Heç olmasa qanunun yanından keçin, onu tapdalamayın!
Avqustun 29-da İctimai Televiziyanın 18 yaşı tamam oldu. Gözəl yaşdır. Hələ hər şey qarşıdadır, deyəcəksiz. Ola bilsin, doğrudan da, qarşıdakı illərdə bu telekanalda hansısa dəyişikliklər baş verdi, missiyasına uyğun verilişlər hazırlandı, cəmiyyətin maraqlarına cavab verən proqramlar efirdə göründü. Ancaq hələlik bütün bunların heç biri, demək olar, yoxdur. Söhbət qanunun İTV qarşısına qoyduğu vəzifələrdən gedir.
18 il qabaq yaradılanda “İctimai televiziya və radio yayımı haqqında” qanun qəbul olunmuşdu. O qanunda ictimaiyyətin televiziyası adlandırılan yeni telekanalın hansı məqsədlə yaradıldığı, missiyası, müdafiə etdiyi maraqlar əksini tapmışdı. Çox təəssüf, elə ilk yaradılışında, bu kanala sədr seçkisində çoxlu pozuntular oldu, yuxarıdan təyin olunan adam, İsmayıl Ömərov, Yayım Şurasının keçirdiyi seçkidə sədr “seçildi”. Əslində, elə o “seçki”dən sonra cəmiyyət bu telekanaldan gözləntilərini anındaca dəfn etməliydi; Qərbin tələbiylə yeni AzTV yarandığına görə. Ancaq bizdə həmişə nikbinlik və gələcəkdə hər şeyin yaxşıya doğru dəyişəcəyinə ümid olub. O üzdən bəzilərində İTV-dən gözləntilər hələ də qalır.
Telekanala rəhbərlik edənlər zaman-zaman öz işlərini qanuna uyğunlaşdırmaq yox, qanunu öz istəklərinə uyğunlaşdırmağa çalışıblar, hakimiyyətdəkilərin ruhuna uyğun olaraq. Bütün başqa qanunlar kimi, “İctimai televiziya və radio yayımı haqqında” qanuna da yaranandan bəri dəfələrlə əl gəzdirilib. 28 sentyabr 2004-cü ildə qəbul olunan 26 maddəlik qanuna indiyə qədər 35 dəyişiklik və əlavə edilib. Ən çox ziyan çəkən qanunun 14-cü – “İctimai yayım zamanı reklama verilən tələblər” maddəsidir. 12 bəndlik maddənin 8 bəndi bir sinif kimi ləğv edilib, yəni İTV-də reklamla bağlı bəzi tələb və qadağalar aradan qaldırılıb, ona özəl kanallar kimi reklam azadlığı verilib. Həm də təkcə reklam yox, bu telekanalın bir siyasi qüvvəni, bir hakimiyyəti, bir ailəni təbliğ etmək azadlığı da tanınıb. Baxmayaraq ki, qanunun elə 1-ci maddəsi bütün bunları qadağan edir.
Maddə 1. İctimai televiziya və radio yayımının məqsədi
İctimai televiziya və radio yayımının məqsədi Azərbaycan Respublikası əhalisinin – bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır.
İTV-yə nəzarət funksiyası qanunla Yayım Şurasına tapşırılıb. Şuranı Azərbaycan Respublikası Prezidenti 9 üzvdən ibarət tərkibdə yaradır. Şura üzvlərindən üçü iki il, üçü dörd il, üç nəfəri isə altı il müddətinə təyin olunur. Üzvlərin dalbadal iki dəfə seçilmək hüququ var. Şura üzvləri öz aralarından sədr və sədr müavini seçirlər. Şuraya rəhbərliyi Şuranın sədri həyata keçirir. Qanunda yazılıb:
17.1.Yayım şurası proqramların yayımı zamanı Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl edilməsi üzərində nəzarəti həyata keçirən və bu sahədə həlledici qərarlar qəbul etmək səlahiyyətinə malik olan nəzarətedici orqan kimi yaradılır.
Elə ilk iclasdaca, 2005-ci ildə Yayım Şurası oyuncaq qurum olduğunu ortaya qoydu. Yaranışından bir neçə il sonra qanunda dəyişikliklərə start verildi. Dəyişikliklərdən biri bu qurumun 2 ayda bir dəfə iclas keçirməsinin 6 ayda bir dəfə iclas keçirməsi ilə bağlı oldu. Eyni zamanda Yayım Şurası ildə bir dəfə öz fəaliyyəti ilə bağlı hesabat verməli və bu hesabatı mətbuatda dərc etdirməlidir. İndiyə kimi kimsə o hesabatı görməyib. Çünki telekanal rəhbərliyi hələ 2009-cu ildə Yayım Şurasının söz sahibi olmadığını qanuna elətdirdiyi bu dəyişikliklə təsdiqləmişdi. Sonrakı illərdə bu qurumun telekanalla bağlı iradları, etirazı olmayıb. İstər Cahangir Məmmədlinin 12 illik sədrliyi, istərsə də Muxtar İmanovun 6 illik sədrliyi dönəmində. Şuranın indiki sədri Muxtar İmanov AMEA-dan gəlib. Yeri gəlmişkən, bu qurumun oyuncaq olmasının daha bir sübutu. Muxtar İmanovun 6 illik sədrlik müddəti 2023-cü ilin aprelində bitib. 2 may 2023-cü il tarixdə Milli Məclisin iclasında onun yerinə AMEA-dan Teymur Kərimli Yayım Şurasına üzv seçilib, iyulun 19-da İTV sədri Balakişi Qasımovun iştirakıyla keçirilən iclasda Teymur müəllimin sədrliyi təsdiqlənib, ancaq artıq avqust ayının sonu olmasına baxmayaraq, İTV-nin saytında hələ də Yayım Şurasının sədri kimi Muxtar İmanovun adı və şəkli qalır. Teymur Kərimlinin isə saytda, ümumiyyətlə, adı yoxdur.
Qanunun daha bir tələbi yenə Yayım Şurası üzvlərinin seçilməsində pozulub. Gəlin qanunun 16-cı maddəsinə baxaq:
16.2.Yayım şurasının üzvləri, Baş direktor və onun müavinləri heç bir siyasi partiyanın üzvü ola bilməzlər.
İTV yarananda idman təşkilatlarından Ağacan Abıyev Yayım Şurasına üzv seçildi. Həmin vaxt o, YAP üzvü, həm də deputat idi.
19 aprel 2013-cü ildəsə onu daha bir yapçı, Yusif Babanlı əvəzlədi. O, 2019-da yenidən idman təşkilatları adından seçilib. Onların partiyalılığı Yayım Şurasında təmsilçiliyə mane olmayıb; qanun partiya mənsubiyyəti olan adamın üzvlüyünü qadağan etsə də.
Bütün bu pozuntulardan, qanunu ayaq altına almalardan sonra İTV rəhbərliyinə, eləcə də Yayım Şurasına qanunda yazılan vəzifələrini xatırlatmağı yersiz saysaq da, hər bir halda, 18 yaşlı gəncin yaddaşını təzələməyə ehtiyac var.
7.1.1.ölkədə və dünyada baş verən mühüm hadisələr, dövlət orqanlarının, bələdiyyələrin, siyasi partiyaların, ictimai birliklərin, dini qurumların və kommersiya təşkilatlarının fəaliyyəti barədə vətəndaşların qərəzsiz və tarazlaşdırılmış informasiya almaq hüququnun həyata keçirilməsi…
Heç olmasa qanunun yanından keçin, onu tapdalamayın!
Rövşən Hacıbəyli