Müsavat Dərvişoğlu İYİ Partiyasının yeni başqanı seçilib

Müsavat Dərvişoğlu. Foto: AA

Meral Akşener: “Mən hər dövrün əxlaqsız adamları ilə mübarizə aparmışam”

Aprelin 27-də Türkiyənin İYİ Partiyasının V qurultayı keçirilib.

31 mart Bələdiyyə seçkilərində məğlubiyyətə məruz qaldıqdan sonra Meral Akşener gözlənilən qurultayda partiya başqanlığına namizəd olmayacağını demişdi.

Dünənki tədbirdə Meral Akşener sonuncu dəfə çıxış etdiyini vurğulayaraq bildirib ki, bu gün əmanəti təhvil vermək günüdür:

“Ömrümün 30 ilini müxtəlif dövrlərdə ölkəmizin gələcəyi, dövlətimizin təhlükəsizliyi naminə siyasi arenada çalışmışıq. Bir qadın olaraq 30 ildir çətinliklərlə, böhtanlarla, təhdidlərlə üzləşmişəm. Mən hər dövrün əxlaqsız adamları ilə mübarizə aparmışam. Heç vaxt şəxsi marağım, utanacağım, vicdanımı susdura biləcək bir güc olmayıb. Mən heç vaxt yalana dözmədim, təhdidlərə qətiyyən göz yummadım və zərrəsi qədər qorxmadım. Qəbul etdiyim bütün qərarların arxasında həmişə dayanmışam və bu gün də davam edirəm”.

Gələk bu günə, 2024-cü ilə… Səlahiyyətli şuralarımızın qərarına uyğun olaraq 31 mart seçkilərinə sərbəst şəkildə daxil olduq. Həm özümün, həm də partiyamızın qəbul etdiyi bütün qərarların arxasındayam. Heç vaxt peşman olmamışam, bu gün də peşman deyiləm. Əlimdən gələn hər şeyi etdiyim üçün son dəfə qəlb rahatlığı ilə qarşınızda dayanıram. Heç bir hesabla bazarlıq etmədən millətin səsini eşitdirməyin xoşbəxtliyi ilə son dəfə buradayam”,- deyə Akşener əlavə edib.

Bundan sonra partiya başqanlığına seçkilər keçirilib. İlk iki turda əsas namizədlər olan Koray Aydın və Müsavat Dərvişoğlu üçüncü turda yarışıblar. Üçüncü turun nəticəsinə görə Müsavat Dərvişoğlu 611, Koray Aydın 548 səs toplayıb. Bununla da Müsavat Dərvişoğlu İYİ Partiyasının başqanı seçilib.

İYİ Partiyası 2017-ci ildə Meral Akşenerin rəhbərliyi ilə qurulub. Partiya Milliyyətçi Hərəkat Partiyasından (MHP) ayrılan tanınmış simalar tərəfindən yaradılıb.

Ana səhifəDünyaMüsavat Dərvişoğlu İYİ Partiyasının yeni başqanı seçilib