Gürcüstanda: Azərbaycanlı fəallar yeni qanun layihəsi ilə bağlı nə düşünür?

Parlament binası önündə mitinq. 9 aprel, 2024. Foto: Meydan TV

Hakimiyyət də, cəmiyyət də tələblərində israrlı görünür

Gürcüstanda hakim “Gürcü Arzusu” Partiyasının parlamentə təklif etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsindən sonra minlərlə insan hər gün Tbilisi meydanında etiraz edir. Etirazçılar bu qanunu “rus qanunu” adlandırırlar.

Qanun ilk oxunuşdan keçsə də, ictimai fəallar, növbəti oxunuşlarda hökumətin qanunu geri götürəcəyinə ümid etdiklərini, əks təqdirdə Gürcüstanın gələcəyi üçün çətin olacağını vurğulayırlar. Gürcüstanda yaşayan QHT və media sektorunda fəaliyyət göstərən etnik azərbaycanlılar da bu qanunun qəbulundan narahatdırlar.

Gürcüstan parlamenti
Gürcüstan parlamenti. Foto: arxiv

“Hakimiyyət ölkədə azad və müstəqil səsin eşidilməsini istəmir”

“Salam” platformasının nümayəndəsi Rabil İsmayılın fikrincə, hakimiyyətin məqsədi odur ki QHT-lərin fəaliyyətini dayandırsın:

Gürcüstanda siyasi partiyalardan və siyasi elitadan daha çox QHT-lər, tənqidi media dövlət maraqlarını qoruyur. Son 20 ildə yeganə sektordur ki, Gürcüstanın demokratik inkişafı ilə məşğul olur”.

Rabil İsmayıl deyir ki, seçkilərin müşahidəçiliyi və beynəlxalq missiyalarla əlaqədə olan QHT sektorudur.

Hakimiyyət isə öz siyasi reytinqindən narahatdır və 2024-ci ilin parlament seçkilərində böyük ehtimal çoxluğu əldə edə bilməyəcək, hətta qalib gəlmələri də artıq sual altındadır. Ona görə də hakimiyyət ölkədə azad və müstəqil səsin eşidilməsini istəmir”, – platforma nümayəndəsi vurğulayır.

Foto: Rabil İsmayılın sosial şəbəkə hesabından

Təsəvvür edin seçkilərdə minlərlə müstəqil müşahidəçi olur. Bu qanun qəbul olunsa, yetərli qədər baryerlər yaradacaqlar ki, müstəqil müşahidəçilər olmasın. Seçkiləri bir qırağa qoyaq ölkədə haqsızlığa qarşı səs çıxaran tapılmayacaq. Azərbaycandilli icmada işləyən təşkilatlar olaraq son illər kifayət qədər güclüyük və bir sıra proseslərə təsir edirik. Hakimiyyət isə dövləti, demokratik və qərbyönlü Gürcüstanı şimalın qapalı, qara siyasətinə aparmaq istəyir. 2012-ci ildə Rusiyada qəbul edilən qanun addım-addım sərtləşdirərək ona nail oldu ki, artıq orada nə müstəqil media var, nə QHT, nə də beynəlxalq təşkilatlar. Bu gün Gürcüstanda Rusiyadan qaçmış onlarla jurnalist, hüquqşünas, yazıçı və mədəniyyət işçisi var”, – Rabil İsmayıl deyib.

“Digər iki dinləmədə də qanunu qəbul etsələr, Prezident veto qoyacaq”

Platforma nümayəndəsi deyib ki, Gürcüstan azərbaycanlılarını təmsil edən şəxslərin parlamentdə yer tutmaqlarında ən böyük rolu QHT sektoru və beynəlxalq təşkilatlar oynayıb:

Hətta onlar siyasətdən əvvəl layihələr keçirirdilər və QHT sektorunda çalışırdılar. Lakin bu gün artıq azad deyillər. Digər iki dinləmədə də qanunu qəbul etsələr, Prezident veto qoyacaq. Bu da iki həftə hakimiyyətə  vaxt qazandıracaq ki, bir dəfə düşünsünlər və geri çəkilsinlər. Əgər Prezidentin vetosuna baxmayaraq yenə qəbul edilsə, Gürcüstan əhalisi hakimiyyəti bağışlamayacaq. Artıq dayanmadan hər gün aksiyalar keçirilir. Universitet rektorları və tələbələr, mədəniyyət işçiləri, idmançılar, məktəb şagirdləri, ümumiyyətlə vətənini sevən hər kəs etiraz edir”.

Vətəndaşlar dərk edirlər ki, bu qanun rusyönlüdür və bizi avrointeqrasiyadan uzaqlaşdıracaq. Avropa Birliyinin nümayəndələri, ABŞ, Britaniya, Almaniya, Fransa və onlarla partnyor dövlət dəfələrlə qeyd etdi ki, bu qanunla Avropaya inteqrasiya etmək mümkün olmayacaq. Ümid edirik ki, qanunu yaxın günlərdə geri çəkəcəklər. Əks halda hər kəsin gələcəyi təhlükə altındadır”, – azərbaycanlı QHT təmsilçisi bildirib.

“Əsas hədəf tənqidi yazan medialardır”

Gürcüstan vətəndaşı, araşdırmaçı jurnalist Aydan Yusif isə deyir ki, qanunun qəbul edilməsi təkcə müstəqil medianı deyil, eləcə də vətəndaş cəmiyyətini təzyiq altına salır:

“Çünki qanunun tərkibində hələlik elə bir maddənin olmamasına baxmayaraq, ümumi rəy ondan ibarətdir ki, bu medialar, yaxud təşkilatlar xarici qüvvələrə xidmət edirlər. Bu, bizə əsas verir deyək ki, qanun gələcəkdə bizim fəaliyyətimizi məhdudlaşdırmağı hədəfləyir. Ümumiyyətlə qanunda belə bir maddə var ki, hər bir təşkilat, hansının ki, gəlirlərinin 20 faizdən çoxu xarici donorlardan olacaq, onların hamısı qeydiyyatdan keçməlidir. Guya bunu şəffaflıq üçün etmək istəyirlər, əslində isə maliyyəmiz, bütün hesabatlarımız şəffafdır. Hər şey onlayn şəkildə yerləşdirilir. Hansı donordan hansı layihə üçün nə qədər maliyyə vəsaiti ayrılıb, necə xərclənib, hamısını həm öz səhifəmizdə yerləşdiririk, həm də rəsmi qurumlara göndəririk. Ona görə də burada şəffaflıqdan söhbət getmədiyi aydındır. Düşünürəm ki, burada əsas hədəf tənqidi yazan medialardır. Eləcə də qeyri-hökumət təşkilatlarına qarşıdır”.

Aydan Yusif. Mənbə: şəxsin öz arxivi

Aydan Yusif deyir ki, qanun qəbul edilərsə belə, qeydiyyatdan keçməyi düşünmürlər. Hesab edirlər ki, reyestrdə qeydiyyatdan keçmək özünü xarici qüvvələrə xidmət edən agent kimi tanımaq olar:

Ona görə biz qeydiyyatdan keçməyi düşünmürük. Reyestrdə qeydiyyatdan keçməməyin özü isə cərimə ilə cəzalandırılır. Bu cərimənin məbləği də yüksəkdir. Bu isə xüsusən medialar üçün problem yaradacaq. Çünki Gürcüstanda fəaliyyət göstərən müstəqil mediaların o qədər də böyük büdcələri yoxdur ki, daim cərimələri ödəyə bilsin. Yəqin ki, beynəlxalq donorlar da bizimlə əməkdaşlıq etməkdən çəkinəcəklər. Çünki təcrübələr bunu göstərir. Elə Azərbaycanın özündə də, digər başqa ölkələrdə də bu kimi müvafiq qanunlar qəbul olunanda beynəlxalq donorlar geri çəkildi. Həmin ölkələrdən çıxdılar”.

“Araşdırmaçı jurnalist kimi biz daim rəsmi qurumlara sorğular göndərib, açıqlama tələb edirik. Hazırda bu qurumlardan məlumat almaqda çətinliklər çəkirik. Bu çətinliklərin aradan qaldırılmasında bizə yardım göstərən hüquqi təşkilatlar var. Düşünürəm ki, bu qanun qəbul edildikdən sonra ümumi fon dəyişəcək. Biz heç bir qurumdan rahat şəkildə məlumat ala bilməyəcəyik. Açıq bazalarda məlumat məhdudlaşdırılacaq və bizə hüquqi yardım edəcək təşkilatlar da olmayacaq. Bu isə birbaşa araşdırma jurnalistikasına təsir edəcək”, – Aydan Yusif deyir.

Araşdırmaçı jurnalist deyir ki, qanunun qəbul edilməməsi üçün hazırda etirazlar davam edir və əgər nəticə verməzsə, qanun qəbul olunarsa, məcbur qalıb fəaliyyətlərində dəyişikliklər edəcəklər:

Hansı növ dəyişikliklər edə bilərik, düzü, onu hələ fikirləşməmişik. Onu dəqiq bilirik ki, heç kim reyestrdə qeydiyyatdan keçmək istəmir. Daha sonra bununla necə mübarizə apararıq, onu bilmirəm, hələ ki, bir strategiya mövcud deyil. İndi əsas hədəf, mübarizə ondan ibarətdir ki, qanun qəbul edilməsin”.

Deputat qanunu müdafiə edir

“Gürcü Arzusu” Partiyasından olan deputat Savalan Mirzoyev isə Meydan TV-yə deyib ki, sözügedən qanunun Rusiya ilə heç bir əlaqəsi yoxdur:

“Sadəcə bəzi QHT-lər bu qanunun gözdən salınması və ictimaiyyəti yalnış məlumatlandırmağın ən asan yolunu onu “rus qanunu” adlandırmaqda gördülər. “Rus qanunu” adı altında daha çox dəstəkçi cəlb etməyi düşündülər. Qanunun komitədə dinlənilməsi zamanı, bir neçə saatlıq müzakirələrdə heç bir bəndlə bağlı sübut edə bilmədilər ki, bu qanun rus qanunudur”.

“Qanunun tam qəbulu üçün komandadaxili yetərli hazırlıq var”, – deyə deputat bildirib.

“ABŞ-da media nümayəndələrinin gəlirinin 20 faizdən çoxu xaricdən gəlirsə, o zaman FARA reyestrinə daxil olurlar. Bu qanun gürcü qanunudur və bəzi maddələr elə ABŞ qanunu olan FARA-dan götürülüb”.

Foto: Savalan Mirzoyevin sosial şəbəkə hesabından

Deputat deyib ki, qanunda heç bir məhdudiyyət yoxdur:

“Harada yazılıb məhdudiyyət qoyulması? Fəaliyyətlə bağlı hər ilin yanvar ayında deklarasiya təqdim etmək məhdudiyyətdirmi? Kimsə göstərə bilərmi gürcü qanununda hansı məhdudiyyət var? Şəffaflıq hansısa təşkilatın fəaliyyətinin dayanmasımı deməkdir?
Aktiv fəal təşkilatlar öz işləri və aldıqları maliyyə haqqında məlumat verməsi onların fəaliyyətinin dayanmasımı deməkdir? Dövlət məmurları da hər il deklarasiya təqdim edirlər, aldıqları maaş və sair”.

Savalan Mirzoyev deyib ki, bu cür oxşar qanunlar Avropa ölkələrində də mövcuddur:

Şəffaflıq qanununun Avropa İttifaqından Gürcüstanı uzaqlaşdıracağı düşüncəsi məhz elə Avropa İttifaqına qarşı böyük zərbədir. Gürcüstanın yolu Avropayadır və bu dəyişməzdir. 29 aprel mitinqi “Gürcü Arzusu” Partiyasının tərəfdaşları tərəfindən çoxsaylı müraciətlər əsasında qərara alındı. 29 apreldə bir daha birlik və Gürcüstanın xarici siyasi kursuna dəstək nümayiş olunacaq. Bu, bizim dəyişməz şüarımızdır. Gürcüstan Avropaya Şərəflə!”

Qanun layihəsi hazırkı formada qalarsa…

Yeni Düşüncə İnstitutunun (NTI – New Thinking Institute) təsisçisi Kamran Əfəndiyevin fikrincə, bu qanun ildə bir dəfə QHT-lərin və medianın Ədliyyə Evinə hesabat verməsiylə bağlıdır. Deyir ki, əgər Rusiyadakı kimi sonradan dəyişikliklər olmazsa, hazırkı formasında qalarsa, heç bir problem görmür:

“Biz Vergilər Nazirliyinə ayda bir dəfə deklarasiya göndəririk. Bunu ictimaiyyət üçün paylaşmağı problem kimi görmürəm. Həmçinin hər ay donor təşkilatlara maliyyə hesabatı göndəririk. Eləcə də sosial şəbəkə hesablarımızda fəaliyyət barədə hər ay mütəmadi hesabat verilir. Düşünürəm ki, ölkədə elə ən şəffaf işləyən QHT nümayəndələridir. Qarşıdakı illərdə bu qanun repressiya halını alarsa, gənclərə agent damğası vurularsa, gələcək üçün heç də yaxşı görünmür. Əgər ildə bir dəfə maliyyə hesabatı istənəcəksə, biz Ədliyyə Evində qeydiyyatdan keçəcəyik. Çünki cəmiyyətimizin bizim icma mərkəzlərinə ehtiyacı var. Yüzlərlə, hətta minlərlə gənc bu icma mərkəzlərində özlərini inkişaf etdirib, vətəndaş cəmiyyətinə inteqrasiya olurlar”.

Kamran Əfəndiyev. Foto: K.Əfəndiyevin sosial şəbəkə hesabından

Ümid edirəm ki, bu qanun layihəsi təsdiqlənməyəcək. Hakimiyyət ikinci dəfə xalqın tələblərinə uyaraq qanun layihəsini geri götürəcək. Buna böyük ümidim var, olmasa belə, gələcəkdə dediyim mexanizm işə düşərsə, mən də daxil olmaqla, yəqin ki, çoxu fəaliyyətini dayandırmağa məcbur olacaq”, – Kamran Əfəndiyev deyib.

Onun sözlərinə görə, hazırda gənclərdə böyük təlaş var: “Əksəriyyəti universitetlərdə oxuduqları zaman, 1, 2 semestrlik Avropaya getmək istəyirlər. Mübadilə və ya təcrübə proqramlarından yararlanmaq istəyirlər. Son illərdə azərbaycanlı icmanın böyük əksəriyyəti bu imkanlardan istifadə edir. Qrantlardan maksimum yararlanıb, Avropada təhsil alır, özlərini inkişaf etdirirlər. Ona görə də gənclər hazırda narahatdırlar. Ümid edirəm ki, yaxın gələcəkdə Avropa Birliyinin tamhüquqlü vətəndaşları olarıq. Bununla da güclü vətəndaş cəmiyyətinin təməlini qoymuş olarıq. Düşünürəm ki, Gürcüstan hakimiyyəti keçən il olduğu kimi öz vətəndaşlarının istəyini nəzərə alaraq, indi də qanun layihəsini geri götürəcək”.

“Biz agent deyilik”

İctimai fəal Samirə Bayramova deyir ki, bu prosesə aktiv şəkildə qoşulublar. Müzakirələr, qiymətləndirmələr aparır, aksiyalara qoşulur, çıxışlar edirlər:

“Hakimiyyət qərarında qəti görünür. Hakimiyyət artıq bir ildir çalışır ki, Avropa yolundan dönsün. Rusiyaya meyllilik böyükdür və bunun da bir çox səbəbi var. Həmişə qiymətləndirmə var idi ki, Bidzina Rusiyanın kadrıdır və onların əli ilə Gürcüstana gəldi. Bu, artıq sübut olunmuş məsələdir. Ona görə də Gürcüstanı Rusiyaya çevirmək cəhdləri var. Qanun tamamilə məhdudiyyətlər və eyni zamanda nəzarəti nəzərdə tutur. Bu qanuna görə, istənilən təşkilat özünü xarici qüvvənin nəzarətində olan agent kimi qeydiyyata salmalıdır. Etiraf etməlidir ki, agentdir və o şəkildə fəaliyyət göstərməlidir. Təbii ki, heç kim özünə agent demək fikrində deyil. Biz QHT-lər olaraq Gürcüstanda faydalı işlər görürük və agent deyilik”.

İkinci bir məsələ, Avropa İttifaqının 12 tövsiyəsi var. Onlardan 7 və 10-cu tövsiyə məhz Gürcüstanda medianın və QHT-lərin şəffaf, azad, demokratik sistemdə çalışması, onlara qarşı olan qarayaxma kampaniyasının qarşısının alınması, fəaliyyətinə imkan yaratmasını nəzərdə tuturdu. Bu qanun isə həmin tövsiyəyə tamamilə ziddir”, – Samirə Bayramova söyləyir.

“Hökumət deyir “bu, rus qanunu deyil”. Amma bu, dünyada “rus qanunu” kimi məşhurdu. 2012-ci ilin iyul ayında Rusiyada bu qanun qəbul olundu və 2016, 2020-ci illərdə qanuna dəyişikliklər edildi. Hətta o dərəcədə dəyişikliklər oldu ki, bu qanun sıravi şəxslərə də aid oldu. Əgər hər hansı bir şəxsin xaricdə qohumu varsa və ona pul göndərilirsə, bu adam da artıq agent bazasında qeydiyyatda görünür. Gürcüstanda da eyni proses olacaq. Zaman-zaman qanunda dəyişiklik olacaq, daha da sərtləşdiriləcək. Bunun “rus qanunu” adlandırılması oradan gəlir. Rusiyada qeydiyyatdan keçməyən QHT-lər cərimələndilər və sonra həmin təşkilatlar, fondlar demək olar ki, bağlandılar. İndi çoxu xaricdən fəaliyyət göstərir. Oktyabrda Gürcüstanda həlledici seçki olacaq”, – ictimai fəalın fikirləridir.

Foto: Samirə Bayramovanın sosial şəbəkə hesabından

Onun sözlərinə görə, Gürcüstanda bir çox təşkilat var ki, seçkini müşahidə edir, qiymətləndirir. Bu qanunla həmin təşkilatlara problem yaratmaq istəyirlər:

Medianın saxtakarlıqları işıqlandırmasını istəmirlər. Hökumət hətta özünün təqdim etdiyi bu qanunla bağlı dezinformasiya yayır. Hətta o qanunda olmayan məsələlər barədə dezinformasiya paylaşırlar. Guya ki, QHT-lərin fəaliyyəti şəffaf deyil. Halbuki, QHT-lər bütün sənədləri istər donora, istər Vergilər Nazirliyinə, aidiyyatı qurumların hamısına göndərir. Hətta istənilən şəxs təşkilatın səhifəsinə girib, orada hansı donordan nə qədər maliyyə aldığını, necə xərcləndiyini, layihənin məqsədi ilə tanış ola bilər. Yəni hər hansısa başqa sənəd təqdim etməyə gərək yoxdur”.

Samirə Bayramova deyir ki, hökumət aksiyaçıların sayı barədə də yalan məlumat yayır:

“Deyir ki, aksiyada ən çox 9500 nəfər iştirak edib. Bu, tamamilə yalandı. Beynəlxalq media qurumları belə Rustaveli küçəsinin necə dolu olduğunu çəkib, göstərdilər. Hökumət az adamın gəldiyini sübut etməyə çalışır, hətta öz dəstəkçilərini aldadırlar ki, baxın görün ölkədə bu qanunu dəstəkləyənlər sadəcə bu qədərdi.

İcmanın bu prosesdə roluna gəldikdə isə təşkilatlar, hüquq müdafiəçiləri, media aktiv şəkildə çalışırlar ki, baş verənləri insanlara izah edə bilsinlər. Ancaq çox təəssüf ki, bizim cəmiyyətdə də çox problem var. İnsanlar ağla qaranı bir-birindən seçə bilmirlər. Provakasiyaların qurbanıdırlar. Uzun müddətdir ki, Rusiyanın, Türkiyənin, Azərbaycanın, İranın təsiri altındadırlar. Ona görə, Avropa İttifaqına maraqlı deyillər. Dezinformasiyalar regionlarda daha tez yayılır. İnsanları bu mövzuda başa salmaq çox çətindir. Çünki təhsil səviyyəsi olduqca aşağıdır. Bu qanun azərbaycanlı icmaya çox ciddi təsir göstərəcək. Bugünə qədər Gürcüstan azərbaycanlılarının mədəniyyətlərinin qorunması, gürcü dilini öyrənmələri, kimliklərinin qorunması, onlar üçün layihələrin həyata keçirilməsi, təhsillərinin səviyyəsinin qaldırılması, ictimai-siyasi proseslərdə aktivlikləri, xarici səfərləri -bunların hər birini bizim partnyor ölkələr həyata keçirir. Yəni Gürcüstan dövləti faktiki olaraq etnik azlıqların inkişafı üçün hər hansı bir addım atmır. Dövlət qurumlarında həlledici vəzifələrin heç olmasa birində azərbaycanlılar təmsil olunmur. Ona görə icma üçün bu qanunun qəbulu böyük problemlər yaradacaq”.

Ana səhifəSiyasətGürcüstanda: Azərbaycanlı fəallar yeni qanun layihəsi ilə bağlı nə düşünür?