“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına (MHŞ) açıq müraciət edib.
Jurnalist bildirib ki, saxlanıldığı Umbakı Penitensiar Kompleksi onun Məhkəmə-Hüquq Şurasına ünvanladığı şikayəti göndərməkdən imtina edib.
Fərid İsmayılovun sözlərinə görə, buna səbəb şikayətində Bakı Apellyasiya Məhkəməsini “kolxoz”, hakimləri isə “bazarkom” adlandırması olub.
O deyib ki, penitensiar müəssisənin əməkdaşları həmin ifadələri təhqir kimi qiymətləndiriblər. İsmayılov isə sözlərin təhqir deyil, “təsvir” olduğunu bildirib.
Jurnalist buna görə Məhkəmə-Hüquq Şurasına açıq müraciət etmək qərarına gəldiyini deyib/
“Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən heç bir hüquqi nəticə gözləmirəm.
Şikayətimə Zəfər Əhmədovun sədrliyi ilə baxılmasına etdiyim etiraz göstərdi ki, Azərbaycan məhkəmələri “kolxoz”dan, hakimləri də “bazarkom”dan fərqlənmir.
Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər.
MHŞ-dən istəyim məhkəməmə “bazarkom”ların yox, xidmət etdikləri şah və vəzirlərin hakim kimi təyin olunmasıdır’”.
“Toplum TV işi”
“Toplum TV işi” üzrə həbslər 2024-cü ilin martında başlayıb.
Həmin vaxt polis “Toplum TV”nin redaksiyasında və ayrı-ayrı əməkdaşların evlərində axtarışlar aparıb. İş üzrə jurnalistlər, media əməkdaşları və Demokratik Təşəbbüslər İnstitutu ilə əlaqəli şəxslər saxlanılıb.
Fərid İsmayılov da “Toplum TV işi” üzrə təqsirləndirilən şəxslərdən biridir.
İş üzrə saxlanılan şəxslərə qarşı müxtəlif maddələrlə, o cümlədən qaçaqmalçılıq və maliyyə xarakterli ittihamlar irəli sürülüb. Sonradan ittihamlar ağırlaşdırılıb.
Fərid İsmayılov və digər təqsirləndirilən şəxslər ittihamları qəbul etməyiblər. Onlar cinayət işini jurnalist fəaliyyətləri və hökuməti tənqid etmələri ilə əlaqələndiriblər.
Fərid İsmayılov məhkəmə proseslərində dəfələrlə bildirib ki, özünü təqsirli hesab etmir və ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu düşünür.
Məhkəmə Fərid İsmayılova 12 il həbs cəzası verib.
“Toplum TV işi” üzrə təqsirləndirilən şəxslər barələrində çıxarılan hökmlərdən apellyasiya şikayəti veriblər.
Azərbaycan hakimiyyəti isə ölkədə jurnalistlərin və siyasi fəalların peşə fəaliyyətlərinə görə təqib olunması ilə bağlı tənqidləri qəbul etmir və həbslərin konkret cinayət əməlləri ilə bağlı olduğunu bildirir.