“Oğlum haradadır sualına belə cavab verdi: “Haradasa, dənizdə”

“Moskva” kreyserində həlak olmuş dənizçilərin tarixçəsi barədə onların ailələri danışmağa başlayıb

“Moskva” qvardiya raket kreyseri Foto: AlexeyNikitin1981/shutterstock

“Spektr”in materialı

RF Qara dəniz donanması “Moskva” kreyseri flaqmanının aprelin 13-dən 14-nə keçən gecə batmasından beş sutka keçib. Rusiya hakimiyyəti bu müddət ərzində praktiki olaraq heyətin taleyi barədə şərh verməyib. Müxtəlif qiymətləndirmələrə görə, heyət 410-680 arası adamdan ibarət ola bilərdi. Müdafiə Nazirliyi kreyserdə baş vermiş olayla bağlı ilk xəbərlərindən birində deyib ki, gəmi heyəti tamamilə təxliyə olunub. Lakin sosial şəbəkələrdə dənizçilərin qohumlarının “Moskva” heyəti üzvlərinin həlak olması haqda xəbərləri yayılmağa başlayıb. 

“Azadlıq” radiosunun (RF hakimiyyəti bu təşkilatı xarici agent funksiyalarını yerinə yetirən xarici KİV reyestrinə daxil edib) “Sxem” araşdırma layihəsinin jurnalistləri aprelin 15-də “Odnoklassniki” sosial şəbəkəsində Varvara Vaxruşeva adlı qadının postunu aşkarlayıblar. O, Rusiya hərbi-dəniz donanması zabitinin formasını geyinmiş, miçman poqonlu kişi şəkli dərc edib və yazıb ki, o, “öz vəzifəsini yerinə yetirərkən” ölüb. “Son nəfəsinədək gəmi uğrunda mübarizə aparıb. Biz hönkürür və dərd çəkirik. Sən həmişə qəlbimizdə bir qəhrəman kimi qalacaqsan”, – yazıda deyilir.     

Qadın jurnalistlərlə yazışarkən təsdiqləyib ki, əri İvan Vaxruşev “Moskva” kreyserinin batması zamanı həlak olub. O, bu barədə aprelin 14-ü komandanlıqdan öyrənib. Bununla yanaşı, Vaxruşevin ölüm səbəbi ilə bağlı heç bir açıqlama verməyiblər. Qadının məlumatına görə, heyətin 27 üzvü itkin düşüb. 

Aprelin 17-də “Agenstvo” dərci “V Kontakte” sosial şəbəkəsində Ulyana Tarasovanın postunu aşkarlayıb. Qadın yazıb ki, oğlu Mark Tarasov “Moskva” kreyserində itkin düşüb. O, jurnalistlərə deyib ki, Tarasov gəmidə təcili xidmət keçib. Oğlan 2021-ci ilin dekabr ayında əsgəri xidmətə çağırılıbmış.  

Elə həmin gün “V Kontakte” sosial şəbəkəsində Dmitri Şkrebes adlı kişi yazıb ki, oğlu Yeqor Şkrebes “Moskva” kreyserində gəmi koku vəzifəsi ilə təcili xidmət keçib. O, 2021-ci il iyulun 2-si təcili xidmətə çağırılıb. Komandirlər dənizçinin atası ilə əlaqə saxlayaraq ona xəbər veriblər ki, oğlu itkin düşmüşlər siyahısına daxil edilib.

“Hərbi əməliyyatlarda iştirak etməli olmayan təcili xidmət əsgəri itkin düşüb. Uşaqlar açıq dənizdə itkin düşüb?! Olayla bağlı bir şeylər öyrənmək cəhdlərim kreyser komandiri və onun müavininin zənglərimə cavab verməməsi ilə nəticələndi. Mən onlardan birbaşa soruşdum: niyə siz zabitlər sağsınız, oğlum, təcili xidmət əsgəri isə həlak olub?”, – dərcdə deyilir.   

Dmitri Şkrebes oxuculardan onun müraciətini yaymağı xahiş edib, “qoy əclaflar bu dəhşətli faciəni ört-basdır etməsinlər”, üstəlik “bu hekayədə ədalətin bərqərar olması üçün” əlindən gələni edəcəyini söz verib.  

Daha sonra Yeqor Şkrebesin anası İrina “The Insider” dərcinə (RF hakimiyyəti bu təşkilatı xarici agent funksiyasını yerinə yetirən xarici KİV reyestrinə daxil edib) danışıb ki, o, Qayalı buxtasındakı hospitala gedə bilib. Kreyserdə yaralananları həmin hospitala gətiriblər. Qadının sözlərinə görə, orada 200 zərərçəkən olub. Şkrebesin anasının dediyinə görə, gəmidə cəmi 500-dən çox adam olub.

“Biz hər yanmış uşağa baxdıq. Bunun necə ağır olduğunu sözlə ifadə edə bilmirəm, amma onların arasında övladımı tapa bilmədim. Orada yalnız iki yüz yaralı vardı, kreyserdə isə beş yüzdən çox adam olub. Bəs yerdə qalanlar hanı? Krasnodarı, yerdə qalanları da ayağa qaldırdıq, hər yerə zəng etdik, amma tapa bilmirik”, – İrina Şkrebes deyib.   

Valideynlər oğlanlarının adının qeyd olunduğu hissəyə gediblər, lakin onları içəri buraxmayıblar:

“Komandir çıxıb çiyinlərini çəkdi və dedi: “Sizə heç nə deyən deyiləm”. Mən deyirəm: “Oğlum haradadır?”, o isə cavab verir: “Haradasa dənizdə”. Ərim etiraz etməyə başladı: “Necə yəni dənizdə? Bəs sən harada idin?” – “Mən, ümumiyyətlə, orada olmamışam”.

Şkrebesin dediyinə görə, valideynlərin qarşısına çıxanlardan birinin adı Pavel Borisoviç Vakula (gəmi komandirinin müavini, 3-cü dərəcəli kapitan), digərinin adı Roman Dmitriyeviçdir. Onun soyadı və rütbəsi məlum deyil.   

Dmitri Şkrebes aprelin 18-də “V Kontakte”dəki səhifəsində yazıb ki, onunla Yalta, Alupka və Sankt-Peterburqdan üç ailə əlaqə saxlayıb. Onların da övladları kreyserdə təcili hərbi xidmət keçib və itkin düşmüş hesab olunur.

“Bu gün birlikdə yerli hərbi komissarlıqda ərizə yazdıq, sabah həmin ərizələr Simferopol hərbi komissarlığında olacaq. Bizə şəkilli və dua etmək xahişləri ilə sms-lər deyil, övladlarımızın harada olması barədə suallarımıza yazılı cavab lazımdır”, – o bəyan edib.

Şkrebes oğlunun həlak olması barədə postdan əvvəl öz səhifəsində Ukraynada olan Rusiya ordusunu qızğınlıqla dəstəkləyib, “sarı-mavi alçaqların” yer üzündən silinməsinə çağırıb və Rusiya vətənpərvər KİV-nin RF ordusunun qəhrəmanlıqları haqda çoxsaylı yazılarını dərc edib.    

RF Qara dəniz donanması flaqmanının heyəti arasında itkilərin olma ehtimalı barədə “Novaya qazeta. Avropa” da dərc edib. Nəşr ananın monoloqunu sitat gətirib. Qadının dediyinə görə, oğlu “Moskva” kreyserində təcili xidmət keçib.

Qadın söyləyib ki, oğlu gəmidən təxliyə olunandan sonra zəng vurub və xəbər verib ki, kreyser qurudan, Ukrayna tərəfindən üç “Neptun” raketi ilə vurulub (Ukrayna gəmiyə yalnız iki raketin düşməsi barədə xəbər verib – red.qeydi).

“Anacan, heç vaxt düşünməzdim ki, prinsip etibarı ilə dinc zamanda bu cür fəlakətlə rastlaşaram. Gördüklərim təfərrüatına belə varmaq istəmirəm. Bu, o qədər qorxuncdur ki”, – qadının oğlunun söylədiklərini təkrarlayır.

Dənizçi danışıb ki, “Neptun” zərbələri nəticəsində haradasa 40 nəfər həlak olub, bir neçə nəfər itkin düşüb və çoxlu sayda yaralı var. Yaralıların çoxunun ayaqları qopub – əvvəlcə Ukrayna raketləri, sonra isə kreyserin özündə hərbi sursatların partlaması nəticəsində. 

RF Müdafiə Nazirliyinin aprelin 14-ü verdiyi rəsmi xəbərinə görə, “Moskva” kreyseri gəminin təyinat limanına yedəklənməsi zamanı fırtına səbəbilə “hərbi sursatların yanması ilə” gövdənin zədələnməsi nəticəsində batıb. Ertəsi gün Sevastopolda “Moskva” kreyseri ilə vida mərasimi baş tutub. Jurnalistlərin qeyd etdiyinə görə, ora “gəmiyə və dənizçilərə” yazısı ilə matəm çələngi gətiriblər.  

RF Müdafiə Nazirliyi aprelin 16-sı batmış “Moskva” kreyserinin heyətinin Rusiya HDQ-nin baş komandanı admiral Nikolay Yevmenovla görüş videosunu göstərib. Videoda 100-ə yaxın dənizçi saymaq olar. Görüşdə Qara dəniz donanmasının komandanı admiral İqor Osipov yoxdur. Daha əvvəl Ukrayna kəşfiyyatı xəbər verib ki, onu kreyser batandan dərhal sonra həbs ediblər. Yevmenov öz çıxışı zamanı gəmidə təcili xidmət keçən əsgərlərin olduğu məlumatını bilavasitə təsdiqləyib.

““Moskva” kreyserinin şəxsi heyəti əsas etibarı ilə baza məntəqəsində – Sevastopol qəhrəman-şəhərində yerləşir. Zabitlər, miçmanlar, müqavilə xidmətinin şəxsi heyəti hərbi-dəniz donanmasında xidmətlərini davam edəcək. Təcili xidmətin şəxsi heyəti qanuna uyğun olaraq, may-iyul aylarında tərxis olunacaq və hərbi qeydiyyata alınacaq”, – admiral deyir.     

Kremldə “Moskva” kreyserinin batması hadisəsini görməzdən gəlməyə çalışırlar. Vladimir Putin yaxın günlərdə kreyserin batırılması ilə bağlı müşavirə keçirməyi planlaşdırmır, həmçinin Sevastopol və ya digər bölgələrə getməyə hazırlaşmır, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. “Moskva” kreyseri ilə baş verənlərin səbəbini aydınlaşdırmaq “hərbçilərin səlahiyyətidir”, –o deyib.

Ana səhifəDünya“Oğlum haradadır sualına belə cavab verdi: “Haradasa, dənizdə”