Gəncədə: Su problemini həll edərkən başqa bir problem yaratdılar

“Binamızın altına qurunt suları toplanmasının bir səbəbi də köhnə borular idi”.

Source: Specify Source


“Bir şeyi düzəldəndə, niyə digər tərəfi pis günə qoyurlar?”

“Dövlət qurumları bilirsiniz necə işləyir? Müraciət edirsən ki, problemim var. Gəlib həmin problemi düzəldirlər, amma bu zaman başqa bir problem yaradıb gedirlər. Bir sözlə, probleminin adı dəyişir. Ancaq daim problem içində yaşadırlar insanları”.

Gəncə şəhəri Aydınbəyov küçəsinin 49-cu binasında yaşayan sakinlərin Meydan TV-yə müraciətlərində belə deyilir. Onlar bildirirlər ki, aylar öncə binalarının altına qurunt suları toplanması ilə bağlı Gəcə Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Dəfələrlə etdikləri müraciətdən sonra nəhayət, gəlib, binanın altında topanan suyu çəkib, təmizləyiblər. Bu zaman binanın önündə böyük xəndək qazıblar. Həmin xəndəyi isə olduğu kimi qoyub, gediblər. İndi də yağış yağanda həmin qazılan xəndək su ilə dolur. Binanın önündə maşın saxlamağa mane olur, qaranlıqda neçə dəfə insanların yıxılmasına səbəb olub və s.

“Binamızın altına qurunt suları toplanmasının bir səbəbi də köhnə borular idi. Həmin borular 50-60 ildən qaldığı üçün çürümüşdü və axıdırdı. Bunun nəticəsində həm evlərə su zəif gəlirdi, həm də su binamızın altına sızırdı. Beləliklə, o qədər sızıntı olmuşdu ki, binanın altında böyük bir gölməçə yaranmışdı. Bununla da nəmlik, ağcaqanad, milçək və üfunət iyindən yaşamaq mümkün deyildi. Nəhayət, çoxsaylı şikayətlərdən sonra bu problem həll edildi. Binanın önündən altına qədər gələn borular qazılıb çıxarıldı və həmin borular yeniləri ilə əvəz edildi. Ancaq boruları dəyişmək üçün qazdıqları xəndəkləri olduğu kimi qoyub getdilər. Dağıtdıqları asfaltı bərpa etmədilər”, – sakinlərdən Valeh Əliyev belə deyir.

image_from_ios.jpg
Kamil Qasımov

V.Əliyev deyir ki, düzdür, bir problemləri həll olub, ancaq əvəzində onlara başqa bir problem “hədiyyə” edib gediblər:

“Qazdıqları yer yağış yağanda su ilə dolur. Həyətdə uşaq, böyük oturur, toplanan sudan qoxu gəlir. Uşaqlar üçün də təhlükəlidir. Qaranlıqda neçə dəfə maşınların təkəri, insanların ayağı düşüb içinə. Düzəldiblər sağ olsunlar, indi də gəlib yerini düzəltsinlər”.

Sakinlərdən Kamil Qasımov da deyir ki, aylardır həmin çalaya girməyən maşın, düşməyən uşaq qalmayıb. Aidiyyatı qurumlara müraciət də ediblər. Ancaq baxan yoxdur:

“Suyu düzəldəndən soruşuram, deyir, mənlik deyil. Mən ancaq necə deyərlər, su işinə baxıram. Üstəlik də hamıdan bir manatdan pul yığırlar kommunal üçün. Anlamıram, bir şeyi düzəldəndə, niyə digər tərəfi pis günə qoyurlar?”

Gəncə Şəhər İcra Hakimiyyətindən bu barədə onlara şikayət daxil olmadığını söyləyirlər:

“Bizdə bu barədə məlumat yoxdur. Araşdırarıq görək nə məsələdir. Gedib mediaya şikayət etmək əvəzinə, aidiyyatı qurumlara söyləsələr, problem həllini tapar”.

image_from_ios (2).jpg
“Qazdıqları yer yağış yağanda su ilə dolur”.
Ana səhifəBölgəGəncədə: Su problemini həll edərkən başqa bir problem yaratdılar