Bir filmin əks-sədası

Foto: “Xainlər” filmindən screenshot

Zərdüşt Əlizadə

Tək sabiq sovet məkanında deyil, bütövlükdə dünyada liberalizm ideologiyası və təcrübəsi dərin iflasa uğrayıb

On gün olar ki, rus bloqosferasında rus liberalları bir-birini qırır, mərhum Aleksey Navalnının “Korrupsiyaya Qarşı Mübarizə Fond”unun aparıcı simalarından olan Marina Pevçixin hazırladığı “Predateli” (“Xainlər”) filmini qızğın müzakirə edirlər. İstəyən şəxs bu müzakirə çarxlarına tamaşa edə bilər. Sizin bəndeyi-həqiriniz bir-ikisinə baxıb mətləbi tuta bilib.

Mətləb ondan ibarətdir ki, Marina Pevçix çoxunun bildiyi həqiqəti açıb deməyə və göstərməyə cəsarət edib: Putinin istibdad üsuli-idarəsinin təməli hamının demokrat saydığı Boris Yeltsinin hökmranlığı dövründə qoyulub və putinizm, elə yeltsinizm də, sovet nomenklatura istibdadının fərqli qiyafədə müasir təcəssümüdür.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Bu, ona bənzəyir ki, Azərbaycanda sizin həqir bəndəniz artıq 30 ildir deyir: Heydər Əliyevin qurduğu üsuli-idarənin təməlini Əbülfəz Əliyevin AXC rejimi öz əməlləri ilə qoyub.

Bu fikir  Rusiyada liberalizmi və Azərbaycanda türk millətçiliyini din səviyyəsində müqəddəsləşdirən müftə qoğal aşiqlərini möhkəm əsəbiləşdirir. Necə yəni, biz, rus liberalları (Azərbaycan millətçiləri), sevimli Rusiyada (bizim Azərbaycanda) azad və firavan bir quruluş yaratmaq, rus xalqını (millətimizi) bəxtəvər etmək istəyirdik, lakin azadlıq hərəkatının başında gedən Prezident Boris Yeltsin (Əbülfəz Elçibəy) faciəvi bir səhvə yol verdi və öz yerinə DTK podpolkovniki Vladimir Putini (DTK general-mayoru Heydər Əliyevi) təyin etdi.

Putini (Əliyevi) deyil, məsələn, Boris Nemtsovu  (İsa Qəmbəri) təyin etsəydi, səbət dibindən gilas töküləcəkdi.

Mən bu filmin hələlik İnternetə qoyulmuş iki hissəsinə tamaşa etmişəm. Bilmədiyim heç bir yeni məlumata rast gəlməmişəm. Hətta filmin rejissorunun göstərmədiyi bir-iki vacib tarixi faktı, məndən olsaydı, filmə əlavə edərdim ki, onun təsir gücü bir meqaton artsın. Lakin mən sadəcə tamaşaçıyam və imkanım film barədə yalnız rəy söyləməyə çatır.

1.SSRİ-ni dövlət kimi və sosializmi quruluş kimi nəzəri cəhətdən xilas etmək,  Qorbaçovun elan etdiyi “insan çöhrəli sosializm” qurmaq mümkün idi. Bu məqsədi, məsələn, Azərbaycan Xalq Cəbhəsinin ilk Məramnaməsi elan etmişdi. Məqsəd sovet sosializminin cövhərini qorumaq, onu dərin islahatlar yolu ilə “İsveç sosializmi”nə çevirmək idi. Lakin oxuduğumuz abzasın ilk cümləsində ən vacib iki sözü oxucumun diqqətinə dübarə çatdırıram: nəzəri cəhətdən. Bəli, nəzəri cəhətdən bu islahat mümkün idi, lakin həyat sübut etdi ki, bu nəzəri ehtimalı gerçəkliyə çevirmək üçün tələb olunan mütəşəkkil və savadlı insan potensialı yox idi. Nə sosializm ideologiyasına və xalqa xidmət amallarına xəyanət etmiş Sov.İKP-nin ali partnomenklaturasında belə potensial var idi, nə də bilmədikləri və qanmadıqları “demokratiya” şüarları ilə siyasi səhnəyə atılmış sıravi vətəndaşlarda, bu acgöz vəzifə hərislərində belə potensialın nişanələri sezilirdi. Həmin həlledici tarixi məqamda sovet cəmiyyətini aşağıdan yuxarıya kimi çulğalamış “lümpenləşmə” təzahürü bu nadir tarixi fürsətdən bəhrələnmək imkanını sıfra yaxınlaşdırdı.

2.SSRİ-nin süqutundan sonra yaranmış müstəqil dövlətlərin hamısında hakimiyyətə ya nomenklatura zümrəsinin əlaltıları, ya da nomenklaturanın öz nümayəndələri gəldilər və əllərindən gələni etdilər ki, “İsveç sosializmi” nümunəsi bu məkanda təkrarlanmasın. Bu nümunə xalq malını yağmalamağa macal verməzdi. Nəticə göz önündədir. Müstəqil dövlətlərin milli sərvətinin şir payı xalqa deyil, nomenklatura nümayəndələrinə məxsusdur, bu dövlətlərdə demokratiyanın əlamətləri belə yoxdur, əvəzində xalqı əzməyə qadir olan mükəmməl cəza cihazı yaradılıb. Bu müstəqil dövlətlərin hamısı, içi Rusiya olmaqla, tarixi inkişaf baxımından əzı yüz il geriyə dığırlanıb.

Cəmiyyətlərdə liberalizmi və sosializmi dərk edə biləcək insanların kəmiyyət artımı hələ ki çox cüzidir və keyfiyyət dəyişikliyinə gətirə biləcək həddə  çatmayıb, bu səbəbdən həm sosializmi, həm də liberalizmi bədnam edən liderlər üstünlük qazanır.

3.Nə Rusiyanın, nə də digər postsovet sabiq sovet respublikalarının hansısa işıqlı gələcək üfüqləri görünür. Onların hamısında hakimiyyətdə komprador tüfeyli bir zümrə bərqərar olub və bu zümrənin əsas məqsədi hakimiyyətini qorumaq, bu hakimiyyətə uzanmaq istəyən xalq əlini dibindən kəsməkdir. Avtoritar hakimiyyətləri dinc və qanuni seçki yolu ilə kənarlaşdırmaq cəhdləri puç xülyadır və bu dövlətlərdə hakimiyyət dəyişikliyi onları sarsıdan hansısa dəhşətli bir böhran baş verməzsə,  əsla mümkün deyil.

Marina Pevçix. Foto:”Xainlər” filmindən screenshot

Tək sabiq sovet məkanında deyil, bütövlükdə dünyada liberalizm ideologiyası və təcrübəsi dərin iflasa uğrayıb və bu sadə həqiqəti yalnız liberalizmin kor fanatikləri inkar edir. Bu iflasın sadə səbəbi var. Necə ki, humanist sosializm ideologiyasını gerçək sosializm quruluşlarının, ilk növbədə SSRİ-nin xain liderləri öz alçaq əməlləri ilə bihörmət etdilər, eynilə də özlüyündə hədsiz dəyərli olan liberalizm amallarını gerçək Qərbin simasız və səviyyəsiz liderləri öz murdar siyasətləri və cinayətləri ilə dünyanın gözündən saldılar.

Səbəb nədir? Bu ülvi amalları dərk edən və həyatını onlara uyğun qurmağa can atan əxlaqlı və savadlı vətəndaşların sayı çox azdır. Cəmiyyətlərdə liberalizmi və sosializmi dərk edə biləcək insanların kəmiyyət artımı hələ ki çox cüzidir və keyfiyyət dəyişikliyinə gətirə biləcək həddə  çatmayıb, bu səbəbdən həm sosializmi, həm də liberalizmi bədnam edən liderlər üstünlük qazanır.

Ümid qalıb yenə təkamülə, yeni insani dəyərləri dərk etməyə qadir olan vətəndaşın təşəkkülünə. Başqa çarə yoxdur.

Təbii ki, belə vətəndaşı yetişdirmək üçün yaxın və uzaq tarix yenidən araşdırılmalı, hadisələrin həqiqi cövhəri göstərilməlidir. Bax, tarixə belə yeni baxış, lap indi Rusiyada olduğu kimi, siyasi xəta və cinayətləri törətmiş insanlarda qəzəb və etiraz hissi doğuracaq, onlar ortaya atılıb həqiqəti açmağa və deməyə çalışan insanları susdurmağa çalışacaqlar.
Necə ki, xainlər “Xainlər” filmini inkar etməyə çalışırlar.

Ana səhifəMənim FikrimcəBir filmin əks-sədası