İqtisadçı: Minimum əmək haqqı gəlir vergisindən azad olunmalıdır

“Fiziki şəxslərin gəlir vergisindən azad olunan hissənin 200 manatdan 300 manatadək artırılması daha məqsədəuyğun olardı”

Source: Google

“Bu aydan minimum əmək haqqı 250 manata çatdırılıb. Məbləğ minimum olsa belə, gəlir vergisinə cəlb olunub”.

İqtisadçı Vüqar Bayramov belə deyir. O hesab edir ki, minimum əmək haqqı böyük məbləğ olmadığından gəlir vergisindən azad edilməlidir.

Preziden İlham Əliyev iyunun 18-də minimum əməkhaqqının və bəzi dövlət qurumlarında maaşların artırılması ilə bağlı bir neçə sərəncam imzalayıb.

"Beləliklə, bu ilin dövlət büdcəsində əmək haqlarının artırılmasına 780 milyon manat vəsait ayrılıb".

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı iyunun 19-da keçirdiyi mətbuat konfransında deyib:

“Prezidentin imzaladığı inqilabi sosial paket 2 milyona qədər insanı əhatə edir. Bunun maliyyə tutumu isə 1 milyard manata yaxındır. Bu da sosial vəziyyətin daha da yaxşılaşdırılması deməkdir”.

İqtisadçı Qubad İbadoğlu daha öncə verdiyi açıqlamalarında güman edir ki, əlavə pul 2019-cu ilin əvvəlinə büdcəyə aid vahid xəzinədə qalan 872 milyon manatdan və ya başqa vəsaitdən cəlb olunacaq.

Vüqar Bayramov isə bildirir ki, mövcud qanunvericiliyə əsasən, qeyri-neft və qeyri-dövlət sektorunda çalışmayan və güzəştli kateqoriyaya düşməyən işçi ilə 250 manatlıq əmək müqaviləsi bağlanıbsa, ona ödənilən pul daha az olur:

“Qanunvericiliyə əsasən, həmin əmək haqqından 7 manat ((250 manat-200 manat) x 14 faiz) – gəlir vergisi, 7,50 manat ((250 manat x 3 faiz) – sosial ayırma və 1,25 manat (250 manat x 0,5 faiz) – işsizlikdən sığorta tutulur. Bu vəsaitlər tutulandan sonra işçiyə 234,25 manat qalır. Deməli, minimum əmək haqqı məbləğinə uyğun müqavilə bağlayan işçi 250 manat yox, 234 manat 25 qəpik alır”.

İqtisadçı deyir ki, sosial ayırmaların həyata keçirilməsi işçinin pensiya təminatı üçün vacib olduğundan sosial ödənişlər anlaşılandır. Onsuz da minimum əmək haqqıdan alınan gəlir vergisi büdcədə ciddi paya malik deyil. Buna görə də, minimum əmək haqqının gəlir vergisindən azad edilməsinə ehtiyac var:

“Bu baxımdan, fiziki şəxslərin gəlir vergisindən azad olunan hissənin 200 manatdan 300 manatadək artırılması daha məqsədəuyğun olardı. Doğrudur, Vergi Məcəlləsində vergidən azad olunan məbləğ minimum əmək haqqı ilə əlaqələndirilməyib. Qeyri-neft və qeyri-dövlət sektorunda çalışan və aylıq maaşı 8 min manatdan az olanların növbəti 7 il müddətində belə güzəştlərdən istfadə etdiyini nəzərə alsaq, o zaman digər sektorlarda vergidən azad olunan məbləğin artırılmasına ehtiyac var”.

Vüqar Bayramov əlavə edir ki, bu, minimum əmək haqqı səviyyəsində maaş alan vətəndaşın daha çox əmək haqqı almasına səbəb olar.

Sentyabrın 1-dək Azərbaycanda minimum əməkhaqqı 180 manat idi. Bu il martın 1-dən minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırılmışdı.

Ana səhifəİqtisadiyyatİqtisadçı: Minimum əmək haqqı gəlir vergisindən azad olunmalıdır