çalışıb, daha sonra onu söndürüb. Səhər yenidən işə salmaq istədikdə isə partlayış baş verib. Həmin şəxs də xəsarət alanlar arasındadır.

Xilasedicilər dağıntılar altından altı nəfərin cəsədini çıxarıb

Partlayışdan dərhal sonra hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər, polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

İlkin məlumatlarda dağıntılar altında yeddi nəfərin, o cümlədən üç uşağın qaldığı bildirilirdi. Daxili İşlər naziri axtarış-xilasetmə işlərinin davam etdiyini və binanın çökmə təhlükəsinin olduğunu açıqlamışdı.

Xilasedicilər əvvəlcə dağıntılar altından sağ qalan sakinləri çıxararaq xəstəxanaya çatdırıblar. Gün ərzində üç yaşlı Tayia adlı qız uşağı da dağıntılar altından sağ çıxarılıb. Uşaq təxminən doqquz saat davam edən axtarışlardan sonra tapılıb.

Tibb müəssisəsinə çatdırılan uşağın vəziyyətinin qənaətbəxş olduğu, ilkin müayinələr zamanı ciddi travma aşkar edilmədiyi bildirilib. Onun müalicəsinə psixoloqlar da cəlb olunub.

Bununla yanaşı, xilasedicilər gün ərzində dağıntılar altından altı nəfərin cəsədini çıxarıblar. Onların arasında iki azyaşlı uşaq da var.

Daxili İşlər naziri noyabrın 20-nə keçən gecə axtarış-xilasetmə əməliyyatının başa çatdığını açıqlayıb. Onun sözlərinə görə, ümumilikdə beş nəfər xəstəxanaya yerləşdirilib və onlardan yalnız birinin vəziyyəti ağırdır.

Qaz şirkəti: Mənzildə bir il ərzində qaz sərfiyyatı qeydə alınmayıb

Partlayışın baş verdiyi mənzillə bağlı Tbilisinin qaz paylayıcı şirkəti “Tbilisi Energy” də açıqlama verib.

Şirkətin Dispetçer və Operativ Reaksiya Mərkəzinin rəhbəri İrakli Dekanoidzenin sözlərinə görə, partlayışın baş verdiyi mənzil şirkətin məlumat bazasında yaşayış olmayan və bağlı mənzil kimi qeydə alınıb.

Onun sözlərinə görə, 2025-ci ilin dekabrından etibarən həmin mənzildə qaz sərfiyyatı qeydə alınmayıb. Şirkət son iki il ərzində həmin ünvandan qaz qoxusu və ya başqa problemlə bağlı hər hansı müraciət almadığını da bildirib.

“Tbilisi Energy” nümayəndəsi qeyd edib ki, şirkətin əməkdaşları mənzildə yoxlama aparmaq istəsələr də, mənzilin bağlı olması səbəbindən içəri daxil ola bilməyiblər. Məlumata görə, mənzilin sahibi Tbilisidə olmadığını və qayıtdıqdan sonra yoxlamaya şərait yaradacağını bildirib.

Şirkətin texniki direktorunun müavini Giorgi Lepsveridze isə TV Pirveli-yə açıqlamasında mənzildə qaz avadanlığının sonuncu dəfə 2026-cı ilin yanvarında yoxlanıldığını deyib. Növbəti yoxlamanın 2027-ci ilin yanvarına planlaşdırıldığı bildirilib.

Lepsveridzenin sözlərinə görə, həmin mənzilin sahibi şəhərdə olmadığı üçün şirkət əməkdaşları əvvəlcədən mənzilə daxil olaraq avadanlıqları yoxlaya bilməyiblər.

Şirkət nümayəndələri hadisə baş verən mənzildə hələlik birbaşa texniki yoxlama aparmaq imkanlarının olmadığını bildiriblər. Çünki partlayış nəticəsində mənzil və binanın bir hissəsi dağılıb.

Binanın bir hissəsi yaşayış üçün yararsız hesab edilib

Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, partlayışdan sonra binanın texniki vəziyyətinin qiymətləndirilməsi üçün Tbilisi Bələdiyyəsinin müvafiq xidmətləri və Levan Samxarauli adına Milli Məhkəmə Ekspertizası Bürosu tərəfindən yoxlama aparılıb.

Yoxlamanın nəticələrinə əsasən, binanın altı girişindən ikisi təhlükəli hesab edilib. Bunlardan biri partlayışın baş verdiyi giriş, digəri isə ona bitişik girişdir.

Kaladze bildirib ki, binanın qalan hissəsi yaşayış üçün yararlıdır və həmin hissələrdə yaşayan sakinlər evlərinə qayıda bilərlər.

Onun sözlərinə görə, binada ümumilikdə təxminən 90 ailə yaşayır. İlkin mərhələdə bütün sakinlərin müvəqqəti yerləşdirilməsi nəzərdə tutulsa da, sonradan yalnız iki girişdə yaşayan 28 ailənin köçürülməsinə qərar verilib.

Təxminən 143 nəfərin altı müxtəlif hoteldə yerləşdirilməsi planlaşdırılıb. Şəhər meriyası köçürülən ailələrə lazımi yardımların göstəriləcəyini bildirib.

Hadisə ilə bağlı cinayət işi açılıb

Gürcüstan Prokurorluğu hadisə ilə bağlı cinayət işi başladıb. İstintaq təhlükəsizlik qaydalarının pozulması ehtimalı üzrə aparılır.

Hazırda partlayışın dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün ekspertiza və digər istintaq tədbirləri davam edir.

Hadisə ilə əlaqədar Gürcüstan hökuməti noyabrın 22-ni ölkədə matəm günü elan edib. Həmin gün ölkə ərazisində dövlət bayraqları yarıya qədər endiriləcək.

Ana səhifə ▸ Xəbərlər ▸ Tbilisidə qaz partlayışı nəticəsində altı nəfər ölüb, beş nəfər yaralanıb