Meyxanaçıdan antropoloq xanıma sigə təklifi

Onun özündə də az yoxdu…

Source:

Əzizlərim, iki-gözüm, sizlərə haradan bəhs edim? Əlbəttə ki, Məmləkəti-Azərbaycandan.

Vətəndəyəm. Bakının mənin üçün qəflətən başlamış bu cırhacır istisinə rəğmən, hadisələr sanki illuziondakı kimi bir-birini əvəz edir. Oyunlar-zırıltı-rüstəm müəllim-zad bir tərəfə, Vətənə gələn kimi birinci mənbədən əşşədü-p…des bir söhbət eşitdim, “gözünün ucu ilə görüb-eşidən ibrət dərsi götürər” demək heş-zaddı.

Deməli, bir avropalı (ölkəni deməyəcəm, üz vurmayın) antropoloq xanım bizlərdən dissertasiya işi yazmaq sevdasına düşübmüş. Bacının mövzusunda folklor elementi kimi meyxana da varmış. Demək, bu xanım elmi həqiqətlər uğrunda bizim meyxanaçı qardaşlardan müsahibə almaq fikrinə də düşübmüş. Praqmatik adamlar kimi, onların demək olar, heç biri bunun nəyə gərək olduğunu anlamayıb, görüşə də gəlmək istəməyiblər. Xanım özü ayrı-ayrı onların görüşünə getməli olubmuş. Necə deyərlər: “dağ Məhəmmədin yanına getməsə, Məhəmməd dağın yanına gedər.”

Uzun sözün qısası, meyxanaçı qardaşlardan biri ilə tet-a-tet söhbət əsnasında, bir müddət sonra qardaş deyibmiş ki, daha nə söhbət-müsahibə-filan?! Mollanı çağıraq, bizi siğə etsin, işi bitirək, vəssalam! Bu xanım da antropoloq olduğu üçün, “siğə” sözün mənasını yaxşı bilirmiş, qəfil təklifdən qadın çox pərt olub. Dediyinə görə, bir az da qorxubmuş. Meyxanaçı qardaş isə etirazın nədən doğduğunu anlamayıb, hələ neçə dəfə israrda da bulunubmuş. Yəni, utanma ay xanım, özümüzük də, nə var ki, burda?! Onsuz da hamıya … …).

Antropoloq xanım bir qədər qəmgin halda gülümsəyərək, söhbətinə davam etdi: “Əlbəttə, anlayıram ki, onun gözündə mən sadəcə fahişə idim… Hər halda, təklifini də kifayət qədər nəzakətli etdi. Bir də, ən əsası, heç bir zor baş vermədi. Amma… bu mənə çox da təsəlli vermir.”

Nitqim tutulduğundan qayıdıb ona: “Doğrusu, bizə də təsəlli verən nəsə çox-çox azdır” söyləyə bilmədim. Əlbəttə ki, indi bunu oxuyanlar deyəcək: “noooooolsun?”

Canım, təbii ki, “nooolsun?”, heş-zad. Əladı, müstəsnadı, belə gözəldi, əntiqədi, pakizədi və əlbəttə ki, “özüdü günahkar”. “Yaxçu qızun meyxanaçının yanında nə işi vardı ki, ələ də olsuun?”. Evet əzizlərim, elə bəlkə də “özü düzüb-qoşub”, “yalandan degür mınnarı”? Vallah, hə. Bir də ki, biz öyrəncəliyik, 13 yaşında qızı da XXI əsrin ortasında rahat ərə verib, ittiham da edə bilərik, sonra canım sizə desin, bu yaxında Tovuzdakı olay da əsla vecimizə olmadı. Toyda bakirə çıxmayan qız? Özü idi günahkar!

Arxetipik cəmiyyətin bütün arqumentlərini əvvəldən sadalaya bilərəm əzizlərim, heç əziyyətə ehtiyac yoxdu, özünü rahat tutun. Cəmiyyətimizin də arxetipik olmağından bir təlaş hissi kemirməyin. Hər şey əladı. Analitik psixologiyanın banisi, isveçrəli psixotepapevt C.G.Jung’un arxetiplər nəzəriyyəsinə əsasən, onlar bizə üç qaynaqdan – qədim əfsanələr, yuxular və dəlilərin danışığından gələ bilər. Baxın, bizim cəmiyyət bunun tam təsdiqi deyilmi? Əfsanələri bizə hər gün Az.TV nəql edir, gözümüzlə gördüklərimizin hamısını yuxu zənn edib inana bilmirik, istənilən, bir qədər ciddi mövzuda danışmaq cəhdində bulunanlar isə mütləq dəliləri xatırlardır. Yoxsa haqlı deyiləm?

P.S. Yeri gəlmişkən, həmin bu antropoloq xanımda da az yoxdu. Tovuzda baş vermiş əhvalatı eşitcək: “Necə yəni, bakirə deyildi? Bunu kim təyin etmişdi ki? Bunun üçün ən azı ekspertiza keçirilməli idi axı”. Nə deyəsən? Rəhmətliyin nəvəsi, ağlın başına gəlməyib hələ deyəsən, get Avropanda qaxıl otur da..


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəMeyxanaçıdan antropoloq xanıma sigə təklifi