Müəlliflik hüququ yazıçı və jurnalistlərin əsərlərini qorumaq üçün nəzərdə tutulsa da, Azərbaycanda bu mexanizmdən tənqidi materialların internetdən silinməsi üçün istifadə edildiyi bildirilir. Bu barədə “Index on Censorship” nəşrinin rəhbəri Jemimah Steinfeld yazıb.
Steinfeld yazır ki, son vaxtlar Azərbaycan, Somali və ABŞ-nin Florida ştatında müəlliflik hüququ ilə bağlı əsassız şikayətlər tənqidi materialların internetdən yoxa çıxarılması üçün istifadə olunub. Onun sözlərinə görə, müəlliflik hüququndan sui-istifadə yeni hal deyil, lakin qısa müddətdə bir-birinə bənzər üç hadisənin ortaya çıxması bunun artıq təsadüfi və ayrı-ayrı hallardan daha çox, “hesablanmış və kök salmış” bir praktikaya çevrildiyi təəssüratı yaradır.
Müəllif yazır ki, bu tendensiyaya ilk dəfə ötən həftə AbzasMedia-nın baş redaktoru vəzifəsini icra edən Günel Səfərovadan aldığı elektron məktub vasitəsilə diqqət çəkib.
Səfərova məktubunda beynəlxalq ictimaiyyətin diqqətini Meta-nın Azərbaycandakı AbzasMedia-nın, eləcə də bir sıra digər müstəqil media qurumlarının və ayrı-ayrı jurnalistlərin “Instagram” səhifələrini bloklamasına yönəldib. Yazıda bildirilir ki, səhifələrin bloklanmasına səbəb kimi müəlliflik hüququnun pozulması ilə bağlı ittihamlar göstərilib.
“Şikayətçilər sübut təqdim etməyiblər”
“Index on Censorship”in yazdığına görə, Səfərova bildirib ki, Azərbaycandakı hallarda şikayətçilər həmin əqli mülkiyyətin sahibi olduqlarını göstərən heç bir sübut təqdim etməyiblər. Buna baxmayaraq, Meta-nın avtomatlaşdırılmış sistemləri şikayətləri qəbul edib.
Nəticədə məqalələr silinib, bəzi hallarda isə Facebook hesabları tamamilə deaktiv edilib.
Səfərovanın sözlərinə görə, azərbaycanlı jurnalistlər bu hücumların koordinasiya olunduğuna və qəsdən eyni mərkəzdən həyata keçirildiyinə inanırlar.
O, baş verənləri “müstəqil medianı susdurmağa yönəlmiş daha geniş təzyiq və repressiya kampaniyasının davamı” adlandırıb.
Steinfeld yazır ki, müəlliflik hüququ normalda yazıçı və jurnalistləri onların əsərlərinin icazəsiz istifadəsindən qorumaq üçün mövcuddur. Lakin onun fikrincə, avtomatlaşdırılmış sistemlərdən istifadə və anonim şikayətlər saxta müəlliflik hüququ pozuntusu bildirişlərinin göndərilməsini asanlaşdırır.
Müəllif qeyd edir ki, müəlliflik hüququ pozuntuları həqiqətən baş verir və sosial media platformalarının belə hallara müdaxilə etməsi normaldır. Bununla yanaşı, avtomatlaşdırılmış, süni intellektlə işləyən və anonim şikayətlərin mövcudluğu saxta silinmə tələblərinin icrasını asanlaşdırır və moderatorların işini çətinləşdirir.
“Index on Censorship” eyni zamanda müəlliflik hüququ ilə bağlı oxşar şikayətlərin Somalidə tənqidi media materiallarının, Florida ştatında isə bir siyasətçi haqqında xəbərlərin axtarış nəticələrindən çıxarılmasına səbəb olduğunu yazır.
Steinfeldin fikrincə, məsələyə daha sərt yanaşma belədir: texnologiya şirkətləri platformaya çıxışı qorumaq naminə ifadə azadlığını çox tez ikinci plana keçirirlər.
Müəllif yazının sonunda bildirir ki, səbəb nə olursa olsun, nəticə eynidir: “Page not found” (“Səhifə tapılmadı)” ifadəsi senzuranı həyata keçirənlərin görmək istədiyi cümlədir.
Avqustun 28-də Azərbaycanın müstəqil media qurumları — AbzasMedia, Meydan TV, Toplum TV, Azadlıq Qəzeti, Qəzetçi, HamamTimes, Azərbaycan Saatı və Mikroskop Media birləşərək birgə bəyanat yayıblar.
Bəyanatda bildirilir ki, son günlər xaricdə fəaliyyət göstərən bu müstəqil mediaların sosial media hesabları saxta müəllif hüququ şikayətləri ilə kütləvi şəkildə bloklanıb və bu, tənqidi səsləri boğmağa yönəlmiş növbəti təzyiq dalğasıdır. Bu rəqəmsal hücumlar redaksiyaların illərdir üzləşdiyi genişmiqyaslı basqıların, saytların bloklanmasının və jurnalistlərin ölkəni tərk etməyə məcbur edilməsinin davamıdır.
Ümumiyyətlə isə, 2023-cü ildən etibarən Azərbaycanda 25-dən çox jurnalist peşə fəaliyyətinə görə həbs olunub.