Gəncədə bir neçə vətəndaş “Any Unboxing” onlayn platformasına yatırdıqları pulları geri ala bilmədiklərini deyir. Dediklərinə görə, platformaya pul yatırmağı onlara Gəncə şəhərində 16 nömrəli məktəbin ibtidai sinif müəllimi Nəsibə Təhmazi və qızı, Şəmkir rayonunun Şiştəpə kəndindəki məktəbdə musiqi müəllimi işləyən Cəlalə Təhmazi tövsiyə edib.
“10 min 500 manat yatırdım, indi geri ala bilmirəm”
Zərərçəkənlərdən Aqilə Abbasova platformaya Cəlalə Təhmazinin vasitəsilə qoşulduğunu və 10 min 500 manat pul yatırdığını deyir. Abbasova sözlərinə görə, Cəlalə Təhmazi ona və daha bir neçə nəfərə platformada pul yatırmaqla daha çox gəlir əldə etməyin mümkün olduğunu bildirib.
“Bizə izah etdilər ki, pul yatırırıq, sonra həmin puldan gəlir götürəcəyik. Mən də inanıb pul yatırdım. 10 min 500 manat qoymuşam. Pulun bir hissəsini borc almışdım. Sonradan pulu çıxarmaq mümkün olmadı”, – Aqilə Abbasova deyir.
Onun sözlərinə görə, Cəlalə Təhmazi Gəncədə platformanın işini təşkil edən şəxslərdən biri kimi tanınıb. Aqilə Abbasova deyir ki, Nəsibə və Cəlalə Təhmazinin tövsiyəsi ilə bir neçə nəfər də platformaya pul yatırıb. Onun sözlərinə görə, daha sonra başqa vətəndaşların da şikayət etdiyini öyrənib.
Aqilə Abbasovanın dediyinə görə, Gülbəniz Hüseynova 2 min 700 manat, Rəna və Lalə Abbasova isə birlikdə 6 min 600 manat pul yatırıb. Meydan TV ilə danışan şikayətçi Gülbəniz Hüseynova da pullarını geri qaytara bilmədiyini deyir.
Nəsibə Təhmazi: “Mən də 30 min manat zərər çəkmişəm”
Nəsibə Təhmazi isə ona və qızı ilə birlikdə insanları aldatdıqları barədə deyilənlərlə razılaşmır. O, Meydan TV-yə bildirib ki, “Any Unboxing”ə özü də qoşulub və platformada gəlir əldə etdiyini gördükdən sonra onu tanıdığı insanlara tövsiyə edib. Nəsibə Təhmazinin sözlərinə görə, heç kimi platformaya pul yatırmağa məcbur etməyib. O deyir ki, insanlar platformaya öz istəkləri ilə qoşulublar və ödənişləri də şəxsi telefonları ilə bank hesablarına girərərk ediblər.
“Mən də reklamdan görüb qoşulmuşam. Mənə də gəlir əldə etməyin mümkün olduğunu göstərmişdilər. Sonra tanıdığım insanlara demişəm. Heç kimi məcbur etməmişəm”, – Nəsibə Təhmazi deyir. O, özü də “Any Unboxing”ə təxminən 30 min manat yatırdığını və həmin puldan zərər çəkdiyini bildirir. Nəsibə Təhmazi bildirir ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır və yekun nəticəni istintaq müəyyənləşdirəcək.
“Any Unboxing” nədir və Azərbaycanda necə yayılıb?
Onlayn şəbəkə Azərbaycanda 2025-ci ilin ortalarında tanınmağa başlayıb. Bu işdə bəzi bloger və influencerlər aktiv iştirak ediblər. Həmin vaxt onlar sosial şəbəkə hesablarında ev və avtomobillər paylaşaraq, bütün bunları “Any Unboxing”dən əldə etdikləri gəlirlə aldıqlarını bildirirdilər. İstifadəçilər onlayn qruplar vasitəsilə “Any Unboxing”in sisteminə cəlb edilib. Onlara virtual qutular satılıb və həmin qutuları açmaqla gündəlik gəlir əldə edəcəkləri vəd olunub. Yeni istifadəçiləri sistemə gətirənlərə əlavə bonuslar da təklif olunub. Platformaya qoşulmaq isə dəvət kodu ilə mümkün olub. Saytda qeydiyyatdan keçmək üçün artıq sistemdə olan bir üzvün yeni istifadəçiyə xüsusi kod verməsi tələb olunub. Bu kod olmadan platformaya girmək və sistemin necə işlədiyi barədə məlumat almaq mümkün olmayıb.
Reklamlar ictimai yerlərdə də yayılıb
Bu il iyulun əvvəlində Daxili İşlər Nazirliyi bu platforma ilə bağlı əməliyyat keçirdiyini açıqlayıb. Məlumatda deyilirdi ki, 300-dən çox adam bu platformaya cəlb olunaraq aldadılıb.
DİN məlumatında bildirilib ki, “Any Unboxing” piramidasını Azərbaycanda Malayziya vətəndaşları təşkil edib. Arzu Musayeva və Səbuhi Məmmədov adlı şəxslər sistemin Azərbaycanda genişləndirilməsində və yeni iştirakçıların cəlb edilməsində iştirak ediblər. Polis bu işlə bağlı bir nəfər Malayziya vətəndaşını və Arzu Musayeva ilə Səbuhi Məmmədovu saxlayıb. Digər Malayziya vətəndaşı barəsində isə beynəlxalq axtarış elan edilib.
Platformanın reklamları yalnız sosial şəbəkələrlə məhdudlaşmayıb. “Any Unboxing”lə bağlı reklam materialları Bakı metrosunda və paytaxtın açıq hava reklamlarında da yerləşdirilib.
DİN-nin əməliyyatından ardınca isə Bakı Metropolitenindən bildirilib ki, platformanın reklamlarının 2026-cı ilin aprelin 24-30-dək, 6 gün ərzində metroda qısa müddətə yayımlanıb, daha sonra isə sökülüb. Açıq hava reklamları ilə bağlı da Dövlət Reklam Agentliyi bildirib ki, “Any Unboxing”in reklam eskizləri aprelin 15-də təqdim olunub və orada investisiya, gəlir və ya piramida sistemi ilə bağlı açıq ifadələr olmadığı üçün onların yerləşdirilməsinə icazə verilib. Daha sonra platforma ilə bağlı şikayətlər yayılandan sonra reklamlar sökülüb.
Hüquqşünas: “Adi vətəndaş aldana bilər, dövlət qurumlarının xəbərsiz qalması inandırıcı deyil”
Hüquqşünas Ruslan Əliyev Meydan TV-yə deyir ki, “Any Unboxing” kimi şəbəkələrin geniş yayılmasında onların ictimai və hətta dövlət qurumlarının yerləşdiyi məkanlarda reklam olunması da etimadın formalaşmasına təsir göstərə bilər. Onun sözlərinə görə, dövlət və hüquq-mühafizə orqanları bu cür şəbəkələrdən ilk mərhələdən xəbərdar olmalı və onların fəaliyyətini araşdırmalıdır.
“Amma biz bunun əksini görürük. Hətta bəzi hallarda zəncirin içərisində hüquq-mühafizə orqanı əməkdaşlarının və ya onların yaxınlarının da yer aldığının şahidi oluruq. Çünki asan qazanc iştahı hər kəsdə ola bilər”,-Ruslan Əliyev deyir.

Onun sözlərinə görə, piramida sxemlərindən istifadə edən şəbəkələrin əsas üsullarından biri yerli strukturların və nüfuzlu şəxslərin sistemə cəlb edilməsi və bununla da şəbəkəyə etibarın artırılmasıdır.
“Ponzi sxemlərinin əsas taktikalarından biri də elə yerli strukturların ağzını vaxtında bağlamaq, onları sistemə daxil edərək şərikə və ya etibarlılıq zəmanətinə çevirməkdir. Ya rüşvət, ya da “sən də pul qoy, pulun artsın” tora salma üsulu ilə bu həyata keçirilir”, -hüquqşünas bildirir.
Ruslan Əliyev hesab edir ki, sıravi vətəndaşın belə bir sistemin piramida sxemi olduğunu anlamaması mümkün olsa da, böyük şəbəkənin bu həddə çatmasından dövlət və hüquq-mühafizə orqanlarının xəbərsiz qalması ciddi suallar doğurur.
Bəs pullar geri qaytarılacaqmı?
“Any Unboxing”ə pul yatıran şəxslər üçün əsas suallardan biri vəsaitlərini geri alıb-almayacaqlarıdır. DİN-in açıqlamasına görə, ilkin maddi ziyanın məbləği 2,5 milyon manata yaxındır. Nazirlik zərərçəkənlərin sayının və dəymiş ziyanın arta biləcəyini də bildirib.
Ruslan Əliyevin sözlərinə görə, “pulu insanlar özləri könüllü şəkildə köçürüblər” arqumenti özlüyündə dələduzluq ehtimalını aradan qaldırmır. Çünki dələduzluqda da zərərçəkən pulu könüllü verir, amma bunu aldatma və ya etimaddan sui-istifadə nəticəsində edir.
Hüquqşünasın sözlərinə görə, cinayət nəticəsində vətəndaşa dəymiş zərərin ödənilməsi üçün hüquqi imkanlar var. Zərərçəkənlər istintaq zamanı dəymiş zərəri təsdiqləyən sənədləri təqdim edə və cinayət işi çərçivəsində mülki iddia qaldıra bilərlər. Lakin pulların geri qaytarılması təqsirləndirilən şəxslərin təqsirinin sübuta yetirilməsindən və onların vəsaitlərinin və ya əmlakının müəyyən edilməsindən asılı olacaq.
Zərərçəkənlər nə etməlidir?
Hüquqşünas deyir ki, platformaya pul yatıran şəxslər ödənişləri təsdiqləyən bank çıxarışlarını, qəbzləri, yazışmaları, verilən vədlərin ekran görüntülərini və digər sübutları saxlamalıdırlar. Zərərçəkmiş şəxslər bu materialları istintaq orqanına təqdim edə və dəymiş zərərin məbləğini göstərməlidirlər. Onların cinayət işi çərçivəsində mülki iddia qaldırmaq hüququ da var.
Meydan TV bu məsələ ilə bağlı DİN-in mətbuat xidmətinə də sorğu göndərib. Zərərçəkənlərin pullarının hansı mexanizmlə və nə vaxt geri qaytarılmasının mümkün olduğu barədə suallarımıza yazı dərc edilənədək cavab verilməyib.