Jurnalist Nurlan Librenin (Qəhrəmanov) məhkəmədəki ifadəsi
“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Nurlan Libre (Qəhrəmanov) Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib. Həmin ifadəni olduğu kimi oxucularımıza təqdim edirik:
“Saxlanıldığım günü çox yaxşı xatırlayıram. Həmin gün Bakıya ilk qar yağmışdı. Üzü maskalı üç polis əməkdaşı məni saxladı, zorakılıq göstərərək məndən telefonumun şifrəsini aldılar. Həmin adamlar özünə “Vaqif” deyə xitab edirdilər. Mən isə onlara “İlham” deyə müraciət edirdim. Çünki onlar Əliyev diktaturasının nökərləri idi nəinki hüquq mühafizə orqanının əməkdaşı. Mənə hansı əsaslarla saxlanıldığımı demədən, Sumqayıta – ailə evimə apardılar. Evimdə qanunsuz axtarış aparıb, mənə məxsus pul vəsaitini və telefonumu cinayəti isbat edən sübut kimi müsadirə etdilər. Marshall Major V, airpods 2 pro, powerbankım, şəxsi əşyalarım faktiki oğurlandı.
Stressdən anamın üstünə təcili yardım maşını gəldi. Qardaşımın telefonlarından hələ də xəbər yoxdur. Məhəlləmizi 40-a yaxın polis 10-dan çox maşınla mühasirəyə aldı ki, birdən hansısa jurnalist polisin bu ucuz tamaşasını sənədləşdirər. Vəkil istədim vermədilər. Murdar ayaqları ilə evimi batırdılar. Sürət adlı qonşuma mənimlə maraqlandığı üçün Sumqayıt Ş.B.P.İ-də işgəncə verdilər. Elçin adlı qonşumun evinə soxulub, kamera görüntülərini sildilər ki, mətbuata çıxmasın.
Vilayət Eyvazovun heyvərə polislərinin bu hərəkətlərinə Kamran Əliyevin ləyaqətsiz prokurorları göz yumdular. Həmin gün Ombudsman Səbinə Əliyeva hansısa toya getmişdi qol qaldırıb oynayırdı. Onsuz da Səbinənin ombudsman fəaliyyəti bundan o tərəfə keçmir. Banan Respublikasından konstitusion hüquqlarını tələb etmək bir növ sizif əməyinə bənzəsə də, Azərbaycanın boyunu beynəlxalq aləmdə yaxşı yerə soxmaq üçün məcburi keçməli oluram. Mən özümü bu ölkədə vətəndaş olaraq yox “Paşayevlərin rəiyyəti” kimi görürəm. Şaha baş qaldırdığım üçün mən və doğmalarım cəzalandırılırıq. İnsan ləyaqətinə hörmət etməyən məhkəməni saymıram.
Antik Yunanıstanda insanlar inanırdılar ki, Prometey alovu Olimp dağında tanrılardan oğurlayaraq insanlara hədiyyə edib. Beləliklə də tanrıların insanlıq üzərində nəzarəti zəifləyib. Bundan qəzəblənən Zevs isə Prometeyi Qafqaz sıra dağlarına zəncirləyərək əbədi əsarətə və işgəncəyə məhkum edib. Hekayənin bu hissəsi məktəb dərsliklərindən hər birimizə tanışdır. Antropoloqlara görə hekayədəki “alov” metaforu məlumatı simvolizə edir. Prometey bəşər tarixində ilk qəhrəmandır ki, bilgini hakim zümrənin inhisarından oğurlayaraq insanlığa təmənnasız hədiyyə edib.
Meydan TV-yə qarşı başladılmış cinayət işini post-modern Prometey hekayəsinə bənzədirəm. İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən bəri məlumatı öz inhisarında saxlamağa çalışıb. Jurnalistlər həbs edilib, öldürülüb, redaksiyalar bağlanıb, məhkəmə çəkişmələrinin predmeti olub. Əliyevin jurnalistlərdən əsas istəyi informasiyanı onun istədiyi kimi tirajlanması olub. Qılıncının altından keçməyə razı olan jurnalistlərə də yaşayış kompleksi hədiyyə edib. Mən həmin binanı memorial kompleksə bənzədirəm. Yaşayan ölülərin sərdabələridir onlar. Əliyev sosial şəbəkələrin genişlənməsi ilə klassik mənada “alovu mühafizə etməyin” mümkünsüz olduğunu dərk edəndə başladı bizləri şərləməyə. Əvvəllər “narkotik satışı” ilə məşğul olurduq indi isə “qaçaqmalçı” olmuşuq. Təsadüf deyil ki, biz də Qafqaz dağlarına “zəncirlənmişik”.
Harari deyirdi ki, ilkin icma qurucuları tayfa daxilində söz gəzdirən xəbərçilər olublar. Onlar başqaları haqqında bildikləri məlumatları bölüşürdülər. “Suka deyiləm qəlbim təmizdi” ifadəsi əslində bəşər tarixi qədər qədimdir. Elə həmin dövrdən sapiensin bilgini qoruyub-saxlamaq, yaymaq kimi ehtiyacı meydana gəlib.
Qaya divarlarına gördüklərini rəsm edən ilk insandan başlayan bu ehtiyac indi də baş verən hadisəni telefonu ilə çəkib sosial şəbəkələrə yükləyən insana qədər davam edir. Beşikdən məzaracan məlumatı əldə etməyə və yaymağa can atırıq. Jurnalistlər isə bu işi peşə halına gətiriblər. İnsanı bu təbii hüququnu istifadə etdiyinə görə mühakimə etmək absurddur.
Əliyevin inhisarından oğurladığımız alovun miqyasını dərk etmək üçün kanalın “Youtube” səhifəsində “ən çox baxılan” reportajların siyahısına göz gəzdirmək kifayətdir. Orada hakim ailənin və ona yaxın çevrənin korrupsiya cinayətlərindən, insan haqları pozuntularından, kriminallaşdırılmış müxalifətin mövqeyindən, haqqı tapdalanan insanlardan, qondarma cinayət işlərindən, dövlət nomenklaturasını yalanlayan materiallardan bəhs edən və milyonlarla insanın izlədiyi videomateriallarla qarşılaşacaqsınız. Həmin xəbərlər bizim hazırda nəyə görə ittiham olunduğumuzu daha aydın sizə izah edər.
Diqqətli oxucular Prometeyə hər gün işgəncə verən qara qarğadan nəyə görə bəhs etmədiyini məndən soruşa bilər. Həmin qarğa da bizim cənab prokurordur, oturub sinəmdə düşmək bilmir.
Əliyevin mirzələri tez-tez bu tezisi təkrarlayırlar ki, bəs “dəmir yumruq” ölkənin ərazi bütövlüyünü bərpa etdi. Artıq “Azerbaijan Failed State” yəni uğursuz dövlət deyil, bu səbəblə də regionda yeni geosiyasi “reallıq” yaratdı. Buradakı “reallıq” ifadəsi dekonstruksiyaya məruz qaldığı üçün mənim fişərhimin vacib olduğunu zənn eləyirəm. Həm də bu qədər kitab oxumuşam, özümü tribuna tapmışkən reklam eləyim, bir də allah bilir əlimə nə zaman belə bir fürsət düşəcək.
Uğursuz dövlət özlüyündə daha geniş məfhumu ehtiva edir. Xalq seçki institutuna inanmır, seçkini passiv boykot edir, ən xırda problemində belə Mehriban Əliyevaya məktub yazır, bilir ki, məmurlar onu saymır, insan haqları vəziyyətindən danışmağa dəyməz. Yerli və beynəlxalq təşkilatların bəyanat, hesabat və qətnamələrinə göz gəzdirmək kifayətdir ki, bu və ya digər şəkildə yolu zindana düşən insanlar özlərini məhkəmədə müdafiə etmək əvəzinə prokurora, hakimə, müstəntiqə rüşvət verərək canını bu cəhənnəmdən qurtarmağa çalışır. Məhkəmədən ədalət gözlənilmir. AİHM-nin Azərbaycanla bağlı çıxardığı qərarlar buna əyani sübutdur. Dövləti faktiki ayaqda saxlayan neft pulları, Avropanın qazdan yaranmış asılılığı və hüquq mühafizə orqanları üçün yaradılmış cəzasızlıq mühitidir. Entropik olaraq Əliyev rejimini ayaq üstə saxlaya bilmir, sadəcə zəncirlərimizi sıxaraq gözlənilən sonunu gecikdirir.
Gültəkin Hacıbəyli demiş “rejimin sonuna az qalıb bəy, sentyabrda hakimiyyətdəyik”. Məhkəmə yekunda bizlərə 10-15 il arası hökm oxuyacaq. Amma Əliyevin növbəti 10 ildə hakimiyyətdə qalmağının özü belə sual altındadır. Cəbhəçilər demiş “Əli bəy gələcək, zülm bitəcək!” Məhkəmədən bir xahişim var Ramin Dekoya nə hökm versəz, mənə ondan bir il artığını verin. Qıraqdan baxan birdən zənn edər ki, o, məndən yaxşı jurnalistdir. Bir də Şəmşada maksimum iş istəyin leriklilər uzunömürlü olurlar”.