Hazırda Lənkəran Penitensiar Kompleksində saxlanılan “AbzasMedia işi” üzrə həbs olunmuş jurnalistlər – Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova həbsxanadan yazı göndəriblər.
AbzasMedianın dərc etdiyi yazını olduğu kimi təqdim edirik:
““Oxusaydım, indi burada olmazdım”- Lənkəran Penitensiar Kompleksində cəza çəkən qadın məhkumları bu cümlə birləşdirir. Kompleksdə saxlanılan 22 qadından 9 nəfəri tam orta təhsil, 10 nəfəri natamam təhsil alıb. Onlardan cəmi 3 nəfəri ali təhsillidir.
Kompleksdə saxlanılan 22 qadından 10 nəfəri adam öldürməkdə, 7 nəfəri isə narkotik satışında təqsirli bilinərək həbs olunub.
Söhbətləşdiyimiz qadınların əksəriyyəti cinayətə sürüklənmə səbəblərini təhsilsizlikdə görürlər. Tamamlaya bilmədikləri təhsilləri onları hər yerdə dolaşığa salır.
Elə yeməkxanada oturub xəbərlərə diqqət kəsilən Minayə (ad şərtidir) kimi.
Minayənin hekayəsi
O, baxdığı xəbərdən diqqətini qoparıb yanındakı qadınlara dönür: “Qızlar, hüquqşünas nə deməkdir?”
Tez-tez bilmədiyi sözlərin mənasını həvəslə öyrənməyə çalışan 33 yaşlı Minayə deyir ki, 4-cü sinfə qədər məktəbə davamlı gedib. Müəllimlərin pis rəftarına görə dərslərdən soyumağa başlayıb və bir müddət sonra ayağı məktəb yolundan kəsilib. Deyir ki, məktəbi tam atmağının əsas səbəbi yoxsulluq olub. O, ailəsinin dolanışığına kömək etmək üçün 6-cı sinifdən məktəbə yox, əkin sahələrinə yollanıb:
“12-13 yaşından kök, soğan, pambıq yığımına, alağa getmişəm. Atam çoban idi, başqalarının mal-qarasına baxıb aya 200 manat qazanırdı. O da dolanışığa çatmırdı. Ona görə də məktəbə yox, alağa getməli oldum. Günə 6 manat qazanırdım. Onunla da evə kartof, soğan, yağ alırdım”.
Ailəsi Minayəni 15 yaşında nişanlayıb, 17 yaşında evləndirib. Evliliyi boyunca da əkin sahələrində çalışmalı olub.
Söhbətə davam etdikcə Minayənin gözləri bir nöqtəyə dikilib qalır. İç çəkərək təhsilsizliyinin onu yuvarladığı çətinliklərdən danışır:
“Oxumamışam, indi də cəzasını çəkirəm. Tutulanda da savadsızlıq etdim, müstəntiqin verdiyi sənədləri oxumadan imzaladım. Sonradan oxuyanda gördüm olmayan şeyləri də yazıblar.
Keçən dəfə vəkilim telefonda mənə məhkəməmlə bağlı bir məsələni başa salmağa çalışırdı. 13 dəqiqə danışdıq. Axırda soruşdu ki, dediyimi başa düşdün? Utanaraq dedim, yox. Savadım yoxdur axı”.
Deyir ki, özü imkansızlıqdan təhsillə bağlı arzular qurmaqdan belə çəkinsə də, qızı üçün başqa həyat arzulayıb.
“Həmişə deyirdim, qızım oxusun, sənət sahibi olsun. Mən görməmiş həyatı yaşamışam. Gözüm həmişə nədəsə qalıb, ala bilməmişəm. İstəmirəm qızım da görməmiş həyatı yaşasın, istəyirəm o görsün”.
Danışdıqca Minayənin gözləri dolur. Özünü toparlayıb davam edir:
“Valideynlərim qızımı məktəbdən çıxarıb, oxumağa qoymur. İndi mən çöldə olub qızımın arxasında durmalı idim. Mən də həbsdəyəm deyə dilim gödəkdir, nəsə deyə bilmirəm”.
Yenə doluxsunur və sakitləşmək üçün yeməkxanadan çıxır.
Aydanın hekayəsi
“Məktəbə getmək, oxumaq istəyirdim. Atam deyəndə ki, daha nişanlısan məktəbə getməyəcəksən, gedib zirzəmidə oturdum, saatlarla ağladım” – 35 yaşlı Aydan (ad şərtidir) oxumaq həvəsinin erkən evliliklə bitməsindən kövrələrək danışır.
Valideynləri onu 9-cu sinifi tamamlamağa qoymayıblar. Halbuki Aydan məktəbdə əlaçı idi. Ədəbiyyat və rus-dili fənlərini çox sevirdi. Elə arzusu da ədəbiyyat müəlliməsi olmaq idi. Di gəl ki, valideynlərinin onunla bağlı arzuları fərqli idi.
“Direktor, müəllimlər gəlib atamla danışdı ki, məni məktəbdən çıxarmasın. Nənəm də qarşı çıxdı. Dedi, ərə vermə, mən onu saxlayaram, özüm oxudaram. Atam qoymadı. Dedi, getsin ailə qursun. “Qızın gözü açılmadan ərə getsin gərək”.
“Bir gün atam işə getdi, mən də gizlicə məktəbə yollandım. Biləndə arxamca gəlib evə qaytardı. Evə çatanda dərsə getdiyim üçün döyüldüm. Dərs kitablarımı əlimdən alıb məktəbə qaytardılar. Ondan sonra arzularım bitdi”.
Aydan məktəbdən yayındırılıb nişanlananda 16 yaşı vardı, nişanlısının isə 31.
“Dedilər, oğlan sənə elçi gəlib. Gördüm bir kişi ilə bir qadın oturub. Dedim, bəs oğlan hanı? Oradakı kişi elə oğlan imiş”.
Özündən 15 yaş böyük adamla evliliyə məcbur edilən Aydanın təhsillə bağlı arzuları oturub saatlarla ağladığı o zirzəmidə qalır.
“İllər keçdi, uşaqlarım dərsdən yayınanda yoldaşım məni göstərib deyirdi ki, onun kimi bədbəxt olmayın”.
Aydan deyir ki, savadsızlığı onu başqalarının yanında fikrini deməkdən çəkindirir. Düşünür ki, nəyisə səhv deyər, pərt olar:
“Dünən rəis müavini ilə danışdıq. O danışanda 4 dəfə yanımdakından soruşdum ki, o nə deyir? Oxumamaq, bax, belə əzab-əziyyətdir. O yaşımda evləndirməsəydilər, oxusaydım, bəlkə burada olmazdım”.
Səadətin hekayəsi
Səadət (ad şərtidir) də təhsilini tamamlaya bilməyən qadınlardandır. 10 illik məktəbi 8-ci sinfə kimi oxuyub. Deyir ki, səbəb yoxsulluq idi. O da ailəsinə kömək etmək üçün işin bir qulpundan tutmalı idi. Amma indi oxumamağın peşmanlığını çəkdiyini deyir:
“Çox olub ki, adamlar danışıblar, başa düşməmişəm, mənə gülüblər. Elə vəziyyətə düşməkdən zəhləm gedir. Qarşımdakı savadlı danışanda deyirəm, mənim dilimdə başa sal”.
Səadət latın hərflərini nə oxuya, nə də yaza bilir. Sənədləri oxuya bilmədiyindən nəyi imzaladığından daha sonra duyuq düşür:
“Məhkəmədə hakim soruşdu ki, prokurordan şikayətçisən? Dedim, yox. Kağızları göstərib dedi, axı qol çəkmisən”.
Gülnarənin hekayəsi
Orta məktəbi yarımçıq tərk edən qadınlardan biri də Gülnarədir (ad şərtidir).
O, oxumaq istəsə də, onu 7-ci sinifdən çıxarıb nişanlayıblar. Danışır ki, nə qədər nənəsi sağ olub onu məktəbə aparıb-gətirib. Nənəsi vəfat edəndən sonra onu heç kim məktəbə yollamayıb. Bir müddət sonra da nişanlayıblar.
“Oxumamaq ölüm kimi şeydir. Həyatdan xəbərin yoxdur, ruh kimi gəzirsən. Amma savadın olanda özünə inanırsan. Əgər mən oxusaydım, indi burada olmazdım. Elə vaxt olur oxumadığım üçün ağlayıram. Kimsə savadlı danışanda həsəd aparırıam. Oxumuşun yanında oxumamış danışanda bəlli olur”.
Saxlanıldığımız həbsxanada gündəlik həyatda qarşılaşdıqları sözlərin mənasını başa düşməyən də var, neçə ay sonra azadlığa çıxacağını hesablaya bilməyən də.
Söhbətləşdiyimiz qadınların əksəriyyəti fikrini ifadə etməkdə çətinlik çəkir, bəzi sualları bir neçə cəhddən sonra cavablaya bilirlər. Bunun səbəbini isə yenə natamam təhsildə görürlər.
Ruhəngizin hekayəsi
Ruhəngiz də fikrini ifadə etməkdə çətinlik çəkənlərdəndir. Onun cəmi 22 yaşı var. 9-cu sinifdə oxuyanda atası onu məktəbdən çıxarıb. Deyir, oxumaq üçün atasına çox yalvar-yaxar etsə də, faydası olmayıb.
“Atam oxumağa da, işləməyə də pis baxırdı. Deyirdi, onsuz da ərə gedəcəksən, ərin oxumağa qoymayacaq. Direktor müavini gəldi, atama dedi ki, texnikuma düşüb, qoy, ora getsin. Atam qoymadı.
Elə əvvəldən bilirdim qoymayacaq. Evdə kitab oxuyurdum, anam deyirdi, onu qoy, get qabları yu. Dərs edirdim, atam deyirdi ki, çox məşğul olma, onsuz da qoymayacağam”.
Ruhəngiz də erkən evliliyə məcbur edilib. O, evləndiriləndə 16 yaşı var idi.
“Həbs olundum, atam görüşümə gəldi. Ağladım, dedim, evlənməsəydim, oxusaydım, bunlar olmazdı. Atam da dedi, hə, kaş səni oxudardım”.
Kifayətin hekayəsi
Kifayətin də təhsilini yarımçıq qoymağına səbəb atası olub. Onu 9-cu sinifdən çıxarıb, 18 yaşına çatanda evləndirib.
“Evləndikdən sonra istədim oxuyum, yoldaşım qoymadı. İndiki ağlım olsaydı, ailə qurmaq əvəzinə oxuyardım. İndi burada olmazdım. Heç kimdən də geri qalmazdım. Ən zəhləm gedən şey geri qalmaqdır”.
Kifayət həbs olunandan sonra savadsızlığı ucbatından məhkəmədə özünü lazımınca müdafiə edə bilmədiyini düşünür:
“Hakim məhkəmədə məndən soruşdu ki, özünüzü qismən təqsirli bilirsiniz, ya tam təqsirli. Başa düşmədiyim üçün “tam təqsirli” dedim. Amma “qismən təqsirli” deməli imişəm. Savadlı olsaydım, bəlkə də cəzam ağırlaşmazdı”.
Məktəb illərinə qayıdanda köks ötürür. “Kaş ki”lərlə başlayan cümlələr qurur:
“Kaş sehirli çubuğum olardı. Məktəb illərinə geri qayıdar, oxuyardım. Kaş atama qulaq asıb məktəbdən çıxmazdım. Amma gedən qatarı bir də qaytarmaq olmur”.
Onlar üçün həyat ləng gedir. Nəyisə anlamağa daha çox vaxt və enerji sərf edirlər. Təhsil almayıblar deyə müzakirələrdə fikirlərini deməkdən çəkinirlər. Bəlkə yalnış nəsə deyərlər deyə… Və ya danışılanları düzgün başa düşməyib pərt olarlar deyə… Həmişə kənardan gələcək bir gülüş qorxusu var. Onlar üçün dinməz durmaq danışmaqdan rahatdır. Özlərinə çəkilib dünyanı anladıqları dildə başa düşməyə çalışırlar.
Sakitləşmək üçün yeməkxanadan çıxan Minayə geri qayıdarkən bu fikirləri deyir:
“Savadsız olmaq kor olmaqdır. Baxarkor deyirlər. Baxırsan, görürsən, amma korsan”.”