Türkiyədə “Kurtlar Vadisi Pusu”nun FETÖ ilə əlaqəsi araşdırılır

Kurtlar Vadisi Pusu – Foto: Serialın Facebook səhifəsi

Türkiyədə “Kurtlar Vadisi Pusu” teleserialının bu ölkədə terror təşkilatı kimi tanınan FETÖ ilə əlaqəli olduğu barədə iddialarla bağlı araşdırma başlanıb.

Araşdırma 2011-ci ildə həbsxanada ölən keçmiş Milli Kəşfiyyat Təşkilatı (MİT) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı yenidən açılan istintaq çərçivəsində aparılır.

Silivri Respublika Prokurorluğu serialda FETÖ-nün lehinə təbliğat, gizli mesajlar və təşkilati təlimatlar olduğu barədə iddiaları araşdırmaq üçün ekspert qrupu yaradıb.

Prokurorluğun məlumatına görə, istintaq materialları və daxil olan hesabatlar qiymətləndirildikdən sonra serialın bəzi səhnələri ilə bağlı ekspertiza keçirilməsinə qərar verilib. Araşdırılan məqamlar arasında “Kazım Kaşifoğlu” obrazının xain kimi təqdim olunması və sonradan öldürülməsi, bəzi səhnələrdə “FG” hərfləri olan avtomobil nömrələrindən istifadə edilməsi, eləcə də FETÖ ilə əlaqəli olduğu iddia edilən məzmunlar var.

Prokurorluq ekspertizanın məqsədinin bu iddiaları aydınlaşdırmaq olduğunu və araşdırmanın davam etdiyini bildirib.

Kozinoğlunun ölümü ilə bağlı istintaq daha əvvəl bağlanıb. Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, Kozinoğlu 2011-ci il noyabrın 12-də Silivri həbsxanasında səhhəti pisləşdikdən sonra xəstəxanaya aparılıb və oraya çatarkən ölüb.

Nazirin sözlərinə görə, həmin vaxt kamera görüntüləri və tibbi sənədlər araşdırılıb, həbsxana əməkdaşları, jandarm, tibb işçiləri, məhbuslar və Kozinoğlunun həyat yoldaşının ifadələri alınıb. 2012-ci il aprelin 10-da isə cinayət təqibinə əsas olmadığı barədə qərar qəbul edilib.

Gürlek bildirib ki, iş Həll Olunmamış Cinayətlərin İstintaqı Departamenti tərəfindən yenidən araşdırıldıqdan sonra Silivri Respublika Prokurorluğunun müraciəti əsasında 2026-cı il avqustun 26-da cinayət təqibinə xitam verilməsi barədə qərar ləğv edilib və istintaq yenidən açılıb.

Yeni istintaq çərçivəsində məxfilik qərarı verilib və hadisənin bütün tərəflərinin araşdırılması üçün xüsusi istintaq qrupu yaradılıb.

Prokurorluq həmin dövrdə həbsxanada işləyən 11 nəfəri şübhəli qismində müəyyən edib. Onlardan 10-u saxlanılıb, biri isə xaricdə olduğu üçün barəsində başqa tədbirlər görülüb. Saxlanılanlardan biri həbs edilib, doqquzu sərbəst buraxılıb. Onlardan yeddisinə məhkəmə nəzarəti tətbiq olunub.

İstintaqın davamında serialla bağlı bir müxbir, bir operator və yeddi səhiyyə işçisi də daxil olmaqla daha doqquz nəfər saxlanılıb. Məhkəmə üç nəfərin həbsinə qərar verib, digər altı nəfər barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq edib.

Bundan başqa, Kozinoğlunun ölümünün dəqiq səbəbini və hadisədə üçüncü şəxslərin iştirakının olub-olmadığını müəyyənləşdirmək üçün onun məzarı açılıb və eksqumasiya aparılıb.

İstintaq çərçivəsində “Kurtlar Vadisi” serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan da şahid qismində ifadə verməyə çağırılıblar. Onlar prokurorluğa gedərək ifadə veriblər.

Ana səhifəDünyaTürkiyədə “Kurtlar Vadisi Pusu”nun FETÖ ilə əlaqəsi araşdırılır