İyunun 1-dən paytaxtda 1-ci Azərbaycan-ABŞ İqtisadi Dialoqu və 31-ci Bakı Enerji Həftəsi başlayıb. İyunun 3-nə qədər davam edəcək tədbir çərçivəsində Azərbaycan xarici şirkətlərlə 7,5 milyard dollarlıq müqavilələrin imzalanmasına dair razılaşmalar əldə olunub.
Bu barədə “AZƏRTAC” məlumat yayıb.
Müqavilələr Azərbaycan tərəfindən İqtisadiyyat Nazirliyi və SOCAR-ın iştirakı ilə ABŞ, Türkiyə, Serbiya, San Marino və Fransa da daxil olmaqla müxtəlif ölkələrin aparıcı şirkətləri arasında imzalanıb.
Bundan əlavə, Azərbaycan və ABŞ arasında 1-ci Azərbaycan-ABŞ İqtisadi Dialoqunun protokolu da imzalanıb.
ABŞ şirkətləri Azərbaycanın mineral yataqlarının hasilatında iştirak edəcək
Əldə olunan razılaşmaya əsasən, ABŞ şirkətləri Azərbaycanın mühüm minerallarının və nadir torpaq elementlərinin çıxarılması və emalı zamanı təchizat zəncirlərinin təmin edilməsi layihəsində iştirak edəcək. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov, ABŞ adından isə ABŞ Dövlət Katibinin İqtisadi, Enerji və Biznes Məsələləri üzrə köməkçisi Kaleb Orr imzalayıb.
Azərbaycan Dövlət Neft Şirkəti də xarici şirkətlərlə bir sıra memorandumlar imzalayıb.
Bunların arasında 2026-cı ilə dair TotalEnergies, XRG və BOTAŞ arasında imzalanmış müqavilə də var. Həmin razılaşmaya görə, Abşeron yatağından hasil ediləcək qazın 50 faizi (30 milyard m³) 15 il müddətinə Türkiyə bazarına satılacaq. Bu, Azərbaycan-Türkiyə enerji əməkdaşlığının ən iri uzunmüddətli qaz satış sazişlərindən biri hesab olunur.
İmzalanmış digər sənədlər “Niş” elektrik stansiyası ilə bağlı layihədır. Serbiyada qazla işləyən elektrik stansiyasının tikintisi üçün birgə müəssisə səhmdarları müqaviləsinin şərtləri, eləcə də layihənin əsas kommersiya elementlərini müəyyən edən şərtlər cədvəli SOCAR və “Elektroprivreda Srbije” (EPS) arasında imzalanıb.
Qeyd edək ki, SOCAR-ın da yatırım edəcəyi 500 MVt gücündə qaz elektrik stansiyası layihəsinin ümumi dəyəri 600 milyon avro təşkil edir.
Bundan əlavə, SOCAR ilə AASS şirkəti arasında San Marinoya qaz satışını nəzərdə tutan müqavilə imzalanıb. Müqaviləyə əsasən, qaz təchizatı 2026-cı ilin oktyabr ayından etibarən həyata keçiriləcək.
Azərbaycan Neft Şirkəti ilə ABŞ-ın “Comstock Resources” şirkəti arasında mövcud və yeni qaz yataqlarında, eləcə də bu yataqlara xidmət göstərən infrastruktur layihələrində potensial əməkdaşlıq və investisiya imkanlarının araşdırılmasına dair anlaşma əldə olunub.
Həmçinin Azərbaycan Neft Şirkəti ilə “Chevron” arasında Orta Xəzər hövzəsinin Azərbaycan sektorunun neft və qaz potensialının qiymətləndirilməsi məqsədilə birgə texniki tədqiqatların aparılması razılaşdırılıb.
Amerikanın maliyyə nəhəngləri Azərbaycan enerji layihələrinə investisiya edəcək
SOCAR və “JP Morgan” arasında strateji layihələrin maliyyələşdirilməsi üzrə memorandum imzalanıb.
ABŞ-ın “Apollo Global Management” şirkəti isə TANAP layihəsinə investisiya dəstəyi ilə bağlı SOCAR-la razılığa gəlib. Bunun müqabilində “Apollo” SOCAR Türkiyənin TANAP-dakı 7 faizlik payını əldə edəcək.
“Apollo Capital Management” ilə bağlanan müqaviləyə əsasən isə TANAP üçün əlavə 300 milyon dollar maliyyə ayrılması nəzərdə tutulur.
Bundan əlavə, SOCAR və Corc Vaşinqton Universiteti arasında “Vaşinqton Mərkəzi” platforması çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. “Haimaker.ai” şirkəti ilə isə süni intellekt bulud infrastrukturunun inkişafına dair müqavilə bağlanıb.
Eyni zamanda, SOCAR ilə “Lummus Technology” arasında strateji əməkdaşlıq sazişi imzalanıb. Saziş neft emalı və neft-kimya sektorlarında əməkdaşlıq çərçivəsinin yaradılmasını, texnoloji infrastrukturun inkişaf etdirilməsini, mühəndislik işlərinin aparılmasını və “Petkim Baş Planı” layihəsi üçün lisenziyaların alınması da daxil olmaqla potensial lisenziyalaşdırma proseslərinin idarə olunmasını əhatə edir.
İlham Əliyev: “Tramp trendi dəyişdi”
Xatırladaq ki, iyunun 1-də tədbirin açılışında çıxış edən ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr bildirib ki, Birləşmiş Ştatlar bundan sonra da təbii sərvətlərin hasil olunması və ixrac edilməsi istiqamətində Azərbaycanla əməkdaşlığı davam etdirmək arzusundadır.
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-la enerji məsələsinin yenidən normal məcraya qaytarılmasına görə Prezident Trampa təşəkkür edib:
“Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan ictimai rəylə küncə sıxışdırılırdılar.
Prezident Tramp bu trendi dəyişdi və bu, həqiqətən əla hadisə oldu, çünki hamımız bilirik ki, hətta bəzi iri neft şirkətləri dırnaqarası müasir trendə uyğun olmaq xatirinə öz adlarını dəyişirdilər. Lakin reallıq tamamilə fərqlidir. Dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı öz gələcəyimizi planlaşdırmalıyıq. Düşünürəm, irəliyə doğru aparan yol belədir!”.
İ.Əliyev nitqində onu da vurğulayıb ki, ölkələr neft və qazın mövcud olmasına görə günahlandırılmamalıdır, çünki neft və qaz digər adi əmtəə kimidir: “Hər bir ölkə torpağının təkində və ya dənizinin dibində olanı öz inkişafı üçün istifadə edir. Öz müstəqilliyinin əvvəlində Azərbaycanda məhz belə hal idi. Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu”.
“Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Qeyd etdiyim kimi, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il Azərbaycan qazını 12 ölkə alırdı. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq”, – deyə İ.Əliyev qeyd edib.
Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun Enerji, təhlükəsizlik və beynəlxalq münasibətlər üzrə şöbəsinin rəhbəri Kristina Lobilla Borrero çıxışı zamanı 2021-ci ildən etibarən Avropa İttifaqının Azərbaycandan təbii qaz idxalını 40 faizdən çox artırdığını bildirib:
“Bu ilin yanvarında Trans-Adriatik boru kəməri ilə 1,2 milyard kubmetr həcmində qaz çatdırılıb. Bu da 2026-cı ildə əlavə qaz tədarükü deməkdir.
Azərbaycanla əməkdaşlığımız bərpaolunan enerji mənbələri və interkonnektorlar sahəsində də genişlənir. Biz Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi planını diqqətlə izləyirik”.