Ötən il dövlət büdcəsinin 2,8 milyard manat vəsaiti xərclənməyib. Bu barədə Hesablama Palatasının 2025-ci il dövlət büdcəsinin icrası vəziyyəti ilə bağlı rəyində bildirilir. Sənədə əsasən, ümumi xərclər üzrə icra səviyyəsi 93,2 faiz təşkil edib.
Belə ki, 2025-ci il üçün dövlət büdcəsinin ümumi xərcləri ilkin olaraq 41 milyard 407 milyon manat təsdiqlənsə də, ilin yekununda faktiki icra 38 milyard 604 milyon manat olub.
Xərclər üzrə ən böyük ixtisar investisiya xərclərində baş verib. Bu istiqamətdə 2 milyard 685,4 milyon manat vəsait ayrılması nəzərdə tutulsa da, bunun 380,3 milyon manatı və ya 14 faizi icra edilməyib.
İşğaldan azad olunmuş ərazilərin bərpası üçün ayrılan xərclərin isə 5,4 faizi istifadə olunmayıb. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması üçün nəzərdə tutulan 4 milyard manatın 218,1 milyon manatı istifadəsiz qalıb.
Prezidentin Ehtiyat Fondu üçün ayrılmış 300 milyon manatın isə cəmi 41,7 milyon manatı xərclənib.
Elm və Təhsil Nazirliyinə ayrılmış vəsaitlərdə də icra olunmayan məbləğ az deyil. Belə ki, bu qurum üçün nəzərdə tutulan 3,8 milyard manatın 113 milyon manatı istifadə edilməyib.
Xərclərin iqtisadi təsnifatı üzrə təhlil apardıqda aydın olur ki, ən böyük ixtisarlardan biri əməyin ödənişi istiqamətində olub. Hesablama Palatasının rəyinə görə, bu bölmə üzrə təsdiq edilmiş proqnoz 9 milyard 722,9 milyon manat olduğu halda, faktiki icra 9 milyard 90 milyon manat təşkil edib. Nəticədə büdcə təşkilatlarında çalışanların əməkhaqqı üzrə nəzərdə tutulan xərclər 633 milyon manat az icra olunub.
Sosial ödənişlər üzrə nəzərdə tutulan xərclərin isə 6,4 faizi və ya 218 milyon manatı icra edilməyib.
Qeyri-maliyyə aktivləri üzrə təsdiq edilmiş büdcə də təxminən 1 milyard manat az icra edildiyi halda, dövlət satınalmaları üzrə xərclər proqnozu üstələyib.
Belə ki, qeyri-maliyyə aktivləri (tikinti və əsaslı satınalmalar) üzrə 13 milyard 951 milyon manatlıq proqnozdan yalnız 12 milyard 949 milyon manat icra olunub. Malların, işlərin və xidmətlərin satın alınması üçün 5 milyard 509,4 milyon manat nəzərdə tutulsa da, faktiki icra artaraq 5 milyard 893 milyon manat təşkil edib.
Maliyyə naziri Sahil Babayev isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı əməyin ödənişi və sosial ödənişlərin icrası ilə bağlı fərqli rəqəmlər səsləndirib.
“Report”un məlumatına görə, nazir ötən il əməyin ödənişi üzrə xərclərin 426 milyon manat az icra olunduğunu bildirib. O, bunun səbəbini vakansiyalarla əlaqələndirib:
“Bu xərclər bütün ştat üzrə müəyyən edilsə də, əksər dövlət qurumlarında vakansiyalar mövcud olur”.
Bundan başqa, nazir deyib ki, təxminən 110 milyon manatlıq az icra isə sosial ödənişlərlə bağlıdır:
“Bu da demoqrafik göstəricilərdən irəli gəlir, çünki bildiyiniz kimi, bizim çoxsaylı sosial müavinətlərimiz və sosial ödənişlərimiz var”.
Nazir vurğulayıb ki, regionların büdcədən asılılığı daha da azalıb:
“Naxçıvana dotasiya proqnozla müqayisədə 55 milyon manat az olmaqla 160 milyon manat həcmində icra olunub. Rayonların dotasiyadan asılılığı da azalıb və cəmi dörd rayona 1,5 milyon manat məbləğində dotasiya verilib”.
S.Babayevin sözlərinə görə, Azərbaycanın xaricdən cəlb etdiyi kreditlər üzrə 334 milyon manatlıq qənaət formalaşıb:
“Əsaslı xərclərdə qənaətimiz daha çox bununla bağlıdır. Bu da beynəlxalq maliyyə institutlarının prosedur qaydalarından irəli gələn və onlarla bağlı həyata keçirilən layihələrin dövlət büdcəsi layihələrinə nisbətən daha uzun müddət tələb etməsindən irəli gəlir. Ona görə, hər zaman biz bunu ehtiyatla daha yüksək rəqəm olaraq müəyyən edirik. İl ərzində bu istiqamətdə 1 milyarda yaxın vəsait qoyulmuşdu ki, o vəsait də cəlb edə bilsələr, istifadə edilsin. Eyni zamanda digər cari xərclər üzrə təqribən bizim ehtiyatlarımız var. Dövlət borcuna xidmətlə bağlı isə 300 milyon manatlıq qənaətimiz formalaşıb. Bu da ondan irəli gəldi ki, bahalı borclar restrukturizasiya edilib, dövlət büdcəsinin və dövlət xəzinədarlığının borclanmasının aylar üzrə bölgüsünə yenidən baxılıb. Belə ki, daha çox ehtiyac olan dövrə tərəf sürüşdürmə olub və bunların nəticəsində və eyni zamanda bizim əldə etdiyimiz sərbəst vəsaitlərin depozitlərə investisiya edilməsi ilə əlavə gəlirlərimiz yarandığına görə bir sıra borclanmalar gecikdirilib”.