Belarusda 25 siyasi məhbus ABŞ-la danışıqlardan sonra azad edilib

Belarusda azadlığa buraxılanlar. Foto: x.com/johnpcoale

Belarusda ABŞ-la aparılan danışıqlardan sonra hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı 25 nəfər azadlığa buraxılıb. Azad edilənlərin hamısı Belarusdan Litvaya aparılıb.

Bu, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə ABŞ Prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul arasında Minskdə keçirilən danışıqlardan sonra baş tutub.

Koul sentyabrın 15-də Minskdə Lukaşenko ilə təxminən üç saat davam edən danışıqlar aparıb. Bundan bir gün əvvəl isə o, Vilnüsdə Litvanın xarici işlər naziri Kestutis Budrislə görüşüb. Görüş zamanı Belarusda siyasi məhbusların azad edilməsi və regiondakı təhlükəsizlik məsələləri müzakirə olunub.

Azad edilənlər arasında Belarusun vaxtilə ən böyük müstəqil xəbər portallarından biri olan TUT.BY-ın baş direktoru Lyudmila Çekina da var. Belarus hakimiyyəti 2021-ci ildə TUT.BY-ın redaksiyasına qarşı cinayət işi açmış, saytın fəaliyyəti faktiki olaraq dayandırılmışdı.

Siyahıda həmçinin Belarus dili və mədəniyyətinin təbliği ilə məşğul olan “Art Syadziba” ictimai-mədəni platformasının və Belarus milli simvollarının satışı ilə tanınan “Symbal.by” layihəsinin təsisçisi Pavel Belous, jurnalist və media meneceri Andrey Aleksandrov, politoloq Tatyana Kuzina və Belarusun müstəqil “BelaPAN” informasiya agentliyinin direktoru Dmitri Novojilov var.

Azad edilənlər arasında “Tor Band” musiqi qrupunun üzvləri Yevgeni Burlo, Dmitri Qolovaç və Andrey Yaremçik də yer alır. Qrup 2020-ci ildə Belarusda prezident seçkisindən sonra keçirilən etirazlar zamanı populyarlaşmışdı. Sonradan qrupun üzvləri həbs edilmiş, Belarus hakimiyyəti isə “Tor Band”ı “ekstremist” qurum kimi tanımışdı.

25 nəfərin tam siyahısı “Euroradio”da dərc edilib.

Danışıqlardan sonra Con Koul açıqlayıb ki, ABŞ Belarusun iki müəssisəsinə — “Lakokraska” ASC-yə və “Bellesbumprom” konserninə qarşı sanksiyaları aradan qaldıracaq. Belarus tərəfi isə 25 nəfərin azad edilməsinə razılıq verib.

Koul əldə olunan razılaşmanı “aralıq razılaşma” adlandırıb. Onun sözlərinə görə, Minsk və Vaşinqton arasında danışıqlar davam edəcək. Yeni razılaşmalar əldə ediləcəyi halda daha çox məhbusun azad edilməsi və Belarus şirkətlərinə qarşı bəzi sanksiyaların götürülməsi gündəmə gələ bilər.

Bu, son dövrdə Minsk və Vaşinqton arasında danışıqlardan sonra baş tutan ilk kütləvi azadetmə deyil.

Koulun Minskə 2026-cı il martın 19-da baş tutan səfərindən sonra 250 siyasi məhbus azad edilmişdi. Onlardan 15-i Litvaya aparılmış, digərləri isə Belarusda qalmışdı. ABŞ tərəfi daha əvvəl Belarusda yüzlərlə məhbusun azad edilməsinə vasitəçilik etdiyini bildirib.

Bununla belə, Belarusda siyasi motivli hesab edilən həbslər davam edir. “Viasna” İnsan Hüquqları Mərkəzinin məlumatına görə, martda 250 nəfərin azad edilməsindən sonra daha 224 həbsdə olan şəxs siyasi məhbus kimi tanınıb. Daha 138 nəfərə isə artıq azadlığa çıxdıqdan sonra siyasi məhbus statusu verilib. Sentyabrın 15-nə olan məlumata görə, “Viasna” Belarusda 912 nəfəri siyasi məhbus hesab edirdi.

Aleksandr Lukaşenko isə Belarusda siyasi məhbusların olduğunu qəbul etmir. O, sentyabrın 15-də Koul ilə görüşündə də bildirib ki, ölkə qanunvericiliyində “siyasi məhbus” anlayışı yoxdur.

Ana səhifəXəbərlərBelarusda 25 siyasi məhbus ABŞ-la danışıqlardan sonra azad edilib