Martın 12-də evindən çıxarkən saxlanılan dini inanclı Əlikram Namazovun ailəsi onunla görüş və telefon danışığına məhdudiyyət qoyulduğunu bildirir.
Bu barədə Meydan TV-yə Namazovun anası məlumat verib. O deyir ki, oğlu martın 12-də saxlanılıb və beş gün Xırdalan Rayon Polis İdarəsində qaldıqdan sonra barəsində cinayət işi açılıb.
Anasının sözlərinə görə, Əlikram Namazov saxlanıldığı gündən ailəsi ilə normal əlaqə saxlaya bilməyib:
“Tutulandan bəri bizə zəng etməyib. Yalnız saxlanıldığı gün dövlət hesabına təyin olunmuş vəkilin iştirakı ilə atasına bir dəfə zəng edib, “ata, məni polis şöbəsində saxlayıblar”, deyib. Ondan sonra heç bir əlaqə olmayıb”.
Ailəsi deyir ki, əvvəlcə onlara işin Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitəni külli miqdarda əldəetmə, saxla və ya satma) maddəsi ilə aparıldığı deyilib. Daha sonra vəkil ittihamın 234.1-1-ci (satış məqsədi olmadan narkotik vasitələri qanunsuz şəkildə əldə etmə, saxlama, daşıma) maddə ilə olduğunu bildirib. Lakin ailə bu ittihamların saxta olduğunu, oğlunun dini inanclı məhbusların ailələrinə yardım etdiyinə görə şərlənərək həbs olduğunu deyir.
Anası qeyd edir ki, ailə üzvlərinin Əlikram Namazovla görüşməsinə imkan yaradılmır və hər dəfə görüş üçün müraciət etdikdə “görüş yoxdur” cavabı alırlar.“Mən valideynəm, valideynə necə məhdudiyyət qoyula bilər? Heç olmasa açıq görüş olsa, uşaqla danışaram, dərdini bilərəm. İndi mən bilmirəm ona nə olur, yemək yeyirmi, vəziyyəti necədir”, – deyə o bildirib.