Freedom House: “Dünyada internet azadlığı ardıcıl 16 ildir ki, geriləyir”

Foto: Nerza\shutterstock

“Freedom House” insan hüquqları təşkilatının oktyabrın 22-də açıqladığı “İnternetdə azadlıq 2026: Qlobal internetdə köklü dəyişikliklər” hesabatında bildirilir ki, dünyada internet azadlığı ardıcıl 16 ildir ki, geriləyir. 

Sənəddə 2025-ci il iyunun 1-dən 2026-cı il mayın 31-dək olan dövr araşdırılıb. 

Bu müddətdə qiymətləndirilən 38 ölkədən 16-da internet azadlığının vəziyyəti pisləşib, 8-də isə yaxşılaşma qeydə alınıb. 

Hesabatda ifadə azadlığı və informasiya əldə etmək imkanları qarşısında yaradılan yeni əngəllər sadalanır. Bunların sırasına avtoritar rejimlərin xalqı qlobal şəbəkədən qoparmaq cəhdləri, internetə giriş zamanı yaş məhdudiyyəti yoxlamalarının tətbiqi və süni intellekt məhsullarını nizamlayan qanunlardan bir təzyiq rıçaqı kimi istifadə edilməsi daxildir.

Hesabata görə, internet azadlığı ən çox İranda geriləyib. Çin və Myanmar da internet azadlığının ciddi şəkildə məhdudlaşdırıldığı ölkələr sırasındadır.

“Freedom House”un bildirdiyinə görə, avtoritar hakimiyyətlər əhalinin qlobal internetə çıxışını məhdudlaşdırmaq cəhdlərini artırıblar. Qeyd olunur ki, İranda internetə çıxış təxminən 88 gün tamamilə kəsilib. Təşkilat bunu “İnternetdə azadlıq” hesabatlarında qeydə alınan ən uzunmüddətli internet kəsintisi kimi qiymətləndirir.

Azərbaycan “Freedom House”un 2026-cı il hesabatında internet azadlığı üzrə ayrıca qiymətləndirilən 38 ölkə arasında yer almayıb. Bununla belə, sənəddə ölkənin adı 2020-ci ildə tətbiq olunan internet məhdudiyyəti ilə bağlı çəkilir.Hesabatda verilən məlumata görə, Azərbaycanda internetə çıxış 2020-ci ilin sentyabrında məhdudlaşdırılıb və bu məhdudiyyət 47 gün davam edib. Həmin dövr Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə vaxtına təsadüf edir. Azərbaycan tərəfi o vaxt internetə çıxışın məhdudlaşdırılmasını hərbi təhlükəsizlik və məxfi məlumatların qorunması zərurəti ilə əsaslandırmışdı.

Qonşu Gürcüstanda da internet azadlığının vəziyyəti pisləşib. “Freedom House” ölkənin statusunu “Azad” kateqoriyasından “Qismən azad” kateqoriyasına endirib. Təşkilatın bildirdiyinə görə, hakimiyyət “Gürcü Arzusu” partiyasını tənqid edən onlayn fəaliyyətləri və səsləri məhdudlaşdırmağa davam edir.

 “Freedom House”un 2024-cü il hesabatında Azərbaycan 100 baldan 34 bal toplayaraq internet azadlığı baxımından “azad olmayan” ölkələr sırasında yer almışdı.

Ana səhifə ▸ Siyasət ▸ Freedom House: “Dünyada internet azadlığı ardıcıl 16 ildir ki, geriləyir”