İsrailin mədəniyyət və idman naziri Miki Zohar Qəzza zolağındakı müharibə barədə çəkilmiş “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rachel Szorun ölkə vətəndaşlığından çıxarılması üçün tədbir görəcəyini açıqlayıb.
Nazirin bu açıqlaması filmin Venesiya Film Festivalında Xüsusi Münsiflər Heyətinin mükafatına layiq görülməsindən sonra səslənib.
Miki Zohar rejissorları İsrailə “zərər vurmaq”da və “dövlətə xəyanət”də ittiham edib. O, filmin beynəlxalq səviyyədə nümayiş etdirilməsini də tənqid edib və rejissorların ölkəyə qarşı mövqe sərgilədiyini bildirib.
Zohar sosial şəbəkədə yazıb ki, rejissorların İsrailə zərər vuraraq xaricdə alqış qazanmağa çalışması qəbuledilməzdir. Nazir onların vətəndaşlığının ləğvi üçün dərhal addımlar atacağını bildirib.
“NAZA” filmi İsrail ordusunun Qəzzadakı hərbi əməliyyatlarını araşdırır. Filmdə İsrail ordusu və kəşfiyyatında xidmət etmiş 24 nəfərin anonim ifadələrindən istifadə olunub. Onlar Qəzzada hərbi hədəflərin müəyyənləşdirilməsi və hücumlar zamanı mülki itkilərin nəzərə alınması ilə bağlı iddialar səsləndirirlər.
Filmdə süni intellekt və digər texnologiyaların hədəflərin seçilməsi prosesində mümkün rolu da araşdırılır.
İsrail ordusu isə filmdəki iddiaları rədd edib. Ordu bildirib ki, filmdə anonim mənbələrdən istifadə olunur və onların kimliyini müstəqil şəkildə yoxlamaq mümkün deyil. İsrail ordusu həmçinin Qəzzada hücumlarla bağlı qərarların süni intellekt tərəfindən deyil, insanlar tərəfindən verildiyini açıqlayıb.
“NAZA” sentyabrın 12-də Venesiya Film Festivalında Xüsusi Münsiflər Heyətinin mükafatını qazanıb. Filmin nümayişindən sonra tamaşaçılar təxminən 25 dəqiqə ayaq üstə alqışlayıblar.
Rejissorlar Yuval Abraham və Rachel Szor daha əvvəl “No Other Land” sənədli filmi ilə də tanınıblar. Film 2025-ci ildə “Ən yaxşı sənədli film” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.
Miki Zoharın çağırışından sonra İsraildə filmin rejissorlarına qarşı başqa hökumət rəsmilərindən də sərt açıqlamalar gəlib. Milli təhlükəsizlik naziri Itamar Ben-Qvir də rejissorları tənqid edib.
2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu nəticəsində 1200 nəfərin öldürüldüyü, 250-dən çox insanın isə girov götürüldüyü açıqlanıb. İsrailin bu hücuma cavab olaraq Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 70 min insanın həlak olduğu bildirilir. Ötən ilin oktyabrında ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Qəzzada atəşkəs əldə olunsa da, həmin vaxtdan bəri atəşkəs rejimi dəfələrlə pozulub.