Paşinyan: “Yeni Konstitusiya qəbul olunsa, növbəti seçkilərdə namizəd olmayacağam”

Nikol Paşinyan. İllüstrasiya: Meydan TV

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirilməsini təklif edib. O, referendumun nəticəsindən asılı olaraq siyasi gələcəyi ilə bağlı qərar verəcəyini açıqlayıb.

Paşinyan hökumətin iclasında çıxışı zamanı müxalifətə müraciət edərək yeni Konstitusiya layihəsinin ümumxalq referendumuna çıxarılmasını təklif edib.

Baş nazir bildirib ki, əgər seçicilər Konstitusiya layihəsini rədd etsələr, istefa verəcək. Sənəd referendumda qəbul olunarsa, növbəti parlament seçkilərində baş nazirliyə namizədliyini irəli sürməyəcək.

“Mən müxalifətə təklif edirəm: gəlin referendum keçirək. Əgər xalq Konstitusiyanı rədd etsə, mən istefa verəcəyəm. Xalq Konstitusiyaya ‘hə’ desə, növbəti seçkilərdə baş nazir vəzifəsinə namizəd olmayacağam”, – Paşinyan deyib.

Onun sözlərinə görə, yeni Konstitusiyanın ilkin layihəsi gələn həftə ictimaiyyətə təqdim olunacaq. Paşinyan sənədin yenidən işlənməli olduğunu, lakin bunun “Real Ermənistan” ideologiyasının çərçivəsindən kənara çıxmamalı olduğunu vurğulayıb.

Ermənistanın yeni Konstitusiyası məsələsi Azərbaycanla sülh danışıqlarının da əsas mövzularından biridir. Belə ki, Ermənistanın Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyinə dair müddəa yer alır. Həmin bəyannaməyə Konstitusiyanın preambulasında istinad edilməsi Azərbaycan tərəfinin etirazına səbəb olur.

Rəsmi Bakı Ermənistanla sülh sazişinin imzalanması kontekstində Konstitusiyadakı bu istinadın aradan qaldırılmasını tələb edir.

Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Dublində keçirilən görüşdə də Ermənistanın yeni Konstitusiyası məsələsinin müzakirə olunduğunu təsdiqləyib.

Baş nazir jurnalistlərə açıqlamasında bildirib ki, tərəflər yeni Konstitusiyanın qəbulu və sülhün institusionallaşdırılması məsələlərini müzakirə ediblər.

Paşinyanın sözlərinə görə, Ermənistan bu məsələ ilə bağlı yalnız Azərbaycanla deyil, Türkiyə, İran və Gürcüstanla, eləcə də beynəlxalq ictimaiyyətlə də dialoq aparır.

O, prosesə görə siyasi məsuliyyət daşıdığını qeyd edərək, yeni Konstitusiya ilə bağlı beynəlxalq səviyyədə anlayışın formalaşdırılmasının vacibliyini vurğulayıb.

Ana səhifə ▸ Xəbərlər ▸ Paşinyan: “Yeni Konstitusiya qəbul olunsa, növbəti seçkilərdə namizəd olmayacağam”