Azərbaycanın iqtisadi artımı dayanıb

Foto: Costello77\shutterstock

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında artım baş verməyib. Komitənin açıqladığı aylıq makroiqtisadi göstəricilərə əsasən, ilin ilk beş ayında 51 milyard 783,8 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib.

Qeyd edək ki, ilin birinci rübündə ÜDM-də 0,3 faiz azalma baş vermişdi. Aprel ayında isə iqtisadi artım 0,2 faizə yüksəlməklə, iqtisadiyyatın kiçilməsi qismən dayanmışdı. Lakin beş aylıq nəticələr ümumi iqtisadi durğunluğun davam etdiyini göstərir.

ÜDM-in neft-qaz sektorundakı həcmində mənfi tendensiya davam etməkdədir. Belə ki, DSK-nın məlumatına əsasən, 2026-cı ilin yanvar-may aylarında bu sektorda 16,1 milyard manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azaldır.

Qeyri-neft-qaz sektorunda isə ÜDM 35,6 milyard manat təşkil edib. Bu sektor üzrə real artım 0,4 faiz təşkil edib. Halbuki, 2025-ci ilin yekunlarına əsasən, qeyri-neft sektoru üzrə iqtisadi artım 6 faizdən çox idi.

Bu göstəricilər həm neft, həm də qeyri-neft sektorlarında məhsul istehsalının zəiflədiyini göstərir.

Ən böyük azalma əsas kapital qoyuluşlarında qeydə alınıb. Yanvar-may ayları üzrə 6,6 milyard manatlıq investisiya qoyulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz azdır.

Xüsusilə qeyri-neft-qaz sektoruna yönələn investisiyalar 14,7 faiz azalıb. Belə ki, beş ay ərzində bu sektora cəmi 4 milyard manatlıq sərmayə yatırılıb.

Ana səhifəİqtisadiyyatAzərbaycanın iqtisadi artımı dayanıb