Fransada azərbaycanlı bloger Məhəmməd Mirzəliyə qarşı 2021-ci ildə təşkil olunmuş sui-qəsd cəhdi ilə bağlı məhkəmə prosesi başlayıb.
“France 24”ün məlumatına görə, mütəşəkkil cinayətkar dəstənin tərkibində qətl cəhdində ittiham olunan 9 nəfər hakim qarşısına çıxarılıb.
Təhlükəsizlik səbəbilə Bretan Parlamentinin yerləşdiyi ərazidə xüsusi mühafizə tədbirləri tətbiq olunub. Prosesin üç həftə davam edəcəyi gözlənilir.
Mirzəlinin vəkili Anri Karpentye “Fransada keçirilən bu məhkəmə prosesi yalnız bir sui-qəsd işinin deyil, həm də avtoritar rejimi tənqid etmək azadlığının məhkəməsidir”, – bildirib.
İttihama görə, 2021-ci ilin martında Nant şəhərində blogerə bıçaqlı hücum təşkil olunub. Mirzəli ağır yaralansa da, sağ qalıb. O, daha əvvəl – 2020-ci ilin oktyabrında da silahlı hücuma məruz qalmışdı.
Təqsirləndirilən şəxslərin əksəriyyəti Azərbaycan vətəndaşı və ya azərbaycanəsilli şəxslərdir. Onlar ittihamları qəbul etmirlər.
İstintaqın əsas müzakirə mövzularından biri isə sifarişçilərin kimliyi olaraq qalır.
Mirzəlinin vəkili AFP-yə açıqlamasında əmrlərin “Azərbaycanda ən yüksək səviyyədən gəldiyini düşündüklərini” bildirib. Bununla belə, Fransa məhkəməsi indiyədək sifarişçilərlə bağlı rəsmi nəticə açıqlamayıb.
Fransada siyasi sığınacaq alan Məhəmməd Mirzəli Prezident İlham Əliyev hakimiyyətinin tənqidçilərindən biri kimi tanınır. O, 2015-ci ildən Fransada yaşayır və sosial şəbəkələrdə fəaliyyət göstərir.
İş üzrə əsas şübhəlilərdən biri Moldovaya aid “Andre Topal” adına pasportla saxlanılan və əsl adının Emin Qasımov olduğu iddia edilən şəxsdir. O və daha bir nəfər “mütəşəkkil dəstə halında qətl cəhdi” maddəsi ilə ittiham olunur. Digər şəxslər isə cinayətə yardım və cinayətkar birlik yaratmaqda təqsirləndirilir.
Məhkəmə prosesinin iyunun 12-dək davam edə biləcəyi bildirilir.