Keçmişdə səhvlər axtarmaqdansa, gələcəyə hədəflənmək lazımdır

Lap deyək ki, Elçibəy zəif prezident idi…

Source:

Son günlər Meydan.tv-də və sosial şəbəkələrdə Əbülfəz Elçibəylə bağlı gedən müzakirə və mübahisələri izləyirəm. Düzünü deyim ki, müzakirələr yaxşı istiqamətə getmir. Bəzən ağrılı və həssas məqamlar haqqında proseslərdən xəbərsiz olan şəxslər qəti hökmlər verirlər. Tarixin öz qanunauyğunluqları var. Keçmiş ona sahib çıxanların, gələcək onu yaradanlarındır. Bir qayda olaraq, bu gününü tapa bilməyən toplumlar öz qəhrəmanlarını da, baiskarlarını da keçmişdə axtarırlar. Buna tarix xəstəliyi deyirlər.

Əliyevlərin ikinci hakimiyyətinin uzun olması, görünür, hamının dözüm limitini tükəndirib və bu xəstəliyə xroniki məzmun verib. Bəri başdan deyim ki, Əbülfəz bəy haqqında yazılanların mənim Elçibəy haqqında fikir və düşüncələrimə heç bir təsiri yoxdur. Çünki mən Əbülfəz bəyi diskussiyada iştirak edənlərin demək olar  ki, hamısından yaxşı tanıyıram və bu tanışlığın 30 illik tarixi olub. Amma məni tariximizin çox həssas məqamları haqqında aparılan diskussiyaların tonu narahat edir.

Tərəflər bəzən müzakirə mədəniyyətini unudur, Əbülfəz bəy və bir-birləri haqqında təhqiramiz ifadələr işlətməkdən çəkinmirlər. Bu müzakirələrdə tərəflər va rvə ataların (habelə, valideynlərin) müzakirələrə əlavə edilməsi yolverilməzdir. Söhbət mənim yaxşı tanıdığım Yalçın Nəsirovdan gedir. Onun Elçibəy haqqında iki il əvvəl yazdığı və bu yaxınlarda yenidən dərc edilmiş məqaləsinin bəzi məqamları ilə razı deyiləm. Bir az sonra həmin məqamlara qayıdacağam.

Yalçın Nəsirovu savadlı, intellektli, mədəniyyətli, dünyagörüşlü və demokratiyaya meylli bir adam kimi tanıyıram. Bununla belə, onun yazısında mübahisəli məqamlar var və həmin məqamlara əsaslandırılmış cavab vermək əvəzinə, “onun atası KGB-də işləyib, nə bilim, Polyaniçkonun köməkçisi olub, kommunist rejiminə xidmət edib, özü KGB-nin rizası ilə komsomol katibi olub” və sair ifadələri yersiz hesab edirəm. Bunlar dəlil deyil və belə ittihamların məsələyə çox az aidiyyəti var. Heç kimə qadağan etmək olmaz ki, sənin atan KGB və ya Kommunist Partiyasının rəhbər heyətində işlədiyi üçün danışa bilməzsən, fikir söyləyə, söz deyə bilməzsən.

Hətta, ən ağır böhranlı məqamlarda belə müzakirə mədəniyyətini qoruyub saxlamaq, onu əsəb hüdudlarının içərisində saxlamaq vacibdir. Bizim tanıdığımız namuslu adamların xeyli hissəsi komsomolda da işləyib, komsomol mükafatı da alıblar, bu gün bunu nöqsan kimi qeyd edən istedadlı gənclərin çoxu Sovet hökuməti dağılmasaydı, yəqin indi də orada işləyəcək və həmin mükafatları da alacaqdılar. Hər bir məsələyə zaman şərtləri daxilində yanaşmaq lazımdır. Bu, tarixin çox mühüm şərtidir. Yəni, Əbülfəz bəyi bu üsullarla müdafiə edənlərə demək istəyirəm ki, Elçibəyin azadlıq idealları iki mərhələdən ibarət idi.

Onun birinci mərhələsi müstəmləkə asılılığından azad olmağa hədəflənmişdisə, ikinci mərhələsi fikir və düşüncə azadlığı, demokratik cəmiyyət qurulması, fərdin və millətin hürriyyətini özündə ehtiva edirdi. O, özü ruhən azad olduğu üçün azadlıq anlayışına bağlı olan hər şeyə hörmətlə yanaşırdı, o cümlədən, düşüncə azadlığına. Yalçın bəy öz yazısına Oljas Süleymenovla bağlı bir epizodla başlayır. Ötən əsrin 70-ci illərində o, Sovet İttifaqında, Qazaxıstandan da bəlkə çox  Azərbaycanda ən məşhur adamlardan biri idi. Tənqidçi Lyubov Şaşkova yazır ki, “Az i Ya” kitabının qiyməti rəsmən 74 qəpik idi, lakin kitab qadağan edildikdən sonra Bakıda onu “Moskviç” markalı maşınla dəyişirdilər. Əminliklə deyim ki, bu müamiləni formalaşdıran amillərdən ən mühümü Əbülfəz bəy və ona yaxın olan ziyalıların yaratdığı mühit idi. Ötən əsrin 60-70-ci illərində Əbülfəz bəy ölkədə fərqli düşüncənin bünövrəsini qoyan şəxslərdən biri idi və onun SSRİ dağılana qədər olan fəaliyyəti bir şəxsin tarixdə qalması üçün yetərli idi.

Nəzərə almaq lazımdır ki, Əbülfəz bəy Azərbaycan cəmiyyətinin yetirməsi idi, həmin cəmiyyətin ehtiyaclarının ifadəçisi idi. İnkişaf etmiş sosializm haqqında cild-cild əsərlər yazılanda o, bu quruluşun dağılacağını tələbə auditoriyalarında deyə bilirdi. Onun həbsi də Yalçın bəyin yazdığı kimi, ehtiyatsız bir ifadə üstündə deyildi, sistemin perspektivsizliyini əsaslandırdığı, öz tərəfdarları arasında Sovetlərin təməl prinsiplərinə şübhə toxumu səpdiyinə görə idi. Əbülfəz bəy Sovet quruluşuna qarşı yönəlmiş antisovet fəaliyyət ittihamı irəli sürülmüşdü və bu maddəyə görə həmin vaxt 8-10 il cəza nəzərdə tutulurdu.

Son günlər aparılan diskussiyalarda bəzən belə bir fikirlərə rast gəlinir ki, Əbülfəz bəy 1992-ci ildə hakimiyyətə gəlməməli idi və guya o, hadisələri qabaqladı və sair. Bu məsələlər barədə hər kəsin öz fikri ola bilər. Lakin Elçibəy antikommunist dalğada hakimiyyətə gəldi və bu proses Şərqi Avropa, keçmiş SSRİ respublikalarının böyük bir hissəsini əhatə edirdi. Bir illik müharibə şəraitində o, siyasi, iqtisadi və mədəni xarakterli bir sıra işləri görə bildi. Çoxpartiyalı sistemə keçid, liberal iqtisadi islahatlara start verilməsi, milli pul vahidinin dövriyyəyə gətirlilməsi, təhsil qanunu və test imtahanlarının tətbiqi, xaricdə təhsil proqramına start verilməsi, sərhədlərin mühafizəsinin yerli orqanların nəzarətinə keçməsi, rus qoşunlarının ölkədən çıxarılması və bu qəbildən olan bir sıra digər addımlar. O, bütün vasitələrlə ölkəni Rusiyanın təsir dairəsindən çıxarmaq və sivil dünyaya inteqrasiya olmaq yolunu tutmuşdu. Onun üçün Qərbə inteqrasiya başlıca strateji istiqamət idi.

Bu müzakirələrin gedişində Əbülfəz bəyə qarşı irəli sürülən başlıca ittiham, hakimiyyətin Heydər Əliyevə təhvil verilməsindən ibarətdir. Ümumiyyətlə, 1993-cü il hadisələri zamanı hakimiyyətin təhvil verilməsi məsələsi yox idi, Heydər Əliyevin idarəçiliyə cəlb edilməsi məsələsi var idi. Amma bu tək Əbülfəz bəyin istəyi deyildi, kiçik istisnalarla siyasi rəhbərlik çıxış yolunu bunda görürdü. Hətta, o, bir dəfə dəvət tərəfdarlarına açıqca dedi ki, siz buna çox həvəslisiniz, amma Heydər Əliyev heç vaxt ona təklif olunanla qənaətlənməyəcək. Heydər Əliyevin aktiv şəkildə siyasi hakimiyyətə can atması barədə aprel ayından başlayaraq Naxçıvandan rəhbərliyə gizli məlumatlar daxil olurdu. Amma bu məlumatlarda da söhbət birinci şəxs olmaqdan deyil, siyasi hakimiyyətdə təmsil olunmaqdan gedirdi.

1993-cü ilin iyun hadisələrinə gəldikdə, müzakirədə iştirak edənlərin baş vermiş hadisələr haqqında məlumatları çox azdır. Mən də həmin məlumatlarla axıra qədər tanış deyiləm və iddia etmirəm ki, baş vermiş hadisənin bütün məqamlarını bilirəm. Bilmədiyimiz məqamlar çoxdur. Ona görə də, gəlin, qəti hökmlər verməyə tələsməyək. Amma hadisələr ilk andan dramatik xarakter daşımağa başladı. Hakimiyyətin qiyamı lokallaşdırmaq cəhdləri baş tutmadı. Mayın son günlərində mübhəm bir gərginlik var idi. İyun ayının, səhv etmirəmsə, 20-də prezidentin Londona səfəri gözlənilirdi. Neft kontraktları ilə bağlı niyyət protokolunun imzalanacağı gözlənilirdi.

Şərtlər Azərbaycanın maraqlarına tam uyğun idi. Mən prezidentin tapşırığı ilə xarici işlər nazirliyi ilə əlaqə saxlayıb, səfərin bəzi detallarını dəqiqləşdirdim. O, bu səfərə böyük əhəmiyyət verirdi və hesab edirdi ki, neftlə bağlı niyyət protokolu imzalandıqdan sonra hakimiyyət Rusiya təzyiqlərinə qarşı beynəlxalq dəstək alacaq. Həmin gərgin günlərdə, mayın 28-də prezident Şəhidlər Xiyabanını ziyarət etdi. Şah İsmayıl Xətainin, Hüseyn Cavidin abidələrinin açılışında iştirak etdi, general Əliağa Şıxlinskinin büstü açıldaı. Axşam 28 May istiqlal günü ilə bağlı respublika tədbirində iştirak etdi.

Amma o, çox qayğılı idi, hətta tədbirə qatıla bilməmək təhlükəsi var idi. Hələ, 4 iyun qiyamından əvvəl Rusiya xüsusi xidmət orqanlarının Azərbaycanın şimalında və cənubunda etnik separatçılıq  adı ilə qeyri-stabilik yaradacağı haqqında gizli məlumatlar daxil olmuşdu. Amma bu məlumatların provokasiya olması da istisna edilmirdi. İyun ayının əvvəllərinə keçmiş daxili işlər naziri İsgəndər Həmidov mitinq təyin etmişdi. Ölkədə yaranmış vəziyyətlə bağlı Baş Nazir Pənah Hüseynov səfərini yarımçıq dayandırıb, Bakıya qayıtmışdı.

İndi deyilənlərin əksinə olaraq, 4 iyun qiyamı başlayanda prezident onu vurmağa qərarlı idi. Mayın 25-də sonuncu rus desantçıları Azərbaycanı tərk edən gün Əbülfəz bəy hüquq mühafizə orqanlarının müşavirəsini keçirdi. O, qeyd etdi ki, biz artıq tam müstəqil dövlətin vətəndaşlarıyıq. Həmin günlərdə o, yaxın ətrafını xəbərdar etdi ki,  Rusiya bunun əvəzini bizdən çıxacaq və Moskvanın bizim hakimiyyəti devirmək fikri qətidir, buna hazır olmalıyıq. 4 iyun qiyamı bunun ifadəsi idi. Onun tapşırığı ilə mən əhalini qiyamçılara qarşı mübarizəyə çağıran müraciət hazırlamışdım.

Müraciət baxıldıqdan sonra aparatın mətbəsində böyük tirajla nəşr edilmişdi. İyun ayının 5-də prezidentin yanında keçirilən müşavirədə Baş nazir Pənah Hüseynov Heydər Əliyevin Bakıya dəvət edilməsi təklifi ilə çıxış etdi. O, müavini Rəsul Quliyevə tapşırıq verdi ki, Heydər Əliyevlə əlaqə saxlasın. İyun ayının 6-da bir qrup deputat və İmam Mustafayev başda olmaqla ağsaqqallar şurası Gəncəyə gedib, vəziyyəti yerində öyrənmək məqsədilə Əbülfəz bəyə müraciət etdi. Amma onlar Gəncə səfərindən sonra oradakı vəziyyəti prezidentlə müzakirə etmək əvəzinə, Azərbaycan xalqına müraciət yaydılar.

Orda deyilirdi: “Əziz həmvətənlərimiz! Sizin hamınızı ayağa qalxıb haqq səsinizi ucaltmağa, qardaş qanına gətirib çıxaran hazırkı iqtidara qarşı vətəndaş itaətsizliyinə, Vətənimizin taleyinə qarşı əsl övlad qayğıkeşliyi göstərməyə çağırırıq”. Onun aşağısında Milli Məclisin üzvü Şadman Hüseynovun, Sosial Demokrat partiyası Gəncə məclisinin üzvü Aypara Əliyevin, Nemət Pənahlının, Şeyxülislam Hacı Allahşükür Paşazadənin, Əli Ömərovun, Fərəməz Maqsudovun, Gəncədən professor Saday Nəzərovun, Kəlbəcər icra hakimiyyətinin müavini Əvəz Şükürovun və digərlərinin imzası var idi.   Faktiki olaraq İmam Mustafayev komissiyası qiyama haqq qazandıran sənədlə çıxış etdi. İyunun 7-də Moskvadakı səfir Hikmət Hacızadənin gizli teleqramı daxil oldu. Orada Azərbaycandan olan bir sıra şəxslərin Qraçov və Barannikovla görüşüb  Azərbaycandakı vəziyyəti müzakirə etdikləri bildirilir və prezident hakimiyyətinin məhdudlaşdırılması, faktiki olaraq real hakimiyyətin parlamentə verilməsi məsələsinin müzakirə edildiyi bildirilirdi. Müzakirələr Elçibəyin hakimiyyətdən uzaqlaşdırılması ətrafında gedirdi və Surət Hüseynovun bütün fəaliyyəti (o cümlədən tələbləri) bilavasitə Rusiyadan istiqamətləndirilirdi. Digər bir məlumatda qiyamı uğurla başa çatdırmaq üçün Rusiyadan Gəncəyə 5 milyard rubl pul göndərildiyi bildirilirdi. Bundan sonra hadisələr dramatik mərhələyə daxil oldu və Heydər Əliyev Bakıya dəvət edildi. O, Gəncəyə səfərdən sonra prezident Elçibəylə görüşüb vəziyyət haqqında ona bir neçə saatlıq məlumat verdi. Nəhayət iyun ayının 15-də Heydər Əliyev Ali Sovetin sədri seçilərkən dedi ki, “Mən Naxçıvandan bura özüm gəlməmişəm. Məni bura dəvət eləyiblər. Məndən dəfələrlə İsa Qənbər, Pənah Hüseynov və Azərbaycan prezidenti Əbülfəz Elçibəy xahiş ediblər ki, gəlim, burada vəzifə tutum, bərabər bu məsələlərin həll olunmasında iştirak edim”. O, seçildikdən sonra Elçibəyə öz təşəkkürünü bildirdi və dedi: “Cənab prezident bu stolu mənə Siz verdiniz. Mən Sizə və dövlətə şərəflə xidmət edəcəyəm. İnanıram ki, Sizin siyasi dühanız, mənim təcrübəm dövləti ağır vəziyyətdən xilas edəcək”. Lakin Əliyev sədr seçilən andan prezidentlik uğrunda mübarizəyə başlamışdı. Elçibəy etiraf edirdi ki, Heydər Əliyevin dəvət edilməsi Pənah bəylə də, İsa bəylə də, başqaları ilə də razılaşdırılmışdı. O, qeyd edirdi ki, ” Heydər Əliyev sədrliyi ələ keçirəndən sonra prezidentlik uğrunda mübarizəyə başladı. Mənsə bunu ondan gözləmirdim”. İyun ayının 16-da isə Rəhim Qazıyev, Rəsul Quliyev, Etibar Məmmodov və Şadman Hüseynovun iştirakı ilə Müdafiə Nazirliyində toplantı keçirildi. Onların iştirakı ilə Nazirliyin bir qrup yüksək rütbəli zabitləri tərəfindən bəyanat qəbul edildi. Orada göstərilirdi ki, ordu siyasi məsələlərə qarışmayacaq. Bundan bir gün əvvəl Ali Sovetin sədri seçilmiş Heydər Əliyevin xəbəri var idi və bu addım qiyamçıları prezidentin üzərinə ayaqlandırırdı. İyun ayının 16-da prezidentin mətbuat xidmətinin yaydığı məlumatda deyilirdi ki, “qiyamçıların son məqsədi aydın olmuşdur: respublikada hərbi çevriliş etmək”. Surət Hüseynov 1998-ci ildə məhkəmə prosesində maraqlı açıqlamalar verdi. O dedi ki, həmin vaxt Heydər Əliyev yanıma adam göndərdi ki, bunları məhv etmək lazımdır…Deyirdilər sən kömək et, prezident aparatının binasını (təyyarədən bombalamaqla) yerlə yeksan elə, gəlib təzəsini tikərik”. Bu Elçibəyi fiziki cəhətdən məhv etməyin yalnız bir variantı idi. Bax, belə şəraitdə Əbülfəz bəy iyunun 17-dən 18-nə keçən gecə Bakını tərk etməyə qərar verdi. Elmir Mirzəyevin təbirincə “bir dissidentin hakimiyyəti könüllü surətdə bir KGB generalına ötürməsinin” qısa hekayəti bundan ibarətdir. Həmin vaxtdan sonra çox müzakirələr olub. Bu mövzuya toxunanlar elə bilməsinlər ki, birinci onlar bu məsələni gündəliyə gətiriblər. Hələ, iyun qiyamından sonra bu məsələ çox müzakirə edilib, ona haqq qazandıranlar da, səhv hesab edənlər də olub. Amma heç vaxt Əbülfəz bəyin ən qatı əleyhdarları belə onu xəyanət və ya cinayət kimi  qiymətləndirməyi ağıllarına gətirməyiblər. Çünki əleyhdarları da qəbul edirdilər ki, bu ifadələr mahiyyət etibarı ilə ona yaddır. Yalnız Əbülfəz bəyi xəyanətdə ittiham etmək, onu cinayətdə suçlamaq 1993-cü ildə Rusiya tərəfindən idarə edilən qiyamçıların  əsas tələbləri sırasına daxil idi. Bu ifadələrin 22 il sonra post-modernizmə meylli bəzi  demokratların leksikonuna daxil olması məsuliyyəti keçmişin üzərinə qoymaq, cavabdehi keçmişdə axtarmaq kimi yanlış meyllər doğurur. Bir dostum həmişə məni inandırmağa çalışırdı ki, biz xanlıqlara meylli xalqıq və ona görə də birlik ideyası bizdə çətin alınır. Halbuki, bizdə 20 xanlıq olanda Almaniyada 365 dövlət var idi. İlin günlərin sayı qədər Avropanın mərkəzinə yayılmış bu cırdan dövlətçiklər almanların bir millət kimi birliyinə mane ola bilmədi. Bu günkü tənbəllikliyimizə bəraət qazandırmaq üçün tarixdən nümunə axtarmaq ənənəsindən uzaqlaşmalıyıq. Demək istəyirəm ki, Əbülfəz bəyin həmin vaxt Bakını tərk etməsində “kriminal” axtarmaq vəziyyətdən çıxış yolu deyil. Ola bilsin ki, həmin vaxt ayrı bir seçim də etmək olardı. Amma tarixi hadisələrə gecikmiş təqvim üzrə çarə qılmaq istəsən, çox variantlar tapa bilərsən. Bu heç nəyi dəyişmir. O, Bakını tərk etdi, lakin heç vaxt prezident səlahiyyətlərini rəsmən təhvil vermədi. Heydər Əliyev öz hakimiyyətini legitimləşdirmək üçün çox istəyirdi ki, o, rəsmən istefa versin, bunun üçün Kələkiyə geniş bir heyət də göndərmişdi. Lakin Əbülfəz bəy prezident səlahiyyətlərinin bir hissəsinin Ali Sovetin sədrinə keçməsini mümkün hesab etsə də, rəsmən öz səlahiyyətlərindən imtina etmədi. Həmin heyət qayıdandan sonra parlamentdə məlumat verdilər ki, guya Əbülfəz Elçibəy istefa ərizəsi yazmaq istəyirdi, onun müşaviri Cəmil Həsənli buna mane oldu. Bu doğru deyildi. Mən həmin görüşdə iştirak etsəm də, qərarı Əbülfəz bəy özü verdi. Yeri gəlmişkən bu heyətin bir sıra üzvləri təkbətək görüşlər zamanı Heydər Əliyevdən öz narazılıqların ifadə edirdilər. Düzdür real hakimiyyət getsə də, o heç vaxt rəsmən öz səlahiyyətlərini Əliyevə təhvil vermədi. Referendum keçirmək zərurəti də buradan meydana gəldi.  Yalçın bəy yazır ki, “Əgər Elçibəy Azərbaycanı sonradan demokratiya naminə qazanılmış bütün dəyərləri kökündən məhv edən digər “işğalçı hakimiyyət”ə təslim edəcəkdisə, onda onun rus qoşunlarını ölkədən çıxarması nailiyyəti tarixi əhəmiyyət kəsb edirmi?” Əlbəttə edir. Vətən ancaq hakimiyyətdən ibarət deyil, rus qoşunları Azərbaycan adlı bir ölkədən çıxarılmışdı və 22 il keçməsinə baxmayaraq bir daha ora qayıtmadılar. Bu o zamanlar idi ki, Şərqi Avropanın şöhrətli dissidentlərinin rəhbərlik etdiyi ölkələrin kazarmalarında rus əsgərləri hələ əllərini isindirirdilər.

Əlbəttə, 22 il sonra  hakimiyyəti qorumağın müxtəlif nəzəri üsullarını əsaslandırmaq həmin dramatik hadisələr fonunda bir qədər asan, meydan.tv-nin rəhbəri kimi Emin Millinin isə qeyd edilən müzakirələrdə tərəf kimi iştirak etməsi bir qədər qəribə görünür. 22 illik istibdadın ünvanı kimi Elçibəyi göstərmək əlbəttə doğru deyil. Lap deyək ki, o, zəif prezident idi. Bəs biz bir millət olaraq, bir xalq olaraq Elmir Mirzəyevin yazdığı “cinayətləri nasizmə bərabər bu anti-bəşəri rejimə” niyə dözürük? Gürcüstanda Zviad Qamsaxurdiya da Tiflisi tərk etdi, o, hətta ölkəni də tərk edib Azərbaycana gəlmək istəyirdi. Lakin hakimiyyət bunun siyasi qalmaqal doğuracağını nəzərə alıb onun gəlişinə razılıq vermədi. Bir başqa siyasi büro üzvü də Gürcüstanda hakimiyyətə gəldi. Amma gürcülər 10 il sonra toparlanıb Şevarnadzeni yola sala bildilər. Düzdür bunun daxili şərtləri ilə yanaşı xarici şərtləri də var idi, amma onlar bunu edə bildilər. Bizdə niyə alınmadı, bunun dərin səbəbləri var və bütün bunları Elçibəylə əlaqələndirmək özümüzü sığortalamaq cəhdidir.

Ana səhifəMənim FikrimcəKeçmişdə səhvlər axtarmaqdansa, gələcəyə hədəflənmək lazımdır