Müşərrəf edam cəzasına məhkum edilib

Lakin onun 2007-ci ildə konstitusiyanı iflic etməsi və ölkədə fövqəladə hal qaydaları tətbiq etməsi qərarı kütləvi etirazlara səbəb olmuşdu.

Source: Foto: arxiv


Keçmiş prezident hakimin hökmünü dinləmək üçün məhkəmədə iştirak etməyib

Çevriliş ilə hakimiyyəti ələ keçirən Pakistanın keçmiş hərbi lideri Pərviz Müşərrəf dövlətə xəyanət etdiyi və ölkənin konstitusiyasını pozduğu üçün edam cəzasına məhkum edilib,- “Guardian” xəbər verir.

Eks-prezident 2007-ci ildə hakimiyyəti ələ keçirməyə çalışdığı zaman konstitusiyanı müvəqqəti dayandırması ilə bağlı ittiham edilirdi və bununla bağlı mühakimə olunurdu.

Məhkəmə prosesi İslamabadda qapalı terrorla mübarizə məhkəməsində keçirilib. Hökm dövlət məmuru Salman Nadeem tərəfindən təsdiqlənib. O bildirib: “Pərviz Müşərrəf Pakistanın konstitusiyasını pozduğuna görə 6-cı maddə ilə təqsirkar bilinib”.

Çoxsaylı əmrləri yox sayan 76 yaşlı Müşərrəf hakimin hökmünü dinləmək üçün məhkəmədə iştirak etməyib. O, 2016-cı ildə Dubayda tibbi müalicə almaq üçün ölkəni tərk edib və o vaxtdan bəri orada qalıb.

Pakistanda hər zaman ordu böyük gücə sahib olub və hazırkı Baş nazir İmran Xan ilə çox yaxın əlaqədə olub. Bu, eyni zamanda Pakistanda bir hərbi liderin konstitusiyanı pozduğuna görə ilk dəfə məhkum edilməsidir.

Müşərrəf 1999-cu ildə Navaz Şərifi devirən hərbi çevrilişə rəhbərlik edən silahlı qüvvələrin başçısı olub. Devrilmiş Baş nazir məhkəməyə verilmişdi və nəticə etibariylə ölkədən qaçmağa məcbur edilmişdi. Müşərrəf 2001-ci ildə prezident olub və yeddi il hakimiyyətdə qalıb. Onun hakimiyyəti zamanı Pakistanda təzyiqlər artıb və insan hüquqlarının pozulması halları çoxalıb. Bu müddət ərzində o, bir çox sui-qəsddən xilas ola bilib.

Lakin onun 2007-ci ildə konstitusiyanı iflic etməsi və ölkədə fövqəladə hal qaydaları tətbiq etməsi qərarı kütləvi etirazlara səbəb olmuşdu. Müşərrəf 2008-ci ildə istefa vermək məcburiyyətində qalmışdı və impiçmentə səbəb olmamaq üçün Londona öz iradəsi altında sürgünə getmişdi.

Ona qarşı yüksək xəyanətlə bağlı məhkəmə prosesləri 2014-cü ildə Şərif yenidən Baş nazir seçildikdən sonra başlayıb.

Müşərrəf məhkəmə prosesinin siyasi motivli olduğuna inanır. Keçən ay Dubayda xəstəxana otağından ona adi video yazısı yayılmışdı. Hökumət tərəfindən 2013-cü ildə irəli sürülən məhkəmə işinə ədalətli baxılmadığını dilə gətirən Müşərrəf demişdi: “Mən millətimə xidmət etmişəm və ölkəm üçün ən doğru qərarları qəbul etmişəm".

İslamabaddakı hüquq mütəxəssisləri Müşərrəfin etirazetmə hüququna sahib olduğunu bildiriblər.

Müşərrəf 11 sentyabrdan sonra ABŞ-ın başlatdığı “terrorla müharibə”də Vaşinqtonun ən böyük dəstəkçisi olub. Onun bu qərarı dini partiyalar tərəfindən tənqid edilib və bu müddət ərzində Pakistanda islamçı zorakılıq hökm sürüb.

Ana səhifəDünyaMüşərrəf edam cəzasına məhkum edilib