“Əxlaq” adı altında nəzarət

İllüstrasiya: ChatGPT

Azərbaycanda yeni məhdudiyyətlər cəmiyyət və sosial şəbəkələr üzərində nəzarəti necə gücləndirir

Azərbaycanda sosial şəbəkələrdə “əxlaqa zidd ifadələr” qadağan edilir, paylaşımlara görə istifadəçilər cəzalandırılır, televiziya məkanında isə qeyri-rəsmi “qara siyahılar” yaranır və verilişlər bağlanır. Rəsmi olaraq bunu ictimai mənəviyyatın qorunması ilə izah edirlər. Lakin bu tədbirlərin ümumi mənzərəsi informasiya üzərində nəzarətin və ictimai müzakirə imkanlarının daraldılmasına yönəldiyini göstərir — və bu, təkcə jurnalist və ya bloqerlərə deyil, sosial şəbəkələrdən istifadə edən hər kəsə təsir edir.

Yeni qanun və ilk cəzalar

Yanvarın 26-da Azərbaycan prezidenti internetdə “mənəviyyata zidd ifadələrin”, eləcə də “milli-mənəvi dəyərlərə uyğun olmayan bədən görüntülərinin” yayılmasını qadağan edən qanun dəyişikliklərini təsdiqləyib. Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsinə də düzəlişlər edilib: bu cür paylaşımlara görə artıq cərimə və ya inzibati həbs nəzərdə tutulur.

Cəzalar 500 manatdan 1000 manatadək cərimə və ya 30 sutkayadək həbs şəklində tətbiq olunur. Eyni hal bir il ərzində təkrarlanarsa, 1000–2000 manat arası cərimə və ya 1–2 ay müddətində həbs ilə nəticələnə bilər.

Qanun qüvvəyə mindikdən sonra artıq altı nəfər məsuliyyətə cəlb edilib: dörd nəfər inzibati həbsə göndərilib, iki nəfər də cərimə olunub.

Nəzarət təkcə bir qanunla məhdudlaşmır

Qanun dəyişiklikləri ilə paralel olaraq media sahəsində də təzyiqlərin artdığı müşahidə olunur. KİV-də dövlət kanallarında çıxışına qadağa qoyulan sənətçilərlə bağlı “qara siyahılar”ın mövcudluğu barədə məlumatlar yayılıb. Bəzi ifaçılar faktiki olaraq efirdən uzaqlaşdırılıb. Bundan əlavə, bir sıra televiziya proqramları bağlanıb və ya yayımdan çıxarılıb.

Siyasi şərhçi Qənimət Zahid baş verənləri söz azadlığını məhdudlaşdırmağa yönəlmiş ardıcıl siyasətin davamı kimi qiymətləndirir.

Onun sözlərinə görə, əvvəlcə ölkədə müstəqil media sıxışdırılıb, daha sonra isə müstəqil jurnalistika faktiki olaraq aradan qaldırılıb.

“Hakimiyyət müstəqil media və jurnalistlərlə hesablaşdıqdan sonra sərtləşmənin davam edəcəyi qaçılmaz idi. Əvvəl media agentliyi yaradıldı, məhdudlaşdırıcı normalar tətbiq olundu və KİV-lər müəyyən çərçivəyə salındı. Daha sonra isə hətta nəzarət olunan platformaların da tənzimlənməsinə ehtiyac olduğu qənaətinə gəlindi”, — deyə o bildirir.

Mediadan istifadəçilərə doğru

Əvvəllər əsas məhdudiyyətlər media qurumlarına yönəlirdisə, indi diqqət sosial şəbəkə istifadəçilərinə keçib.

Media eksperti Əhəd Əhədli bunu ənənəvi institutlardan kənarda formalaşan müstəqil kontentin artan təsiri ilə əlaqələndirir.

Əhəd Əhədli. İllüstrasiya: Gemini

“Təxminən 2–3 il əvvəl mediaya təzyiqlər başladı və nəticədə müstəqil media institutu faktiki olaraq sıradan çıxarıldı. Bütün müstəqil media ölkəni tərk etməyə məcbur oldu. Bundan sonra hökumət ictimai məkanı daha da bağlamağa çalışır. Əsas səbəb isə odur ki, saxlanılan tiktokerlər və digər şəxslər kifayət qədər populyardır. Onların canlı yayımları və sərbəst çıxış imkanları hakimiyyət üçün müəyyən risk yaradır. Çünki bu insanlar onun nəzarətindən kənardadır.

Bu gün hər kəs YouTube, TikTok və ya Instagram-da canlı yayıma çıxaraq istənilən fikri ifadə edə bilər. Düşünürəm ki, hakimiyyəti narahat edən əsas məqam da məhz nəzarətdən kənarda olan və fikirlərini geniş auditoriyaya çatdıra bilən insanların mövcudluğudur”, — deyə o qeyd edir.

Onun fikrincə, bloqerlərə və istifadəçilərə qarşı tətbiq edilən cərimə və həbslər əsasən qorxutma xarakteri daşıyır.

“Qapanmanın bir parçası kimi növbə artıq onlara çatır. Düzdür, uzun müddət həbs olunmurlar, amma bu onları zərərsizləşdirməkdən daha çox bir növ göz qorxutma prosesidir. Həm o qrupda olan şəxslər üçün, tiktokerlər üçün, həm də eyni zamanda onları izləyən kütlə üçün, ona şərh yazan şəxslər üçün bir mesajdır ki, əgər dediklərinizə, yazdıqlarınıza diqqət eləməsəniz sizi də eyni hal gözləyir”, — deyə ekspert bildirir.

Qeyri-müəyyən ifadələr və sui-istifadə riskləri

Vəkil Fariz Namazlı yeni qanunun əsas problemlərindən biri kimi onun qeyri-dəqiq ifadələrlə yazıldığını göstərir.

Qadağan olunan məlumatlar sırasında “cəmiyyətə hörmətsizlik” və “milli-mənəvi dəyərlərə zidd” kimi anlayışlar yer alır. Lakin bu anlayışların konkret nəyi əhatə etdiyi qanunda izah edilmir.

“Bununla bağlı işlər məhkəməyə daxil olursa, məhkəmə bunu əsaslandırmalıdır, göstərməlidir. Amma biz bu məhkəmə qərarlarına da baxsaq, məhkəmələr də bunu əsaslandırmır, sadəcə qanuna istinad edir və hesab edir ki, burda yazılmış hər hansısa ifadə cəmiyyətə hörmətsizlik ifadə edir və ya hansısa əxlaqsız ifadə səsləndirilir. O baxımdan bu da maddənin sui-istifadə halına yol açır”, — deyə o bildirir.

Fariz Namazlının sözlərinə görə, digər bir məqam isə dövlətin özünü zərərçəkmiş tərəf kimi təqdim etməsidir. Halbuki belə hallarda şikayətçi konkret şəxs olmalıdır.

“Kiminləsə bağlı təhqir iddiası varsa, həmin şəxs özü müraciət etməli və bunun onun şərəf və ləyaqətinə zərər vurduğunu sübut etməlidir. Yalnız bundan sonra tədbir görülə bilər”, — deyə hüquqşünas əlavə edir.

Seçmə qayda

Qənimət Zahidin fikrincə, yeni qanun seçmə qayda ilə tətbiq olunacaq və hakimiyyətyönlü “troll” şəbəkələrinə şamil edilməyəcək. O qeyd edir ki, bu tip hesablar müstəqil fikir ifadə etmir, hazır tezislər əsasında fəaliyyət göstərir.

“Trollar müstəqil mövqe daşıyıcısı deyil — onlara adətən hazır tezislər verilir və ya həmin çərçivədə məhdud improvizasiya imkanı yaradılır”.

Qənimət Zahid. İllüstrasiya: ChatGPT

Zahid hesab edir ki, qanun mövcud olsa belə, bu hesablar aqressiv və təhqiramiz paylaşımlarını davam etdirəcək, lakin onlara qarşı sanksiya tətbiq olunmayacaq.

“Qanun əsasən sosial şəbəkələrdə alternativ fikir bildirən insanlara qarşı istifadə olunacaq”, — deyə o vurğulayır.

Qənimət Zahid hesab edir ki, xüsusilə gənc nəsil daha çox risk altındadır, çünki sosial şəbəkələrdə aktiv olan və fikirlərini açıq ifadə edən əsas qrup məhz onlardır.

Fariz Namazlı da bildirir ki, əvvəllər istifadəçilərə qarşı təzyiq üçün başqa maddələrdən — məsələn, polisə tabe olmamaq kimi ittihamlardan istifadə edilirdi. İndi isə bunun üçün birbaşa hüquqi norma mövcuddur.

“Hətta kiçik bir paylaşım belə məsuliyyətə səbəb ola bilər. Üstəlik, məhkəmələr çox vaxt cərimə əvəzinə həbs qərarı verir ki, bu da qorxutma məqsədi daşıyır”, — deyə o qeyd edir.

Özünüsenzura effekti

Bu cür tədbirlərin əsas nəticələrindən biri cəmiyyətdə özünüsenzuranın yayılmasıdır.

Əhəd Əhədlinin sözlərinə görə, artıq təkcə paylaşım müəllifləri deyil, şərh yazan və ya reaksiyalar verən şəxslərin də polisə çağırılması halları barədə məlumatlar yayılır.

Faktiki olaraq gəlib səni həbs eləmir, ancaq başqa bir nümunə üzərindən göstərir ki, bunu eləsən, bu başına gələ bilər. Bu isə davranışlara təsir edir”, — deyə o bildirir.

Qənimət Zahid isə cəmiyyətdə başqa bir tendensiyaya diqqət çəkir: insanlar özləri digərlərinin cəzalandırılmasını tələb edir və hüquq-mühafizə orqanlarını paylaşımlarda işarələyirlər.

“Son zamanlar maraqlı bir tendensiya var Azərbaycan cəmiyyətində. Sosial şəbəkələrdə çox tez-tez rast gəlirəm, ciddi narahatlıqla izləyirəm bu tendensiyanı. Çoxlu sayda sosial şəbəkə istifadəçiləri nədənsə və yaxud kimlərdənsə şikayət edəndə ya Daxili işlər nazirliyini ya da DTX-nı işarələyirlər ki, bu adam cəzalandırılmalıdır, çünki filan yerdə filan söz deyib və yaxud yazıb. Təsəvvür edirsiz? Сəmiyyət özü senzuranın daşıyıcısına və hətta nəzarətçisinə çevrilir. Məhz belə bir sosial nəticəyə nail olmaq hakimiyyətin məqsədidir”, — deyə o vurğulayır.

Bu məhdudiyyətlər niyə hamıya təsir edir?

Formal olaraq “amoral kontentlə mübarizə” kimi təqdim edilsə də, bu dəyişikliklər daha geniş sahəni əhatə edir — mediadan tutmuş gündəlik onlayn ünsiyyətə qədər.

Artıq konkret hallar mövcuddur: bir neçə nəfər sosial şəbəkə paylaşımlarına görə həbs və ya cərimə edilib. Protokollarda “etikadan kənar leksika” və ya “amoral bədən nümayişi” kimi ifadələr qeyd olunur.

Məsələn, saxlanılanlardan biri — 27 yaşlı qadın — bildirib ki, çılpaq şəkilləri şəxsi yazışma üçün çəkib. Digər halda isə 140 min izləyicisi olan 30 yaşlı “Instagram” istifadəçisi paylaşdığı videoya görə 1000 manat cərimələnib.

Məhkəmələr 8-20 sutka arası inzibati həbs və cərimə qərarları çıxarıb.

Eyni zamanda televiziya sahəsində də məhdudiyyətlər tətbiq olunub — bəzi sənətçilər və proqramlar efirdən çıxarılıb.

Nəticədə bu tədbirlər ayrı-ayrı halların tənzimlənməsi ilə məhdudlaşmır. Onlar elə bir mühit yaradır ki, istifadəçilər mümkün nəticələrdən ehtiyat edərək öz fikirlərini əvvəlcədən məhdudlaşdırmağa başlayırlar.

Məqalə “Mediashəbəkə”nin dəstəyi ilə hazırlanıb

Ana səhifəTövsiyə“Əxlaq” adı altında nəzarət