2 oktyabr 2026-cı ildə Yeni Azərbaycan Partiyasının VIII Qurultayı baş tutub. Qurultayda Prezident İlham Əliyev, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, YAP sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov və digərləri çıxış ediblər. Həmçinin qurultayda YAP-ın nizamnaməsinə dəyişikliklər edilib, yeni İdarə Heyəti və digər orqanların tərkibi müəyyənləşib.
Qurultayın ən diqqətçəkən məqamı Prezident İlham Əliyevin çıxışının sərt ritorikası olub. İlham Əliyev çıxışında bir neçə dəfə vurğulayıb ki, Qarabağın işğaldan azad edilməsini Azərbaycan özü təkbaşına həyata keçirib. Məsələn, o deyib ki, “Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur”, “1990-cı illərdə müharibədə də heç kim kömək etmirdi. Müharibədən sonra da heç kim kömək etmirdi. Biz bu çətinlikləri təkbaşına arxada qoyduq”, “Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib”, “Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə – son gülləyə qədər”.
İlham Əliyev hansısa konkret ölkənin adını çəkməsə də, son günlər Azərbaycanla Türkiyə arasında müşahidə olunan siyasi gərginliyi nəzərə alaraq, İlham Əliyevin Türkiyəni nəzərdə tutduğu qənaətinə gəlmək olar. Belə ki, Azərbaycan nümayəndə heyətinin İsrailin Baş naziri Benjamin Netanyahunun BMT-nin Baş Assambleyasında çıxışı zamanı zalı tərk etməməsi fonunda iki ölkə arasında münasibətlərdə soyuqluq müşahidə edilir.
Bundan əlavə, Azərbaycanda vahid məktəbli formasının tətbiqi ilə bağlı “Azərbaycanda məktəblilərin hicab geyinməsi qadağan edildi” xəbərləri də Türkiyədə hökumətin nəzarətində olan mediada tənqidlə üzləşib. Belə ki, Ərdoğan hökumətinin nəzarəti altında olduğu bilinən “Yeni Akit”də Azərbaycanla bağlı son günlərdə ittihamedici iddialar səsləndirilir. Azərbaycan nümayəndə heyətinin Benjamin Netanyahunun çıxışı zamanı zalı tərk etməməsini qəzet Azərbaycanı nəzərdə tutaraq “vicdanlar tərk edərkən onlar oturdu” deyə təsvir edib. Qəzet Azərbaycanda vahid məktəbli forması ilə bağlı yaxın zamanda verilən qərarı “alçaq qərar” adlandıraraq yeni qərarın Türkiyədə “28 fevral çevrilişi”ni xatırlatdığını yazıb.
Eyni şəkildə Azərbaycan mediasında da Türkiyə əleyhinə iddialar səsləndirilib. 1news.az-da dərc edilən “Qardaşlığın sınağı: Türkiyədə Azərbaycana qarşı yeni hücum dalğasının arxasında nə durur” adlı məqalədə Türkiyənin də İsraillə ticarət əlaqələrini davam etdirdiyi bildirilib. Həmçinin Türkiyənin Ermənistanla ticarət əlaqələri qurduğu, Azərbaycan ərazilərinin işğal edildiyi 90-cı illərdə Azərbaycana yardım etmədiyi, Rövşən Cavadov tərəfindən qaldırılan silahlı üsyanın arxasında Türkiyə xüsusi xidmət orqanlarının olduğu bildirilib.
Lent.az-da dərc edilən bir məqalədə isə müəllif Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılmasında tələsdiyini, bunu öz maraqlarını qoruyaraq Bakının maraqlarını heçə saymaqla etdiyini bildirib.
Hətta Media və Yayım Şurası türk mediasında Azərbaycanla bağlı çıxan xəbərləri qərəzli və əsassız adlandırıb, bu iddialara qarşı “əməli addımlar” atılmasını istəyib. Həmçinin Şura bu kampaniyada iştirak edən şəxslərin Azərbaycana girişinin qadağan edilməsinin də nəzərdən keçirildiyini vurğulayıb.
Prezident İlham Əliyevin əvvəlki dövrlərdəki çıxışlarına nəzər saldıqda görmək olar ki, o, Qarabağın işğaldan azad edilməsi ilə bağlı hər zaman Türkiyənin dəstəyini önə çıxarıb. Şuşa işğaldan azad edilən gün Türkiyənin xarici işlər və müdafiə nazirini qəbul edən İlham Əliyev Türkiyənin siyasi və mənəvi dəstəyini qeyd etmişdi. 2025-ci il noyabrın 8-də keçirilən paradda da İlham Əliyev Türkiyənin “siyasi və mənəvi dəstəyini” qeyd etmişdi. Son illərdə 44 günlük müharibə zamanı Türkiyənin Azərbaycana verdiyi dəstəklə bağlı çoxsaylı rəsmi açıqlamalar verilib. Məsələn, 2025-ci ildə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirmişdi ki, müharibə günlərində Ankara xaricdəki bütün nümayəndəliklərinə məlumat vermişdi ki, Ankaradan gələn təlimatla Bakıdan gələ biləcək təlimatlar eyni qüvvəyə malikdir.
İlham Əliyev son çıxışında nəinki “Türkiyə”, hətta “türk” sözündən də bir dəfə olsun istifadə etməyib. Son illərdə türkçülük və Türk Dövlətləri Təşkilatı kimi məfhumlardan çıxışlarında geniş şəkildə istifadə edən İlham Əliyevin bu çıxışında “türk” sözünü bir dəfə də işlətməməsi diqqətçəkən məqamdır.
Həm mediada çıxan xəbərlərə, həm də İlham Əliyevin ötən illərdə hər zaman Türkiyənin dəstəyini vurğulamasına əsasən bu qənaətə gəlmək olar ki, Prezident İlham Əliyev “bizə kiminsə himayədarlığı lazım deyil” deyərkən Türkiyəni nəzərdə tutur. Ancaq hələ ki, nə Türkiyə mediasından, nə də Türkiyə rəsmilərindən İlham Əliyevin son açıqlamaları ilə bağlı reaksiya gəlib. Azərbaycan rəsmiləri də bu ittihamların kimi hədəf aldığı barədə susqunluq nümayiş etdirir.
Çıxışda diqqətçəkən digər məqam isə Qərb institutlarının sərt tənqidi olub. Xüsusilə Minsk qrupunu tənqid edən İlham Əliyev onu münaqişəni dondurmaqda, Azərbaycanın ərazi bütövlüyünün bərpasına kömək etməməkdə və Azərbaycana qarşı olmaqda ittiham edib. Bu, 2020-ci ildən sonra İlham Əliyevin Minsk qrupuna qarşı ritorikasının davamı kimi görünür. Çünki 2020-ci ildən əvvəlki dövrlərdə İlham Əliyev ATƏT-in Minsk qrupunun fəaliyyətini bu qədər sərt tənqid edən açıqlamalar vermirdi. Məsələn, 2017-ci ildə ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edən İlham Əliyev Ermənistan tərəfinin ATƏT-in Minsk qrupunun fəaliyyətini pozduğunu iddia etmişdi. Həmin il Fransa Prezidenti Fransua Olland ilə birgə mətbuat konfransı zamanı İlham Əliyev Fransanın Minsk qrupunun həmsədri kimi münaqişənin həllində göstərdiyi səyləri yüksək qiymətləndirdiyini bildirmişdi. Ancaq 44 günlük müharibədən sonra bu ritorika tamamilə dəyişmişdi. Dekabrda keçirilən görüşdə İlham Əliyev Minsk qrupunun nümayəndələrinə onları Bakıya dəvət etmədiyini bildirmişdi. 2025-ci ilin sonunda Minsk qrupu tamamilə ləğv edilmişdi.
İlham Əliyev xarici siyasətdən danışarkən həm də yanlış olaraq iddia edib ki, “Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb”. Ancaq real rəqəmlər və hökumətin özünün təqdim etdiyi məlumatlar bunun əksini deyir. Məsələn, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi rəsmi saytında bildirir ki, 1993-2018-ci illərdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üçün ümumilikdə 7,1 milyard manat sərf edilib ki, bunun da 1,4 milyard manatı, yəni təqribən 20 faizi beynəlxalq maliyyə qurumlarının və Azərbaycanda fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitlərinin payına düşüb. 2016-cı ildə ABŞ-nin Azərbaycandakı səfiri bildirmişdi ki, 1993-2016-cı illər arasında ABŞ azərbaycanlı məcburi köçkünlərə 115 milyon ABŞ dolları yardım göstərib. Avropa İttifaqı da 1992-2004-cü illər arasında Azərbaycana 176 milyon avroluq humanitar yardım göstərib.
Qurultay zamanı həmçinin partiyanın nizamnaməsinə dəyişikliklər edilib, yeni İdarə Heyəti və Təftiş Komissiyasının tərkibi müəyyənləşdirilib. 2021-ci ildən İdarə Heyətində təmsil olunan Vasif Talıbov, Elşad Mirbəşiroğlu, Cavid Osmanov, Ramin Məmmədov və Rövşən Bayramov İdarə Heyətindən çıxarılıb. Onların yerinə Ziyafət Əsgərov, Hicran Hüseynova, İmamverdi İsmayılov, İlham Məmmədov və Alqış Musayev İdarə Heyətində təmsil olunacaq. Beləliklə, 40 nəfərlik İdarə Heyətinin tərkibində cəmi 5 dəyişiklik edilib. İdarə Heyətindən kənarlaşdırılan Vasif Talıbov, Elşad Mirbəşiroğlu və Cavid Osmanov 2020-ci il parlament seçkilərində deputat mandatı əldə etsələr də, 2024-cü il seçkilərində iştirak etməyiblər. Vasif Talıbov və Elşad Mirbəşiroğlu barədə son dövrlərdə hökumətin nəzarətində olan mediada tənqidi materiallar yayımlanırdı. Vasif Talıbov 2022-ci ildə vəzifəsindən azad edildikdən sonra hökumətin nəzarətində olan mediada onun xaricdə dəyəri yüz milyonlarla ölçülən mülklərinin olduğu, monopoliyadan milyardlarla pul qazandığı, hətta Azərbaycanın 21 hektar ərazisini İrana satdığı barədə ittihamlar dərc edilib. Elşad Mirbəşiroğlunun da hökumətin nəzarətində olan media tərəfindən FSB ilə əlaqəli olduğu iddia edilib. Bu yaxınlarda açıqlama verən Elşad Mirbəşiroğlu iki ildir işsiz olduğunu da bildirmişdi.
Partiyanın Təftiş Komissiyasında da ciddi dəyişiklik olmayıb. Belə ki, 13 nəfərlik Təftiş Komissiyasında 2021-ci ildən təmsil olunan Musa Musayev kənarlaşdırılıb, onun yerinə Samir Vəliyev əlavə edilib.
Yeni Azərbaycan Partiyasının nizamnaməsinə edilən dəyişikliklər barədə hələ detallı məlumat dərc edilməyib. İctimaiyyətə açıqlanan yeganə dəyişiklik odur ki, YAP sədrinin səlahiyyət müddətinə qoyulan 5 illik məhdudiyyət aradan qaldırılıb, sədrin səlahiyyət müddətinə artıq vaxt məhdudiyyəti tətbiq olunmayacaq.