Gürcüstanda iki ictimai şəxs xarici ölkələrin xeyrinə casusluq ittihamı ilə saxlanılıb

Qulbaat Rtsxiladze və İrakli Çixladze. Foto: OC Media

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) iki Gürcüstan vətəndaşının xarici ölkələrin xeyrinə casusluq ittihamı ilə saxlanıldığını açıqlayıb. Saxlanılanlar arasında rusiyayönümlü bir təşkilatın direktoru, eləcə də regional məsələlər və münaqişələr üzrə fəaliyyət göstərən bir təşkilatın rəhbəri də var.

OC Media yazır ki, DTX şənbə günü iki ayrı brifinqdə həbslərlə bağlı açıqlamalar verib. Qurum bildirib ki, saxlanılan şəxs “iki xarici ölkənin kəşfiyyat xidmətləri ilə əlaqəli olub” və “illər ərzində qeyri-hökumət təşkilatlarından birinin təsisçisi və rəhbəri olub”:

“O, maddi fayda əldə etmək və xarici ölkənin maraqlarını irəli çəkmək məqsədilə xarici kəşfiyyat xidmətləri üçün sistemli şəkildə kəşfiyyat xarakterli məlumatlar toplayıb və ötürüb”.

DTX daha sonra bildirib ki, saxlanılan şəxsin “xarici kəşfiyyat xidmətləri ilə yüksək səviyyədə təşkilatlanmış, konspirativ və sistemli əlaqələri” olub və məlumatların ötürülməsi “həm üzbəüz görüşlər, həm də elektron vasitələrdən istifadə etməklə” həyata keçirilib.

Daha sonra DTX şübhəlinin rusiyayönümlü Avrasiya İnstitutunun həmtəsisçisi və direktoru Qulbaat Rtsxiladze olduğunu təsdiqləyib. Onun son təşəbbüslərindən biri Gürcüstanda “rusofobiyanın monitorinqi üzrə şura”nın yaradılması olub.

Myth Detector-un məlumatına görə, Rtsxiladze Gürcüstanın NATO və Aİ-yə üzvlüyünə qarşı çıxır və bunun əvəzində Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmanı dəstəkləyir. 2022-ci ildə o, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Donbass bölgəsinə səfər edib. O, bunu “jurnalist” qismində etdiyini iddia edib.

DTX Rtsxiladzenin kimin xeyrinə casusluq etdiyini dəqiqləşdirməyib. Onun vəkili Laşa Qolubiani mediaya bildirib ki, Rtsxiladze casusluq ittihamlarını rədd edir və həbsini “rusofobiya” ilə bağlı şuranın yaradılması ilə əlaqələndirir.

İkinci saxlanılma

Rtsxiladzenin həbsini açıqladıqdan üç saat sonra DTX eyni ittihamlarla daha bir şəxsin saxlanıldığını bildirib. Saxlanılan şəxs adı açıqlanmayan xarici kəşfiyyat xidmətinə məlumat toplamaq və ötürməkdə ittiham olunur:

İstintaq müəyyən edib ki, Gürcüstan vətəndaşı öz ölkəsinin maraqlarına zidd hərəkət edərək, jurnalist, ekspert və digər peşəkar dairələrdəki şəxsi əlaqələrindən istifadə etməklə, xarici kəşfiyyat xidmətlərinin maraqlarına uyğun şəkildə sistemli olaraq kəşfiyyat xarakterli məlumatlar toplayıb və ötürüb.

DTX-nin məlumatına görə, görüşlər “şifrələnmiş” rabitə vasitələri ilə təşkil olunub və təqdim edilən məlumatlar “Gürcüstanda və daha geniş regionda, o cümlədən qonşu ölkələrdə baş verən siyasi və iqtisadi proseslər, eləcə də hüquq-mühafizə orqanları və təhlükəsizlik strukturlarındakı vəziyyət” barədə detalları əhatə edib.

Qurum həmçinin iddia edib ki, saxlanılan şəxs onlayn platforma adı altında “müxtəlif şəxslərdən ibarət kəşfiyyat şəbəkəsini” idarə edib və onlara “xarici kəşfiyyat xidmətlərindən alınan vəsaitləri” paylayıb.

Qısa müddət sonra ikinci saxlanılan şəxsin Tbilisidə qeydiyyatdan keçmiş Mülki Dinləmələr üzrə Qafqaz Mərkəzinin təsisçisi İrakli Çixladze olduğu məlum olub. Gürcüstanın Dövlət Reyestrinin məlumatına görə, 2009-cu ildə yaradılmış təşkilatın idarə heyətinə Çixladze və digər gürcü üzvlərlə yanaşı, Azərbaycan və Ermənistan vətəndaşları da daxildir.

RFE/RL-in məlumatına görə, təşkilat əsasən regional məsələlərə, o cümlədən münaqişələrə fokuslanıb. 2015-ci ildə təşkilat sərhəd xəttinə yaxın kəndlərdəki vəziyyətlə bağlı Qoridə ictimai dinləmə təşkil edib, həmin il isə gürcü, osetin və abxaz jurnalistləri Yerevanda bir araya gətirib.

Çixladzenin qardaşı, jurnalist Giqa Çixladze 2008-ci ilin avqust müharibəsi zamanı öldürülüb.

İşlə bağlı açıqlama verən Çixladzenin vəkili Giorgi Gelxauri ittihamları “absurd” adlandırıb və müvəkkilinin casusluqla heç bir əlaqəsinin olmadığını vurğulayıb. O, həmçinin bildirib ki, vəkillərdən məxfilik barədə öhdəlik imzalamaq tələb olunub, bu isə işin detallarını müzakirə etməyi çətinləşdirir.

Bununla belə, Gelxauri Çixladzenin işinin Rtsxiladzenin işi ilə əlaqəli olmadığını vurğulayıb.

Saxlanılan şəxsin qızı Ani Çixladze atasına qarşı irəli sürülən ittihamların həm ailəsi, həm də “atamı tanıyan hər kəs” üçün “ağlasığmaz” olduğunu bildirib.

“Biz hüquqi prosesə hörmət edirik, lakin şəffaflıq, real sübutlar və ədalətli müdafiə tələb edirik. Heç kim gizli ittihamlar, təzyiq və ya uydurma narrativlə məhv edilməməlidir”, – o əlavə edib.

Bundan əvvəl, aprel və may ayları ərzində DTX casusluq ittihamları ilə ən azı daha iki həbsi açıqlamışdı. Mayın 5-də qurum Giorgi Udzilaurinin saxlanıldığını bildirmişdi. O, hazırda Maliyyə Nazirliyinin keçmiş əməkdaşıdır və hakim “Gürcü Arzusu” partiyasının milyarder təsisçisi Bidzina İvanişvilinin yaratdığı Cartu Group-da işləyib. Daha əvvəl, aprelin 22-də DTX Axalqoridən (Leningor) olan bir kişinin saxlanıldığını açıqlamışdı.

Qurum hər iki halda hansı ölkənin adının hallandığını dəqiqləşdirməsə də, hökumətyönlü media sonuncu şəxsin Rusiyanın xeyrinə casusluqda, Udzilaurinin isə guya “bir Avropa dövləti”nin xeyrinə casusluqda ittiham olunduğunu yazıb.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərGürcüstanda iki ictimai şəxs xarici ölkələrin xeyrinə casusluq ittihamı ilə saxlanılıb