Küçələrdə işləyən 370 uşaq, xaricə aparılan qadınlar…

Ümumilikdə, insan alveri üzrə cinayətlərin açılması 98 faiz, məcburi əmək cinayətlərinin açılması isə 100 faiz təşkil edib.

Foto: Milli Məclis


İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator illik məlumatları açıqlayıb

“Sosial şəbəkələrdə, ayrı-ayrı sayt, televiziya kanallarında dövlət vəsaiti hesabına çəkilən serialların böyük əksəriyyəti izləyənləri insan alverinə həvəsləndirir. Bununla biz ictimaiyyəti çaşdırırıq. Dövlət televiziyasında bu məsələ ilə bağlı təbliğat-maarifləndirmə xarakterli verilişlərə yer verməliyik”.

Milli Məclisdə “Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatı”nın müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, qlobal problem olan insan alveri qonşu dövlətlərdə və ümumilikdə dünyada narahatedici vəziyyətdədir:

“Bu gün özünü demokratik adlandıran ölkələrdə xeyli sayda insan alverinin qurbanına çevrilən şəxslər var. Daxildə də insan alveri qurbanları var. Regionlardan insanlar aldadılıb gətirilir, çoxu məcburi əməyə cəlb edilir. Bəzən həmin insanların sənədləri alınır və işlədilir”.

Siyavuş Novruzov
Siyavuş Novruzov

Deputat əlavə edib ki, Azərbaycandan Suriyaya gedənlərin də çoxu sonradan insan alverinin qurbanına çevrilib:

“Onlar da Azərbaycan vətəndaşıdır. Onların da hüquqlarını müdafiə etməli və ölkəyə qayıtmalarına çalışmalıyıq”.


Fazil Mustafa: “İnsan alveri qurbanları həyata qayıtmaqda çətinlik çəkir”

Deputat Fazil Mustafa deyib ki, insan alveri, məcburi əmək, dilənçilik kimi problemlərdə sosial reabilitasiya gücləndirilməlidir: “İnsan alveri qurbanlarını 2-3 ay sığınacaqlara yerləşdirməklə problemi həll etmiş olmuruq. Bu insanlar yenidən normal həyata qayıtmaqda çətinlik çəkir, çox vaxt da yenidən həmin işə qayıdırlar. Biz yeni fikirlər üzərində düşünməliyik. Bu insanların işə götürülməsi təşviq edilməli, yataqxanalar tikilməlidir. Təhsil sistemindən başlayaraq, maarifləndirmə işini gücləndirməyə ehtiyac var”.


“Həmin QHT-lərin fəaliyyətini sadəcə bu hesabat dinləniləndə görürük”

Deputat Z.Oruc insan alveri qurbanlarının müdafiəsi və reabilitasiyasına dair yeni qanun layihəsinin qəbul edilməsinin Azərbaycanın beynəlxalq hesabatlardakı mövqelərinə də müsbət təsir edəcəyini bildirib.

Deputat Musa Quliyev da bu sahədə qanunvericilik bazasının genişləndirilməsi üzərində işlənməlisini təklif edib:

Milli Koordinatorun səlahiyyətlərini artırmalıyıq və qurum Nazirlər Kabinetinin yanında fəaliyyət göstərsə, daha faydalı olar”.

O qeyd edib ki, Milli Koordinatorun yanındakı İşçi Qrupunda 14 dövlət qurumu və çoxlu sayda QHT iştirak edir: “Onların fəaliyyətini isə biz sadəcə bu hesabat dinləniləndə görürük”.

Musa Quliyev
Musa Quliyev

M.Quliyev əlavə edib ki, analizlərə görə insan alverinə məruz qalan qadınların böyük əksəriyyəti peşəsi olmayan, ailəsi uğursuz olan, təhsilsiz qadınlardır:

“Digər tərəfdən, alimentlərlə bağlı problemlər də bu gün aktualdır və boşanmış qadınların çoxu təyin olunan alimenti ala bilmir. Bunları da düşünməliyik və qadınların məşğulluğu ön planda olmalıdır”.


İnsan alveri qurbanları ən çox Türkiyəyə aparılır

İnsan alverinə qarşı mübarizə üzrə illik məlumatları Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edib.

Qeyd edilib ki, ötən il keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 16 cinayət işi üzrə 155 insan alveri faktı müəyyən edilib.

94 nəfər insan alveri qurbanı müəyyən edilib. Bu qurbanlardan 89-u qadın, 3-ü kişi, 2 nəfəri uşaqdır. Qurbanların 93 nəfəri Azərbaycan, bir nəfəri Rusiya vətəndaşıdır. Qurbanlardan 81-i istismar məqsədilə Türkiyə Respublikasına, 4-ü Birləşmiş Ərəb Əmirliklərinə aparılıb. 9 nəfər ölkə daxilində məcburi əməyə cəlb edilib.


İnsan alveri cinayəti törədən 20 nəfərdən 17-si qadındır

İnsan alveri və məcburi əmək cinayətlərinə görə başlanmış cinayət işləri üzrə 20 şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib. Təqsirləndirilən şəxslərdən 17 nəfəri qadın, 3 nəfəri kişidir. Məhkəmələr tərəfindən hökm çıxarılmış 15 nəfərdən 12-si azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, 2 nəfər şərti azadlıqdan məhrum edilib. 1 nəfərin isə cəzası təxirə salınıb.

milli-koordinator-parlamentde-hesabat-verecek-0-1619159839.jpg
Seyfulla Əzimov

Ümumilikdə, insan alveri üzrə cinayətlərin açılması 98 faiz, məcburi əmək cinayətlərinin açılması isə 100 faiz təşkil edib.

Onları törədən 7 nəfərdən ibarət 3 cinayətkar qrup zərərsizləşdirilib. Axtarışda olan 23 təqsirləndirilən şəxsdən 10-u tutulub, xarici dövlətlərdə gizlənən qalan 13 nəfərin aşkarlanıb ölkəyə ekstradisiya olunması istiqamətində isə hazırda lazimi tədbirlər görülür.

Ötən il ölkədə olma və yaşama qaydalarını pozan 6 377 əcnəbi müəyyənləşdirilərək inzibati məsuliyyətə cəlb edilib, 654 nəfər ölkədən deportasiya olunub.

120 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb

Uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 370 uşaq aşkarlanıb. Aparılan yoxlamalar həmin uşaqların əməyin qurbanı olmadığını, lakin, demək olar ki, hamısının Azərbaycanda uzun illər məskunlaşmış qaraçı ailələrindən olduqlarını göstərib.

Araşdırmalarla məlum olub ki, onların valideynlərinin bələdiyyə və pay torpaqlarının olmasına, dövlətdən ünvanlı sosial yardımlar almalarına baxmayaraq, müxtəlif bəhanələrlə dövlət və özəl sektorda, eləcə də kənd təsərrüfatında işləməkdən boyun qaçırır, özlərinə peşə seçdikləri və azyaşlı uşaqlarını da cəlb etdikləri dilənçiliklə məşğul olurlar.

Qeyd edilən şəxslər də daxil olmaqla övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 120 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb. Bununla yanaşı, müvafiq problemin aradan qaldırılması, uşaqlara qayğı və yardımın göstərilməsi məqsədilə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 450 material göndərilib.

Müzakirələrdən sonra sənəd səsə qoyularaq təsdiq edilib.

Ana səhifəSosialKüçələrdə işləyən 370 uşaq, xaricə aparılan qadınlar…