Gürcüstanın Konstitusiya Məhkəməsi hakim “Gürcü Arzusu” partiyasının beş müxalifət partiyasının fəaliyyətinin qadağan edilməsi tələbi ilə qaldırdığı iddiaya baxmağa başlayıb. Müxalifət məhkəmənin qərəzsizliyini şübhə altına alır, Almaniya isə bu prosesin Gürcüstanı Avropa İttifaqından daha da uzaqlaşdıracağını bildirir.
Gürcüstanın Batumi şəhərində yerləşən Konstitusiya Məhkəməsində işə yeddi hakimdən ibarət plenum baxır. Dinləmələr oktyabrın 21, 22 və 23-də keçirilir.
İddianı hakim partiyadan olan 88 deputat imzalayıb. Onlar Vahid Milli Hərəkat, Dəyişikliklər naminə Koalisiya, Güclü Gürcüstan – Lelo, Federalistlər və keçmiş baş nazir Giorgi Qaxariyanın rəhbərlik etdiyi “Gürcüstan Naminə” partiyalarının konstitusiyaya zidd elan edilməsini və fəaliyyətlərinin qadağan olunmasını istəyirlər.
İddia müəllifləri bu siyasi qüvvələri Gürcüstanın konstitusiya quruluşunu zorakılıq yolu ilə dəyişdirməyə, ölkənin müstəqilliyinə və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərməyə çalışmaqda ittiham edirlər.
Hakim partiya nümayəndələrinin fikrincə, sözügedən müxalifət qüvvələri 2016-cı ildən bəri hökumətin və “Gürcü Arzusu”nun həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə legitimliyini davamlı olaraq inkar ediblər. İddiada bu mövqe onların konstitusiyaya zidd fəaliyyətinin əsaslarından biri kimi təqdim olunur.
Müxalifət hakimlərin işdən kənarlaşdırılmasını tələb edib
Dinləmələrin ilk günündə müxalifət nümayəndələri işə baxan yeddi hakimin hamısına etiraz edərək onların prosesdən kənarlaşdırılması üçün vəsatət qaldırıblar. Konstitusiya Məhkəməsi isə tələbi rədd edib.
Vahid Milli Hərəkatın üzvü Ana Tsitlidze bildirib ki, mövcud məhkəmə tərkibi müstəqil və qərəzsiz deyil, proses isə Gürcüstan Konstitusiyasına uyğun aparılmır.
Tsitlidze həmçinin Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin və Vahid Milli Hərəkatın siyasi şurasının sədri Levan Xabeişvilinin şahid qismində məhkəməyə çağırılmasını istəyib. Hər iki siyasətçi hazırda həbsdədir.
Onun sözlərinə görə, iddiada həm Saakaşvilinin hakimiyyətdə olduğu 2003–2012-ci illər, həm də “Gürcü Arzusu”nun 2012-ci ildə hakimiyyətə gəlməsindən sonrakı dövr əhatə olunur.
“İddia 2003-cü ildən 2012-ci ilə və 2012-ci ildən bu günə qədər olan dövrü əhatə etdiyindən, bu iddianın əsas hədəfi Mixeil Saakaşvilidir”, – deyə Tsitlidze bildirib.
Müxalifətçi siyasətçi hesab edir ki, Saakaşvili və Xabeişvilinin ifadələri məhkəmə üçün mühüm əhəmiyyət daşıyır.
“Şahid kimi çağırılmasını tələb etdiyimiz ilk şəxs Mixeil Saakaşvilidir, ikincisi isə, xüsusən də 2012-ci ildən bu günə qədər olan dövrlə bağlı olaraq, Vahid Milli Hərəkatın siyasi şurasının sədri Levan Xabeişvilidir. O, ardıcıl iki müddət siyasi şuranın sədri vəzifəsində çalışıb”, – deyə Tsitlidze bildirib.
Onun sözlərinə görə, Saakaşvilinin 2003-cü ildə baş vermiş Qızılgül İnqilabından 2012-ci ilə qədərki siyasi fəaliyyəti, eləcə də Xabeişvilinin sonrakı dövrdə tutduğu mövqe barədə Gürcüstan vətəndaşlarının birbaşa onların özlərindən məlumat alması vacibdir.
Baş nazir müxalifəti “xarici agent” adlandırıb
Gürcüstanın baş naziri İrakli Kobaxidze məhkəmə prosesini dəstəkləyərək ölkənin “sağlam müxalifətə” ehtiyacı olduğunu bildirib.
Kobaxidzenin sözlərinə görə, qadağan edilməsi tələb olunan partiyalar özlərini nüfuzdan salıblar və əslində, “xarici agentlərdir”.
Baş nazir iddia edib ki, həmin siyasi qüvvələrin cəmiyyətdə dəstəyi yoxdur. O, Gürcüstanın siyasi sisteminin və demokratik mühitinin yaxşılaşdırılması üçün addımlar atılmalı olduğunu deyib və Konstitusiya Məhkəməsində başlayan prosesi bu istiqamətdə mühüm addım kimi qiymətləndirib.
Kobaxidze əlavə edib ki, tezliklə “cəmiyyətə aydın olacaq ki, bu siyasi partiyalar qadağan edilməlidir”.
Salome Zurabişvili: Gürcüstan üçün utancverici gündür
Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili müxalifət partiyalarının qadağan edilməsi ilə bağlı məhkəmə dinləmələrinin başlanmasını ölkə üçün “utancverici gün” adlandırıb.
Onun fikrincə, müxalifət qüvvələrinin bu şəkildə siyasi fəaliyyətdən kənarlaşdırılmasına cəhd görünməmiş hadisədir.
Zurabişvili hakim partiyanın dövlət institutları üzərində nəzarətini də tənqid edib.
“Əgər kimsə tamamilə ‘Gürcü Arzusu’nun nəzarəti altında olmayan bir müstəqil qurumun adını çəkə bilirsə, mən onlara xüsusi mükafat verəcəyəm”, – deyə o bildirib.
Keçmiş prezident Giorgi Qaxariyanın “Gürcüstan Naminə” partiyasının məhkəmədəki mövqeyini də tənqid edib.
Belə ki, Qaxariyanın partiyasının nümayəndələri özlərinə aid hissənin digər müxalifət partiyalarının işindən ayrılaraq ayrıca araşdırılmasını istəyiblər. Məhkəmə bu vəsatəti rədd edib.
Eyni zamanda, dinləmələr davam edərkən “Gürcüstan Naminə” partiyasının üzvləri sosial şəbəkələrdə digər müxalifət qüvvələrini tənqid edən paylaşımlar ediblər.
Almaniya Gürcüstanın Avropa İttifaqından uzaqlaşdığı barədə xəbərdarlıq edib
Almaniya Xarici İşlər Nazirliyi müxalifət partiyalarının qadağan edilməsi təşəbbüsünü narahatedici adlandırıb. Nazirlik Berlinin bu məsələ ilə bağlı mövqeyini Gürcüstan hakimiyyətinə çatdıracağını bildirib.
DW-nin Gürcüstan xidmətinin məlumatına görə, oktyabrın 21-də Berlində keçirilən mətbuat konfransında Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Ketrin Deşauer ölkədəki siyasi prosesləri uzun müddətdir narahatlıqla izlədiklərini deyib.
“Biz bir müddətdir ki, Gürcüstandakı hadisələri dərin narahatlıqla izləyirik. Konstitusiya Məhkəməsində baxılan iddia bu tendensiyanın son addımıdır və bu, ölkəni Avropa İttifaqından daha da uzaqlaşdırır, daxili demokratiyanı zəiflədir”, – deyə Deşauer bildirib.
O, məhkəmə sisteminin siyasi məqsədlər üçün istifadə olunmasının ciddi suallar doğurduğunu vurğulayıb.
“Bu, bizim qiymətləndirməmizdir. Onu da qeyd etmək lazımdır ki, Avropa Komissiyası və Avropa Şurasının Baş katibi tərəfindən açıq şəkildə bildirildiyi kimi, məhkəmə sistemindən siyasi məqsədlər üçün geniş istifadə edilməsi ciddi suallar doğurur”, – deyə Almaniya XİN-in sözçüsü əlavə edib.
Gürcüstan 2023-cü ilin dekabrında Avropa İttifaqına üzvlüyə namizəd statusu alıb. Lakin sonrakı dövrdə hakim “Gürcü Arzusu” partiyasının qərarları, o cümlədən vətəndaş cəmiyyətinə və müxalifətə yönəlmiş məhdudiyyətlər ölkənin Avropaya inteqrasiyası ilə bağlı ciddi fikir ayrılıqlarına səbəb olub.