Azərbaycan hökuməti gələn il fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların 29 faiz artacağını proqnozlaşdırır.
Belə ki, 2027-ci ilin dövlət büdcəsi layihəsində gəlir vergisi üzrə 3 milyard 70 milyon manat daxilolma gözlənilir. Bu da 2026-cı ilin büdcə göstəricisi ilə müqayisədə 690,7 milyon manat çoxdur.
Xatırladaq ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 2026-cı ildən etibarən qeyri-neft-qaz özəl sektorda çalışan şəxslər üçün gəlir vergisi üzrə güzəşt müddəti qaldırıldı. Eyni zamanda, cari ildən başlayaraq 2028-ci ilədək bu sektor üzrə vergi dərəcələrinin mərhələli şəkildə artırılması haqqında qərar verildi.
Nəticədə cari ildən etibarən bu sektorda çalışan fiziki şəxslərin aylıq gəlirlərinin 2500 manatadək olan hissəsindən 3 faiz, 2500 manatdan 8000 manatadək olan hissəsindən 10 faiz, 8000 manatdan yuxarı olan hissəsindən isə 14 faiz gəlir vergisi tutulur.
2027-ci ildən gəlir vergisi aşağıdakı qaydada hesablanacaq:
- 2500 manatadək aylıq gəlirdən – 5 faiz;
- 2500 manatdan 8 000 manatadək aylıq gəlirdən – 125 manat + 2 500 manatdan artıq olan hissənin 10 faizi;
- 8000 manatdan çox aylıq gəlirdən – 675 manat + 8 000 manatdan artıq olan hissənin 14 faizi.
2028-ci ildən isə:
- 2 500 manatadək aylıq gəlirdən – 7 faiz;
- 2 500 manatdan 8 000 manatadək aylıq gəlirdən – 175 manat + 2 500 manatdan artıq olan hissənin 10 faizi;
- 8 000 manatdan çox aylıq gəlirdən – 725 manat + 8 000 manatdan artıq olan hissənin 14 faizi.
Bu səbəbdən cari ildə olduğu kimi, 2027-ci ildə də dövlət büdcəsinə bu istiqamətdə vergi daxilolmalarının artacağı proqnozlaşdırılır.
Hesablama Palatasının büdcə rəyində fiziki şəxslərin gəlir vergisi üzrə növbəti ildə gözlənilən yüksək artım tempini vergi potensialının səfərbər edilməsini şərtləndirən amil kimi qiymətləndirib. Eyni zamanda, qurum bir sıra riskləri də qeyd edib.
Gəlir vergisi üzrə daxilolmalarda əsas risklər
Ümumiyyətlə, son illər neft-qaz gəlirlərinin azalması fonunda hökumət vergi inzibatçılığını sərtləşdirmək, bir çox vergi güzəştlərinin müddətini uzatmamaq, eləcə də bir sıra vergi dərəcələrini yüksəltmək hesabına büdcə daxilolmalarını artırmağa çalışır.
Məsələn, 2026-cı ildə qeyri-neft-qaz sektorunun özəl bölməsində çalışan fiziki şəxslər üçün gəlir vergisi üzrə güzəşt müddətinin başa çatması fonunda bu vergi növü üzrə büdcə daxilolmalarında 17,7 faiz və ya 357,8 milyon manat artım proqnozlaşdırılıb.
Hesablama Palatasının 2027-ci ilin dövlət büdcəsi rəyində də qeyd edilir ki, növbəti ildə əvvəlki illərlə müqayisədə dövlət büdcəsi gəlirlərinin artımında əsas rol vergi daxilolmalarına məxsus olacaq.
Lakin Palata onu da vurğulayır ki, qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə aylıq qrafikə uyğun proqnozlaşdırılan daxilolmalar tam icra edilməyib. Bu baxımdan qurum proqnozun icrası ilə bağlı risklərin olduğunu bildirir:
“2026-cı ilin 9 aylıq icra göstəricilərinin təhlili növbəti ildə neft-qaz sahəsində fəaliyyəti olmayan və özəl sektora aid edilən vergi ödəyicilərində muzdlu işlə əlaqədar əldə edilən gəlirlərdən gəlir vergisi üzrə proqnozlaşdırılan gəlirlərin icrasında risklərin yaranma ehtimalının olduğunu göstərir”.
Palatanın təhlilinə görə, 2026-cı ilin 9 ayı ərzində qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə gəlir vergisindən faktiki daxilolmalar illik proqnozun təqribən 70 faizini təşkil edib. Gələn il isə bu sektorda vergi dərəcəsinin 2 faiz bəndi artırılaraq 5 faizə çatdırılması nəzərdə tutulur. Bunun fonunda növbəti il üçün daxilolma proqnozu cari illə müqayisədə 62,2 faiz və ya 237,9 milyon manat artırılaraq 620,4 milyon manat müəyyən edilib. Bu isə orta hesabla ayda təqribən 52 milyon manat daxilolma deməkdir.
Lakin 2026-cı ilin 9 aylıq icra göstəricilərinə əsasən, bu sektor üzrə orta aylıq faktiki daxilolmalar təqribən 30 milyon manat təşkil edib.
Hesablanmış 90,5 milyon manat vergi niyə ödənilməyib?
İqtisadçı ekspert Toğrul Vəliyev “Telegram” hesabında yazır ki, Dövlət Vergi Xidməti 2026-cı il ərzində qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə gəlir vergisindən dövlət büdcəsinə əlavə 382,5 milyon manat daxil olacağını proqnozlaşdırıb.
Gələn ildən 2500 manatadək əməkhaqlardan tutulacaq gəlir vergisinin 2 faiz bəndi artacağı halda bunun hansı effekti olacaq?
İqtisadçı bildirir ki, Dövlət Vergi Xidməti əlavə 2 faiz və həm də orta aylıq nominal əməkhaqqının gələn il 8,7 faiz artması nəticəsində daha 238 milyon manat gətirəcəyini proqnozlaşdırır:
“Bununla da dövlət büdcəsinə iki il ərzində 1 milyard manat əlavə gəlir gəlməlidir. Bəs bu il nə baş verir? Hesablama Palatasının məlumatına görə, qeyri-neft özəl sektorunda muzdlu işdən gəlir vergisi üzrə 2026-cı ilin 9 ayı ərzində dövlət büdcəsinə 266,4 mln manat daxil olub. Bu da illik proqnozun 69.6 faizdir. Rəsmi məlumata görə, artıq 75 faiz olmalı idi. Deyilənə görə bu sadəcə ödəniş problemidir. Çünki “Vergi orqanları tərəfindən təmin edilən büdcə gəlirləri barədə hesabat forması”na əsasən, bu sektor üzrə 2026-cı ilin 9 ayı üzrə real hesablama 356,9 milyon manat olub. Amma bunun 90,5 milyonluq hissəsi hələ də ödənilməyib. Belə bir fərqin səbəbinə dair məlumat verilmir”.
İqtisadçının fikrincə, gəlir vergisinin ödənilməməsini təsəvvür etmək çətindir, çünki müvafiq vəsait onsuz da işçinin əməkhaqqından çıxılır.
“Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatlarına istinad etsək, təxmin edə bilərik ki, 9 ay ərzində hardasa 250-260 milyon manat ödənilməli idi və elə də ödənilib. Nəyə görə Vergi Xidmətinin hesabladığı rəqəm hətta rəsmi statistikadan da yüksəkdir – bu heç cür izah olunmur. Bundan əlavə, Maliyyə Nazirliyinin verdiyi məlumata görə, bu ilin üç rübündə dövlət büdcəsi fiziki şəxslərin gəlir vergisi üzrə 1 milyard 775 milyon manat toplayıb. Bunun 15 faizlik hissəsi müvafiq verginin payına düşür və ya artımın 80 faizi məhz müvafiq verginin payına düşüb. Göründüyü kimi, əks halda müvafiq maddə üzrə artım çox cüzi olacaq idi”, – deyə T.Vəliyev qeyd edir.
O vurğulayır ki, Vergi Xidməti gələn il müvafiq maddənin daxilində həm də 122,7 milyon manatını muzdlu işə aid olmayan fəaliyyətdən gəlir vergisi üzrə və 189 milyon manatını fiziki şəxslərin digər gəlirlərindən gəlir vergisi üzrə toplamaq istəyir:
“Hər iki istiqamət üzrə növbəti il toplanan vəsaitlərin həcmi 39,7 faiz və 98,9 faiz çox artmalıdır. Nəyin hesabına bu baş verəcək?
Vergi Xidməti deyir ki, bu ilin 9 ayında fiziki şəxslərin digər gəlirlərinə 258,9 milyon manat vergi hesablanıb, amma 107,7 milyon manat daxil olub. Buna görə artım üçün potensialın olduğu qənaətinə gəliblər. Burada yenə də qəribə vəziyyət yaranıb. Azərbaycanda hansı fiziki şəxslər var ki, hesablanmış vergini ümumiyyətlə ödəmirlər? Yəni sadə sahibkarlar müvafiq vergini ödəməyə məcburdular, çünki əks halda hesabları bloklanacaq. Bəs bu kimlərdir ki, hesabların bloklanması və s. baxmayaraq, vergini ödəməkdən boyun qaçırır? Təəssüf, Hesablama Palatası niyəsə bu məsələni araşdırmağı istəmir”.
Qeyd edək ki, 2027-ci il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat məbləğində proqnozlaşdırılır. Bunun 22 milyard 786 milyon manatını vergi gəlirləri təşkil edəcək. Bu da cari ilin proqnoz göstəricisi ilə müqayisədə 1 milyard 395 milyon manat və ya 6,5 faiz çoxdur.
Dövlət büdcəsinin xərcləri isə 42 milyard 400 milyon manat məbləğində proqnozlaşdırılır.