Nurlan Qəhrəmanlı: “Balaca diktatorlar dövründə”

Nurlan Libre. İllüstrasiya: Meydan TV

“Meydan TV işi” üzrə hazırda həbsdə olan jurnalist Nurlan Libre (Qəhrəmanlı) təcridxanadan yazır. Onun yazısını olduğu kimi təqdim edirik:

Beşikdən məzaradək yaşadığımız ömürdə balaca diktatorlar tərəfindən idarə olunuruq. Atamız, müəllimimiz, müdirimiz, həyat yoldaşımız və s. personajlarla həyatımızda olan bu diktatorlar səlahiyyət çərçivələri daxilində bizi istismar edir, faydalanaraq özlərinə sərvət yaradırlar. Onlar üçün bizim şəxsiyyət olaraq bir əhəmiyyətimiz yoxdur. Onları güclü edən bizim şərtsiz itaətimizdir. Bizə elə məktəbdən öyrətməyə başlayırlar ki, rəhbərə itaət edək. Yaxşı itaətkar olsaq, vaxt gələcək bizə də itaət edəcəklər. Gerçəkdə isə özümüzü istismar spiralının içində tapırıq. Bu balaca diktatorların kölgəsi birləşəndə isə İlham Əliyev kimi tiranlar bizi idarə edirlər. Bəli, cənab Əliyev öz legitimliyini nə tanrıdan, nə də ki, xalqdan alır. Onun gücü bu balaca diktatorlardadır. Həmin şəxslər İlham Əliyevə dərin simpatiya bəsləyirlər. Özlərini onun yerinə qoyurlar və deyirlər ki, “mən də onun yerində olsaydım, büdcəni talayardım, hakimiyyəti öz oğluma ötürərdim, qohumlarımı vəzifəyə qoyardım”.

Əliyevin opponentlərini şərləyərək həbs etdiyini eşidəndə isə öz daxillərində, “kaş mən də, mənə qarşı çıxanlara divan tutaydım” deyə düşünürlər. Onlar üçün güclünün haqlı olduğu dünya realdır. Əksini iddia edən isə avantürist axmaqdır.

Qarabağda keçmiş məcburi köçkünlərə Əliyev ev paylayarkən, bir qoca yaltaq İlhama xitabən dedi ki, cənab prezident, hər dəfə ölkədə niyə seçki keçirilir ki, biz onsuz da sizə səs veririk, boşuna kağız israf olunur. Bu sözlər prezidentin lap ürəyincə oldu və qəhqəhə çəkərək güldü. Balaca diktator bu fikri səsləndirərkən həqiqətən də səmimi idi. Onun üçün demokratiya əxlaqsız Qərb ideyasıdır. Liberal dünya onun mühafizəkar ailə ideyasını dağıda bilər. Öz ailəsində necə hegemondursa, prezident də ölkədə elə hegemon olmalıdır. Əksini iddia edənləri də susdurmaq üçün demokratik ölkələrin homoseksuallara qarşı tolerant münasibətini göstərirlər.

Mənim diqqətimi çəkən əsas məsələ isə balaca diktatorların özlərindən daha böyük hegemona qarşı münasibətləridir. Onlar dərhal itaətə keçirlər. Özlərindən zəifi istismar etdikləri kimi, özlərinin də istismar olunmasına adi halmış kimi yanaşırlar. Bunun normal hal olmadığını deyəndə də, başlayırlar həmin şəxsi tərifləməyə, “bacarana can qurban” deməyə. İstismarçının əsas silahı zorakılıqdır. Fiziki, psixoloji, iqtisadi – fərqi yoxdur. O, öz hegemoniyasını hər nə vəchlə olur olsun əlində saxlamağa çalışır. Buna qarşı çıxanlara da, “kişi döyülər də, döyər də” deyirlər.

Bax belədir balaca diktatorların ölkəsində yaşamaq. Qarşı çıxanları ən yaxşı halda ölkəni tərk eləməyə məcbur edirlər. Ən pis halda isə zindana salırlar. Həmin insanlar mənim kimi azad fikirli insanların zindanda çürüməyindən həzz alırlar və deyirlər ki, “yaxşı olur onlara, başlarını aşağı salıb, bir tikə çörəklərini qazansaydılar, bunların heç biri başlarına gəlməzdi”. Bizə rişxənd edirlər ki, İlham Əliyevə yaltaqlıq edib ev dilənmək əvəzinə, niyə haqqınızı tələb edib, “dəmir yumruğa” baş qaldırırsınız?

Amma balaca diktatorlar İlham büdrəyəndə onun yanında olmayacaqlar. Əliyevin dalına bir təpik vurub, özlərinə daha güclü diktator axtaracaqlar. Heydər Əliyevin heykəlini devirməyə birinci onlar qaçacaqlar. Əliyevi də ən çox onlar söyəcəklər. Məşhur deyimdə deyildiyi kimi: 

“Kral öldü, yaşasın yeni kral!”

“Hökumət ayrı, dövlət ayrı”

Bu arqumenti əsasən daha savadlı və ləyaqətli göstərməyə çalışan balaca diktatorlar istifadə edirlər. Yəni Əliyev pis ola bilər, amma mən dövlətin başçısı olduğu üçün onu dəstəkləyirəm. İlk başda özünü “dövlətçi” adlandıranların bu arqumenti ağlabatan səslənir. Bəs əslində necədir? Monteskyö dövlətin şərhini verərkən “qüvvələr ayrılığı” ideyasını yaradır. İdeyaya görə dövlətin var olması üçün hakimiyyət üç hissəyə bölünməlidir: qanunverici, icraedici və məhkəmə. Qanunverici orqan ölkədə fərqli adlanır (Parlament, Senat, Milli Məclis və s.), lakin mahiyyəti eynidir. İcraedici orqanların bir ölkədə prezident, başqa ölkələrdə isə baş nazir rəhbərlik etsə də mahiyyətləri eynidir. Məhkəmə sistemi isə tam müstəqil olmalıdır. Qüvvələr ayrılığı prinsipinə görə dövləti bu üç orqan idarə etməlidir.

Anarxist filosof Bakunin “Tanrı və Dövlət” əsərində yazırdı ki, “güc yozlaşdırır, mütləq güc mütləq yozlaşdırır”. Mütləq hakimiyyətin bir nəfərin və ya bir qrupun əlinə keçməməsi üçün gərək bu üç orqan bir-birinə nəzarət etsin. Gerçəklikdə bəs biz nə görürük? Əliyevin mütləq iradəsinin siraət etmədiyi struktur varmı? Sual edirəm – axırıncı dəfə hansı deputatın Əliyev əleyhinə çıxış etdiyini eşitmisiz, hansı hakimin siyasi motivli həbsə bəraətverici əsaslarla xitam verdiyini görmüsünüz? Baş Prokurorluq Əliyev ailəsinə yaxın hansı korrupsionerə qarşı cinayət işi başladıb? 

Bu sualları ritorik olaraq səsləndirirəm. Ölkədə yaşayan hamı çox gözəl bilir ki, Əliyevin icazəsi olmadan ölkədə bir quş belə tərpənə bilməz. Hakimiyyətin harada bitib, dövlətin harada başladığının qeyri-müəyyən olduğu bu sistemdə İlham Əliyev elə dövlətin özüdür. Əvvəllər balaca diktatorlar deyirdilər ki, “Prezident yaxşıdır, ətrafı pis”. Yəni ölkədə baş verən bütün neqativ halların günahkarı oliqarx məmurlardır. Ramiz Mehdiyevin həbsi ilə bu arqument də tarixə qovuşdu. Məncə Əliyev bu arqumenti heç də sevmirdi, çünki dəstəkçiləri dolayı yolla onu “qoyun yerinə qoyurdular”. Əvvəllər yaxşı şeyləri Əliyev edərdi, pis şeyləri məmurlar. İndi söyməyə məmur da qalmayıb.

“Mən prezidentin ancaq xarici siyasətini dəstəkləyirəm”

Əliyevin xarici siyasət konstruksiyası öz diktaturasını legitimləşdirmək cəhdindən başqa heç nə deyil. Özünü “etibarlı enerji tərəfdaşı” kimi təqdim edir və deyir – “siz nə qədər istəyirsiniz, neft və qaz lazımdırsa verim, yetər ki, insan haqları ilə baş-beynimi aparmayın”. O, ölkəsinin adını tez-tez beynəlxalq yarışlarla, tədbirlərlə, mədəni layihələrlə hallandırır ki, Qərbdə ona mədəni diktator kimi yanaşsınlar. Kimsə onu tənqid edəndə də balaca diktatorlar yenə onun imdadına çatır və bu hücumları dövlətə yönəlmiş hücum adlandırırlar. Əslində haqlıdırlar. Bu dövlət ona atasından miras qalıb, o da, oğluna pay verəcək. Eynilə Körfəz monarxiyalarında olduğu kimi. Əliyevi əsas qıcıqlandıran məsələ də budur ki, beynəlxalq ictimaiyyət petro-monarxlara göstərdiyi tolerantlığı ona tətbiq etmir və “insan haqları” kimi mənasız mövzularla baş-beynini xarab edir.

“Qarabağ, dərdim mənim”

Qarabağ konflikti elə böyük tələdir ki, buna hətta ən qatı Əliyev düşmənləri belə düşdü. 44 günlük müharibədə və “Xankəndi” uğrunda döyüşlərdə Əliyevi dəstəklədilər. Onlar dəstəklədikcə Əliyev daha da gücləndi. Sanki başqa problemimiz yoxmuşcasına konfliktin həllində güc tətbiqi üçün ona legitimlik verdilər. Bundan ilhamlanan balaca diktatorlar utanmadan yüksək səslə Əliyevi dəstəklədilər. 

Prezidentin ətrafında “sıx birləşmək” eşqi bizi axırda zindana saldı. İndi Əliyev hər ay öz obyektlərinə baş çəkmək üçün Qarabağa gedir. Bizim də Qarabağ dərdimiz bitdi, azadlıq dərdimiz başladı.

Bu vətən artıq bizim deyil, Əliyev və onun balaca diktatorlarının vətənidir. Biz bu torpaqlarda bitən alaq otuyuq sadəcə. Əliyev bizi məhv etməyə çalışdıqca, xilas olmağın bir yolunu tapırıq. Halbuki, müstəqillik qazananda necə sevinirdik. Üzərimizdə olan tiranlıq lənətindən xilas olmuşduq. SSRİ-nin, Çar Rusiyasının, Xanlıqların, Qacarların, Səfəvilərin, daha nə qədər say-say qurtarmayacaq imperiyaların əsarətindən qurtulub, mədəni dövlət quracaqdıq. Sadəcə bizi idarə edən sülalənin adını dəyişə bildik. Bəlkə də bu torpaqlar lənətlənib. Biz boş-boşuna bu lənəti qırmağa çalışırıq. Bu vətəndə əlimizdə qalan “konstitusiya” adlı kağız parçasıdır. Onu da dəyişib “Əliyevstan” etsəydilər, balaca diktatorlar da xoşbəxt olardı. Biz də özümüzə başqa vətən axtarardıq.

İlham Əliyev olduqca kompleksli diktatordur. O, hazırda tutduğu vəzifəyə şəxsi keyfiyyətləri ilə yiyələnməyib. Sadəcə atasından miras alıb. O, nə müharibədə qalib gəlib, nə də seçki yolu ilə hakimiyyətə gəlib. Əliyev devriləndə heç kim kədərlənməyəcək və ya “ yaxşı insan idi” deyəni tapılmayacaq. Onun dəstəkçiləri hər hansı bir ideyanı dəstəkləmirlər, sadəcə güclü olduğu üçün yanındadırlar. Heç nəvələri də ona göz yaşı tökməyəcək. Bu reallıq onu dərindən narahat edir. Hakimiyyətinin ən güclü olduğu dövrdə belə seçkiyə getmək əvəzinə opponentlərini zindana salmaqla özünü legitimlik qazanmağa çalışır. Əliyev qorxur, qorxduqca daha da azğınlaşır. Müxalifətin ən zəif dövründə belə ondan ehtiyat edir. Əliyev hətta ona pərəstiş edən balaca diktatorlara belə güvənmir. Bilir ki, əllərinə keçən ilk fürsətdə aralarından biri ona xəyanət edib, “böyük diktator” olmaq eşqinə düşəcək. Əliyev yalnız öləcək. Fəxri Xiyabanda dəfn edilməyəcək, heç öz ailə üzvləri belə onu xatırlamayacaq. Həyatda heç bir şəxsi uğuru və dəstəkçisi olmayan birinə yaraşan sonluq.

Yazımda balaca diktatorların güc hərisliyindən, güclüyə qarşı itaətkarlığından, Əliyevlə özlərini necə assosiasiya etmələrindən, arqumentlərindən bəhs etməyə çalışdım.

Oxuduqca sizin də ağlınıza tanıdığınız hansısa balaca diktator gələcək, əminəm. Təəssüf, tarixin bu dönəmində zorakı heyvərələrə qarşı çıxmağa heç bir gücümüz yoxdur. Edə biləcəyimiz tək hərəkət onlarla bir sırada durmaqdan imtina etməkdir. Korrupsiyalaşmış sistemlər axır-əvvəl bir gün dağılırlar. Həmin gündən simamızı qorumaq diləyilə, hələlik!

Nurlan Qəhrəmanlı

Ana səhifəHəbsxanadan məktublarNurlan Qəhrəmanlı: “Balaca diktatorlar dövründə”