İsa Qəmbər: Bütün monopoliya bir adamın, bir ailənin əlində cəmlənir

“Ona görə də idarəetmə modelinin təkmilləşdirilməsi vacibdir, icra hakimiyyəti instititu artıq özünü doğrultmur, dəfələrlə icra başçılarının həbsləri də oldu, amma dəyişiklik olmadı”

Source: Specify Source


Natiq Cəfərli: "Yeni Konstitusiya qəbul edilməlidir"

“İşğal edilmiş ərazilərin azad edilməsi ilə Azərbaycanın inkişafında yeni mərhələ başlayıb”.

Bunu Prezident İlham Əliyev yanvarın 18-də Azərbaycan Televiziyasına müsahibəsində

bildirib

.

Dövlət başçısı azad edilmiş ərazilərin böyük potensialı olduğunu qeyd edib: “Orada böyük potensial var: bərpa olunan enerji növləri, qızıl, mis yataqları şəklində faydalı qazıntılar, çaylar və su anbarları, məhsuldar torpaq, turizm imkanları. Yəni bu regionlar bizim gələcək inkişafımızın əsasını təşkil edəcək”.

O qeyd edib ki, layihələrin həyata keçirilməsi ilə bağlı planlar tezliklə gerçəkləşməyə başlayacaq və işlər müasir idarəetmə sistemi əsasında, o cümlədən şəhərsalma və dövlət orqanlarının işi əsasında aparılacaq. Bu, gələcəkdə mənfi təzahürlərdən uzaq olmaq üçün zəruridir: “Sadəcə olaraq, azad edilmiş torpaqlarda hər şey planlı şəkildə, düzgün aparılmalıdır. Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı məndə fikirlər var. Bu fikirlər yaxın zamanlarda həyata keçiriləcək. O bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalıdır ki, orada hər şey planlı şəkildə təmin edilsin – şəhərsalma, dövlət orqanlarının funksiyaları. Çünki bilirsiniz, əfsuslar olsun ki, ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir. Bəzi yerlərdə torpaqlar zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür. O cümlədən su resursları qeyri-ədalətli şəkildə bölünür, bəzilərinə su çatır, bəzilərinə su çatmır. Bütün bunlar bizə yaraşmır. Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik. Təmizləmə prosesi gedir və gedəcək. Hər kəs bunu bilsin. Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var. Yaxud da ki, kimsə özünü toxunulmaz hesab etməsin. Azad edilmiş torpaqlarda hər şey demək olar ki, dağıdılıb. Ona görə biz elə bir inkişaf modeli qurmalıyıq ki, ondan sonra biz onu bütün başqa torpaqlara da, necə deyərlər, transfer edə bilək, mövcud qüsurlar aradan qalxsın və ölkəmizin uğurlu inkişafı təmin edilsin”.

Dövlət başçısı bildirib ki, Azərbaycanda islahatlar – kadr islahatları, struktur islahatları, iqtisadi islahatlar, sosial sahədə islahatlar aparılır: “Bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox amilləri özündə ehtiva edən ölkələrin sayı azdır. Siyasi sabitlik, xalq-iqtidar birliyi, əmin-amanlıq, coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, – bu, çox önəmlidir, – ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər, heç bir ölkə ilə problemin olmaması. İndi mən ümid edirəm, müəyyən müddətdən sonra Ermənistan da deyəcək ki, onların da bizimlə heç bir problemi yoxdur. Çünki əsas məsələ bunda idi, onlar bizim torpağımızı işğal etmişdilər. Onlar bizə qarşı soyqırımı törədiblər. Onlar bizim şəhərlərimizi yerlə bir ediblər. Biz, sadəcə olaraq, özümüzü müdafiə etmişik, lazımi səviyyədə müdafiə etmişik və işğalçıları torpaqlardan qovmuşuq”.

Dövlət başçısı müsahibəsindən bir gün sonra imzaladığı

fərman

la işğaldan azad edilən ərazilərdə Prezidentinin xüsusi nümayəndəliklərini təsis edib.

Fərmana əsasən, xüsusi nümayəndə Prezidentin müəyyən etdiyi ərazi hüdudlarında onu təmsil edən vəzifəli şəxsdir: “Xüsusi nümayəndə Prezidentin müəyyən etdiyi ərazi hüdudlarında onun müəyyən etdiyi səlahiyyətləri həyata keçirir”.

İsa Qəmbər: "Böyük şəhərlərdə mer seçilməlidir"

Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) sədri İsa Qəmbər dövlət başçısının çıxışından yaranan sualların onun özünə aid olduğunu bildirib:

“Müasir, yeni idarəetmə deyəndə nəyi nəzərdə tutur? Əslində, bəzi ipucları verib, söyləyib ki, şəhərsalma müasir üsullardan istifadə etmək, su, insanların torpaqlarının mənimsənilməsi problemlərinə toxunub. Yəni insanların hüquqlarının pozulması haqda bir neçə fikir ifadə edib. Məncə, daha önəmli fikir ondan ibarətdir ki, yeni idarəetmə üsulu azad olunan ərazilərdə sınaqdan keçiriləndən sonra digər bölgələrə yayılacaq, dövlət başçısı belə açıqlama verib”.

Isa Gambar – Musavat (2).jpg
İsa Qəmbər

İsa Qəmbərin sözlərinə görə, İlham Əliyevin hakimiyyəti dönəmində bir tendensiya diqqəti cəlb edir: hakimiyyət hər hansı problemi həll edə bilməyəndə problemi yaradan strukturu, şəxsləri kənarlaşdırıb qayda-qanun yaratmaq əvəzinə, paralel struktur yaradılır. Məsələn, dövlət idarələrində rüşvətxorluğu aradan qaldırmaq əvəzinə zamanında “ASAN-Xidmət”, “Dost-Xidmət” yaradıldı. Elə bil ki, əvvəlki strukturlara rüşvət almaq imkanı verilir, amma adlarını xatırladığım qurumlarda rüşvət almaq olmaz. İlham Əliyev bu tipli paralel strukturlar yaratmaq üçün müəyyən cəhdlər göstərib. İndi həmin proses davam edir, monopoliya sahiblərinin hakimiyyətdən uzaqlaşdırılması, ölkənin oliqarxlar vasitəsilə idarə edilməsi əvəzinə menecerlər tərəfindən idarə edilməsi sisteminə keçirilməsi xətti son illərdə özünü göstərir. Əvəzində də bütün monopoliya bir adamın, bir ailənin əlində cəmlənir. Amma İlham Əliyev belə bir eksperiment aparır. Bu, onun etdikləridir, mənim təmsil etdiyim düşərgə isə uzun illərdir köklü dəyişikliklər təklif edir. Dəfələrlə ictimaiyyətin iştirakıyla yeni Konstitusiya layihəsinin hazırlanmasını təklif etmişik. Sonra da onun ictimai müzakirəsi təşkil olunmalıdır. Həmin layihədə Azərbaycanın müasir idarə olunması üçün bütün imkanlar yaradılmalıdır. Biz parlament idarəçilik sisteminə keçidi, yerlərdə bələdiyyə idarəetməsinin qurulması, böyük şəhərlərdə mer seçilməlisini hesab edirik”.

İsa Qəmbər işğaldan azad olunmuş zonalarda hər şeyin sıfırdan qurulması imkanının olduğunu düşünür: “Xüsusən də ermənilərin yaşadığı ərazilərdə müasir bələdiyyə sistemi yaratmaq zəruridir, yalnız bu halda həmin ərazilər Azərbaycanın suverenliyi altına keçər, rus sülhməramlılarının ordan çıxarılması imkanları yarana bilər. Amma mümkün deyil ki, Azərbaycanın bir hissəsində müasir bələdiyyə sistemi formalaşsın, digər ərazilərdə olmasın. Ona görə də ayrı-ayrı məkanlarda eksperimentlər öz yerində, amma ölkə miqyasında ciddi yeniliklərə ehtiyac var və bunu yolu da ictimai qüvvənin buxovlarının ləğv olunması, xalqa proseslərdə birbaşa iştirak etmək imkanı yaradılması, yeni Konstitusiya layihəsi yaradılmasından başlamış köklü demokratik dəyişikliklər mərhələsinə daxil olmaq lazımdır”.

MSDM sədri deyir ki, Azərbaycanın gələcək inzibati idarəetmə forması haqda ideyalar olsa da, köklü yenilənməyə ehtiyac var: “Bu tipli qərarlar ictimaiyyətin və mütəxəssislərin ciddi müzakirəsindən keçirilərək qəbul edilməlidir. Dünyada uğurlu vilayət və rayon modelləri var, önəmli olan onların müasir, azadlığa, demokratiyaya, ictimai təşəbbüsə, nəzarətə əsaslanan qaydalarla idarə olunmasıdır”.


Əli Kərimli: "Dəyişikliklər bütün bölgələrə şamil olunmalıdır"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli hesab edir ki, dövlət başçısı “müasir idarəetmə sistemi əsasında” deyəndə nə düşündüyünü özü açıqlamalıdır: “Əlbəttə ki, həm mən, həm də cəmiyyət yeni idarəetmə modeli barədə düşünəndə korrupsiyanın, rüşvətin olmadığı, inzibati idarəetmənin yerli idarəetməylə əvəz olunduğu, seçkilərin, dövlət satınalmaların şəffaf keçirildiyi, azad, normal məhkəmə hakimiyyəti, medianın, şahın qanun yox, qanunların şah olduğu idarəetmədən söhbət gedə biləcəyini düşünürük. Azərbaycan hakimiyyəti belə bir idarəetmə yaratmağa qadirdirmi, mən şübhə edirəm. Qadirdilərsə, onu bütün Azərbaycana şamil etməlidirlər, yalnız işğaldan azad olunan bölgələrə yox. Əgər yeni idarəetmə deyiləndə işğaldan azad olunan bölgələrin, şəhərlərin plan üzrə bərpası nəzərdə tutulursa, bu, gözlənilənlərin çox az qismidir”.

Screenshot at Dec 24 17-21-37.png
Əli Kərimli

“Rayonların vilayətlərə, yaxud quberniyalara çevrilməsi haqda səslənən fikirlərə AXCP-nin yanaşması necədir?” sualına Əli Kərimli belə cavab verib: "Yerli idarəetməylə bağlı dəyişiklik yalnız işğaldan azad olunmuş bölgələrə şamil olunmamalıdır. Yerli idarəetmə islahatı bütün Azərbaycana şamil olunmalıdır. Biz uzun müddət əvvəl Milli Məclisə qanunvericilik təşəbbüsüylə təklif etdik ki, Azərbaycanda bələdiyyələrin səlahiyyəti genişləndirilsin, onların maliyyə müstəqilliyi təmin olunsun, ümumiyyətlə, özünüidarəetmə bələdiyyələrə verilsin. Amma bizim nəzərimizdə ərazi vahidlərinin dəyişdirilməsi yoxdur. Çünki bu dəyişilmə əlavə xərclərlə nəticələnəcək. Onsuz da rayonlar üzrə idarəetmə orqanları formalaşıb, üstəlik yeni vilayət idarəetmə orqanlarının yaranması əlavə xərclərə, tikintilərə gətirəcək və yerli hakimiyyəti də xalqdan bir az uzaqlaşdıracaq. Biri var insanlar icra orqanına getmək üçün 20-30 kilometr qət etsinlərə, biri də var ki, 70-100 kilometrdən idarəetmə orqanına getsinlər. Ona görə biz bunu zəruri saymırıq. Düşünürük ki, indiki inzibati ərazi bölgüsünü saxlamaqla, amma bələdiyyə idarəetməsinə keçməklə yerli idarəetməni xalqa yaxınlaşdırma olar”.


Natiq Cəfərli: "İri iqtisadi rayonlar yaradılmalıdır"

ReAl Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli isə deyir ki, ölkə üzrə yerli idarəetmə institutu gücləndirilməlidir:

"Bunun model olaraq işğaldan azad olunan torpaqlarda təsdiqi bir çox məsələlərin həllində yardımçı ola bilər. Ümumiyyətlə, bu təkcə effektli idarəetmə yox, gələcəkdə əsasən də Rusiya tərəfindən qaldırılan status məsələsinin həllinə yardımçı olmalıdır. Məsələn, Xankəndində mer seçkilərinin keçirilməsi, yaxud yerli özünüidarəetmə institutlarının tətbiqi bu məsələni də həll edə bilər. Status yalnız siyasi-coğrafi anlamda deyil, idarəetmə formasıdır. Ən əsası bu, Azərbaycan Konstitusiyasına görə bütün ölkədə tətbiq edilməlidir. İşğaldan azad olunan ərazilərdə bir model, başqa ərazilərdə başqa modelin tətbiqi mümkünsüzdür. Ona görə də idarəetmə modelinin təkmilləşdirilməsi vacibdir, icra hakimiyyəti instititu artıq özünü doğrultmur, dəfələrlə icra başçılarının həbsləri də oldu, amma dəyişiklik olmadı. Təyin olunan yeni icra başçılarının yaxşı idarəetməsini söyləmək mümkün deyil”.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli bildirib ki, Azərbaycanda rayonlar təmərgüzləşməli, iri iqtisadi rayonlar yaradılmalıdır:

“Ölkədə 10-12 böyük iqtisadi rayon yarana bilər, prezident də öz nümayəndəsini həmin rayonlara təyin edər. Yerdə qalan bütün özünüidarəetmə orqanları seçkili olmalıdır. Azərbaycanda 80-dən çox rayon var, hər birinin özünün icra başçısı, prokuroru, polis rəisi, məhkəmə sədri var, bunlar artıq korrupsiya mənbəyinə çevrilib, effektiv idarəetmə kimi də özünü doğrultmur. Ona görə də böyük iqtisadi rayonlar yaradıla bilər. Bunun üçün institutsional islahatlar konstitusion əsasda olmalıdır. Yeni Konstitusiya hazırlanıb qəbul edilməlidir. Yeni idarəetmə forması olacaqsa, bu, Konstitusiyada öz əksini tapmalıdır. Onsuz da Ana Yasada çox boşluqlar, mənasız əlavələr olub, bunların hamısının çıxarılmasına ehtiyac var”.

Ana səhifəSiyasətİsa Qəmbər: Bütün monopoliya bir adamın, bir ailənin əlində cəmlənir