15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist Polad Aslanov Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə müraciət edib.
O, məktəbli formaları ilə bağlı son qərardan sonra yaranan vəziyyətlə əlaqədar dini qurum rəhbərini səssizliyi pozmağa və açıq mövqe sərgiləməyə çağırıb.
Polad Aslanov bildirib ki, Nazirlər Kabinetinin məktəbli formaları ilə bağlı qərarından sonra cəmiyyətdə, xüsusilə dindar insanlar arasında ciddi narahatlıq yaranıb. Qərarda məktəblilərin vahid geyim qaydalarına riayət etməsi və dünyəvilik prinsipinə uyğun olmayan geyimlərə yol verilməməsi qeyd olunur.
Jurnalist qeyd edib ki, İslam dininə və Quranın hökmlərinə görə, yetkinlik yaşına çatan qızlar üçün hicab taxmaq fərzdir və bu, sadəcə aksesuar deyil, inancın əsas hissəsidir:
“İslam fiqhinə və müqəddəs Quranın hökmlərinə əsasən, büluğ yaşına çatmış müsəlman qadın və qızlar üçün hicab bağlamaq fərz əməl hesab olunur. Bu, sadəcə fərdi seçim və ya aksesuar deyil, dini inancın ayrılmaz bir hissəsidir”.
Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasının 48-ci maddəsi hər kəsə vicdan və dini etiqad azadlığı verir. Eyni zamanda, qanunvericilik valideynlərə övladlarını öz dini etiqadına uyğun böyütmək hüququ tanıyır. Polad Aslanov bilditib ki, Konstitusiyanın 42-ci maddəsi hər kəsin təhsil almaq hüququnu qoruyur:
“Dini inancına və ya geyiminə görə şəxsin təhsil hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq insan hüquqları konvensiyalarına ziddir”.
Müraciətin sonunda jurnalist vurğulayıb ki, uşaqlar və valideynlər çətinliklərlə üzləşdiyi bir vaxtda Qafqaz Müsəlmanları İdarəsinin səssiz qalması təəssüf doğurur. O, Allahşükür Paşazadədən bu məsələdə adekvat mövqe sərgiləməyi və aidiyyəti qurumlar qarşısında məsələyə aydınlıq gətirilməsi üçün təşəbbüs göstərməyi xahiş edib:
“Ölkədə dini azadlıqlar və vətəndaşların hüquqları ilə bağlı belə həssas bir vəziyyətin yarandığı, təhsil müəssisələrində şagirdlərin və valideynlərin psixoloji və mənəvi çətinliklərlə üzləşdiyi bir vaxtda, ölkə müsəlmanlarının dini rəhbəri olaraq Qafqaz Müsəlmanları İdarəsinin və şəxsən sizin sükut saxlamağınız təəssüf doğurur”, – deyə Aslanov qeyd edib.
Senytabrın 21-də Nazirlər Kabinetinin qərarında göstərilib ki, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.
Polad Aslanov 2019-cu il iyunun 12-də həbs olunub.
13 il azadlıqdan məhrum edilən jurnalist Cinayət Məcəlləsinin 274-cü maddəsilə – dövlətə xəyanətdə təqsirli bilinib.
O, ittihamları qəbul etmir və özünü təqsirli bilmir. Polad Aslanov tənqidçi jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.