Bolnisidə qadın azyaşlı oğlunu öldürməkdə şübhəli bilinir

Foto: Doidam 10\shutterstock

Gürcüstanın Bolnisi bələdiyyəsinin Dəmirli — Xaxalacvari kəndində 7 yaşlı Fərrux Əhmədovun anası tərəfindən qətlə yetirildiyi bildirilir.

Məlumata görə, 42 yaşlı Svetlana Əhmədova azyaşlı oğluna bıçaqla ölümcül xəsarətlər yetirib. Qadının Azərbaycan vətəndaşı, uşağın atasının isə Gürcüstan vətəndaşı olduğu qeyd olunur.

Hadisədən təxminən 2-3 saat sonra qadın özünə də xəsarət yetirərək intihara cəhd edib. Onun özünə 9 bıçaq zərbəsi vurduğu bildirilir. Svetlana Əhmədova xəstəxanaya çatdırılıb və hazırda həkim nəzarətindədir.

İlkin məlumata əsasən, hadisədən sonra ailə üzvləri baş verənləri gizlətməyə cəhd ediblər. Qətli törətməkdə şübhəli bilinən qadının psixi problemlərinin olduğu da bildirilir.

Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 109-cu maddəsi — azyaşlının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsi maddəsi ilə istintaq aparılır.

Svetlana Əhmədova hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisənin dəqiq səbəbləri araşdırılır.

Ana səhifəXəbərlərBolnisidə qadın azyaşlı oğlunu öldürməkdə şübhəli bilinir