Blinken Əliyevlə Paşinyana zəng edib, sülh prosesini dəstəkləyib

Blinken, Əliyev və Paşinyan. Foto: arxiv

Dövlət katibi Əliyevi haqsız həbs edilənləri azad etməyə çağırıb

Aprelin 28-də ABŞ Dövlət katibi Entoni Blinkenlə Azərbaycanın Prezidenti İlham Əliyev arasında telefon danışdığı olub.

Bu barədə “president.az” məlumat yayıb.

Bildirilir ki, Blinken Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı məmnunluğunu ifadə edib və bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb:

Dövlət katibi ABŞ-nın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirib”.

Məlumata görə, Əliyev iki ölkənin delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanı ikitərəfli dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi kimi qiymətləndirib.

O, delimitasiya prosesinin ardınca sərhəddə artıq demarkasiya işlərinin başlanmasını da müsbət addım sayıb:

Həmçinin sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib. Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan olduğunu xatırladan Prezident İlham Əliyev sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini və Bakının bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib”.

Ölkə başçısı bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir”, – deyə məlumatda qeyd olunur.

Bundan əlavə, Entoni Blinken ABŞ-la Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edərək enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərini qeyd edib:

“Prezident də Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. Tərəflər COP29 çərçivəsində Azərbaycan və ABŞ nümayəndə heyətləri arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub”.

Entoni Blinken son zamanlarda Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirərək, bunun davamlı olması ilə əlaqədar arzusunu ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu və ölkəmizdə demokratik islahatların davam etdirildiyini diqqətə çatdırıb”, – deyə Bakının yaydığı rəsmi məlumatda vurğulanır.

ABŞ-ın Azərbaycandakı səfiriliyi Blinkenlə Əliyevin telefon danışığını təsdiqləyib.

Səfirlik Dövlət katibinin insan hüquqları ilə bağlı vəziyyətə də toxunduğunu, həbs edilənlərin azad edilməsinə çağırış etdiyini açıqlayıb:

“O, Azərbaycanın Qubad İbadoğlunu ev dustaqlığına buraxmasını humanitar jest kimi alqışlayıb və onun tez bir zamanda tam azad edilməsinə çağırıb. Dövlət katibi Blinken Azərbaycanı bir daha insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə əməl etməyə və Azərbaycanda haqsız yerə həbs edilənləri azad etməyə çağırıb”.

Dövlət katibi aprelin 28-də Ermənistanın Baş naziri Nikol Paşinyanla da telefonla danışıb.

Ermənistanın Baş nazirinin Aparatının yaydığı məlumatda qeyd olunur ki, onlar aprelin 5-də Brüsseldə keçirilən görüş, eləcə də Ermənistan-ABŞ münasibətləri ilə bağlı müzakirə aparıblar:

Baş nazir Paşinyan Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesini müsbət qiymətləndirib. O vurğulayıb ki, Tavuş vilayətinin Voskepar, Kirants və Berkaber kəndlərinin sakinlərinin narahatlığı başa düşüləndir və onların qanuni sərhədlərinin həlli üçün hər şey ediləcək”.

“Onlar 2022-ci il oktyabrın 6-da Praqada dördtərəfli görüş zamanı əldə olunmuş razılaşmaların Ermənistan və Azərbaycan arasında sülh prosesi kontekstində əhəmiyyətini vurğulayıblar”, – deyə məlumatda qeyd edilir.

Ana səhifəSiyasətBlinken Əliyevlə Paşinyana zəng edib, sülh prosesini dəstəkləyib