İqtisadçılar manatla bağlı müzakirə apardılar

Ekspertlər Mərkəzi Banka və Nazirlər Kabinetinə tövsiyələr hazırlayıblar

Source:


Ekspertlər Mərkəzi Banka və Nazirlər Kabinetinə tövsiyələr hazırlayıblar

Fevralın 27-də Azərbaycan Demokratik Rifah Hərəkatının təşəbbüsü ilə manatın devalvasiyasına həsr olunan tədbir keçirilib.

İqtisadçı ekspertlərin iştirakı ilə aparılan müzakirələrdə manatın devalvasiyasının yaratdığı böhran və ondan çıxış yolları müzakirə olunub. “Mərkəzi Bankın irəli sürdüyü arqumentlər ümumi xarakter daşıyır, yetərincə əsaslandırılmayıb”. Bu sözləri ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyi pisləşə, aztəminatlı əhalinin sosial durumu ağırlaşa bilər. Bu isə xüsusilə neft gəlirləri hesabına maliyyələşən daxili sərmayələrin azaldığı dövrdə milli iqtisadiyyatda artımın davamlılığının təmin edilməsi üçün xarici sərmayədən, biznesin potensialından istifadə imkanlarını məhdudlaşdırar və iqtisadiyyatda tənəzzül təhlükəsi yaradar.

Musavat.com-un məlumatına görə, o, həmçinin qeyd edib ki, Mərkəzi Bankın qərarından sonra yaranan çətinliklərin yükünü əhalinin və biznes qurumlarının üzərinə qoyulması yolverilməzdir: “Devalvasiya xərclərinin onlar tərəfindən ödənilməsi yolverilməzdir”.

Q.İbadoğlunun fikrincə, ekspert qiymətləndirmələri milli iqtisadiyyatın hələ də bazar qanunları ilə yox, inzibati üsullarla tənzimləndiyini ortaya çıxarıb. “Odur ki, böhranqabağı və böhran dövründə milli iqtisadiyyatın idarə edilməsi ilə bağlı qərarların bir neçə səlahiyyətli şəxs tərəfindən həyata keçirilməsi əlavə risklər və təhlükələr yaradır. Hazırda milli iqtisadiyyatın idarə edilməsi xeyli mürəkkəbləşdiyindən, kənar amillərin, xarici təsirlərin rolu getdikcə artdığından, biz hökumətə və Mərkəzi Banka təkliflər verəcəyik”,- deyə ekspert vurğulayıb.

Ekspert Fuad İbrahimov bildirib ki, manatın bu şəkildə ucuzlaşdırılması bazar münasibətlərinə ziddir: “Devalvasiyanın həyata keçirilməsi prosesi çox kobud, hazırlıqsız aparılıb”.

Salman Əlioğlu isə devalvasiyanın qaçılmaz olduğunu deyib: “Bu, olmasa, yerli sahibkarlar müflis ola bilərdi. Yumşaq devalvasiyanın nəticələri daha pis ola bilərdi. Anaq indiki məqamda da tədbirlərin görülməsi vacibdir”.

Nazim Məmmədov isə bildirib ki, Mərkəz Bank ölkə iqtisadiyyatın real sektoruna kredit ayırmağa tələsmədi. Həmçinin, xaricdəki valyuta ehtiyatlarını ölkəyə gətirmədi. “Mənə elə gəlir ki, Mərkəzi Bank rezervlərinin üzərində səlahiyyətini itirib”.

Ekspert Vahid Məhərrəmovun fikrincə, ərzaq məhsullarının bahalaşması qaçılmazdır. Onun sözlərinə görə, yerli sahibkarların müflis olma təhlükəsi böyükdür və bu proses iqtisadiyyatı zəiflədəcək.

Tədbir iştirakçıları vəziyyətdən çıxmaq üçün Mərkəzi Banka və Nazirlər Kabinetinə tövsiyələr də hazırlayıblar. Bunlar 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanata yenidən baxıb korreksiya aparmaqdan, valyuta əməliyyatlarının tənzimlənməsi ilə bağlı normativ sənədlərə yenidən baxaraq, onları təkmilləşdirməklə hazırki şəraitdə banklar və valyutadəyişmə məntəqələri tərəfindən spekulyasiyaların qarşısını almaqdan ibarətdir. Həmçinin, Mərkəzi Banka depozitlərin və kreditlərin faiz dərəcələrinin tənzimlənməsi, onların orta göstəriciləri arasında fərqin azaldılması üçün mövcud pul-kredit alətlərindən daha çevik istifadə təklif edilir. Nağdsız hesablamaların infrastrukturunu genişləndirməklə, eləcə də onu stimullaşdırmaqla gizli pul dövriyyəsinin, iqtisadiyyatda dollarlaşma səviyyəsinin azaldılması da təkliflər sırasındadır.

Ekspertlər Nazirlər Kabinetinə aztəminatlı əhalinin normal yaşayışını təmin etmək üçün pensiyaların və maaşların indeksləşdirilərək artırılmasını, sosial müdafiə və sosial təminat proqramlarının genişləndirilməsini, ünvanlı sosial yardım paketinin artırılmasını tövsiyə edir. Eyni zamanda, investisiya fəaliyyəti üçün əlverişli biznes mühitinin yaradılması, antiinhisarçılıq siyasətinin gücləndirilməsi, azad sahibkarların işinə dövlət orqanlarının yersiz müdaxilələrini qarşısının alınması təklif edilir. İzafi mənfəət əldə edilməsi məqsədi ilə təsərrüfat subyektləri tərəfindən süni qiymət artımına qarşı mübarizənin gücləndirilməsi də təkliflərdən biridir. O cümlədən, iqtisadçı mütəxəssislərdən ibarət daimi əsaslarla fəaliyyət göstərən ekspert şurasının yaradılması tövsiyə edilir.

Ekspertlər istehlakçıları və iş adamlarını bu ərəfədə ehtiyatlı davranmağa, ailə büdcəsi və bizneslə bağlı iqtisadçı və hüquqşünasların məsləhətləri əsasında əsaslandırılmış və rasional qərarlar qəbul etməyə çağırır.

Ana səhifəXəbərlərİqtisadçılar manatla bağlı müzakirə apardılar