Ötən il ailələrdə adambaşına düşən aylıq yığım 4 manat 50 qəpik olub

Foto: Andrey_Popov\shutterstock

2025-ci ildə Azərbaycanda bir ailə üzvünə düşən orta aylıq istehlak xərci 384 manat olub. Dövlət Statistika Komitəsinin 10 min ev təsərrüfatı arasında keçirdiyi sorğunun 2025-ci il üçün nəticələrini açıqlayıb.

Nəticələrə əsasən, şəhər yerlərində yaşayan ailələrdə hər bir fərdə düşən aylıq istehlak xərci 398 manat, kənd yerlərində yaşayanların isə 368 manat təşkil edib.

DSK-nın “Ev təsərrüfatlarına dair” 2025-ci il hesabatına görə, əhalinin nominal istehlak xərcləri 2024-cü illə müqayisədə 5,8 faiz artıb. Ən yüksək artım nəqliyyat, mehmanxana, kafe və restoran, tütün məmulatları, eləcə də istirahət və mədəniyyət xidmətləri üzrə qeydə alınıb.

Xərclərin strukturuna nəzər saldıqda görünür ki, ümumi istehlak xərclərinin 42,9 faizi qida məhsullarına, 27,1 faizi qeyri-qida məhsullarına, 31,5 faizi isə xidmətlərə yönəlib.

Statistika Komitəsinin məlumatına görə, adambaşına düşən aylıq istehlak xərcinin 164,7 manatı qida məhsullarına, 7,6 manatı isə tütün məmulatlarına sərf olunub. Şəhər yerlərində bir nəfərin aylıq qida xərci 169 manat, kənd yerlərində isə 159,6 manat təşkil edib.

Paltar və ayaqqabı üçün adambaşına düşən orta aylıq xərc 22,4 manat olub.

2024-cü illə müqayisədə ailələrin xərclərində ən böyük artım xidmət sektorunda müşahidə edilib. Xüsusilə, nəqliyyat xərcləri təxminən hər adam üçün 10 faiz artaraq aylıq 26,7 manata çatıb. Şəhər yerlərində, hətta bu göstərici 10,5 faiz yüksəlib.

Növbəti ən böyük artım mehmanxana, kafe və restoran xidmətlərində qeydə alınıb. Bu sahəyə çəkilən adambaşına xərc 9,7 faiz artaraq 28 manata yüksəlib.

Su, elektrik enerjisi, qaz və digər yanacaq növlərinə çəkilən xərclər isə 2024-cü illə müqayisədə 3,3 faiz artaraq 29,6 manata çatıb.

Səhiyyə və təhsil xidmətlərinə çəkilən xərclər də təxminən 6 faiz artıb. Əhali səhiyyə xidmətlərinə orta hesabla aylıq 20,1 manat, təhsil xidmətlərinə isə 6,3 manat xərcləyib. Rabitə xidmətlərinə çəkilən xərc 7,6 faiz artaraq 13,2 manat olub.

İstirahət və mədəniyyət xidmətlərinə çəkilən orta aylıq xərc isə 16 manat təşkil edib.

DSK-nın sorğusuna əsasən, 2025-ci ildə adambaşına düşən orta aylıq gəlir 389 manat olub. Bu isə göstərir ki, ölkə üzrə orta hesabla bir nəfərin aylıq yığıma yönəldə bildiyi vəsait cəmi 4,5 manat təşkil edib. Şəhər yerlərində bu göstərici 6,7 manat, kənd yerlərində isə 1,9 manat olub.

Ana səhifəİqtisadiyyatÖtən il ailələrdə adambaşına düşən aylıq yığım 4 manat 50 qəpik olub