Üzr videoları: Azərbaycanda narazılıq necə susdurulur?

Əvvəlcə vətəndaş sosial şəbəkələrdə şikayət edir: evinin keyfiyyətindən, məmurların davranışından, ədalətsizlikdən və ya korrupsiyadan danışır. Video internetdə yayılır. Amma bir gün, bəzən bir neçə gün sonra başqa bir görüntü ortaya çıxır: həmin şəxs rəsmi tonda səhv etdiyini, heç kimdən şikayətinin olmadığını və dediklərinə görə peşman olduğunu bildirir.

Azərbaycanda bu cür üzr videoları artıq çoxdan ictimai-siyasi reallığın bir hissəsinə çevrilib. Onlar nadir hallarda könüllü izahata bənzəyir. Daha çox hakimiyyətin güc nümayişi və başqalarına xəbərdarlıq təsiri bağışlayır. Üstəlik, hədəfə təkcə siyasətçilər, fəallar və jurnalistlər yox, adi vətəndaşlar da düşür.

Şikayət, ardınca da üzr

Bu yaxınlarda Cəbrayılda köçürüldüyü evin keyfiyyətindən narazı olan sakin sosial media hesabında etiraz videosu paylaşmışdı. Çox yox, cəmi bir gün sonra onun etiraf videosu yayıldı. Narazı sakin, bu dəfə heç kəsdən şikayətinin olmadığını, gördüyü işdən peşman olduğunu söyləyirdi.

Bənzər hadisə 2022-ci ildə də baş verib. Həmin vaxt TIR sürücüləri Dövlət Avtomobil Nəqliyyatı Agentliyinə etiraz olaraq Heydər Əliyev prospektində yolu bağlamışdılar. Onlar yük maşınlarının üzərinə məhsullarının xarab olduğunu, özlərinin isə müflis vəziyyətə düşdüyünü yazmışdılar. Ertəsi gün sürücülərin üzr videoları yayımlanıb. Aksiyadan sonra onların hər ikisinə 30 sutka inzibati həbs cəzası verilib.

Elə həmin il Qarabağdakı döyüşlərdə həlak olmuş Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun da üzr videosu yayılıb. Bundan əvvəl Sənan Əhmədov qardaşından komando briqadasına qəbul üçün 6 min manat rüşvət alındığını bildirmişdi. Bu açıqlamadan bir neçə gün sonra o, artıq üzr istədiyi videoda görünüb.

Üzr videoları nə üçün lazımdır?

Hüquqşünas Emin Abbasov deyir ki, Azərbaycan qanunvericiliyində şəxsin məcburi şəkildə üzr istəməsi nəzərdə tutulmur. Əksinə, hüquq-mühafizə və məhkəmə orqanları vətəndaşları bu cür davranışlardan qorumalıdır.

“Dövlət üzr videolarını şəxsləri alçatmaq, onları nüfuzdan, etibardan salmaq, hədə və təzyiq vasitəsilə cəzalandırmaq üçün istifadə edir. Bu həm də başqaları üçün təhdid mesajıdır ki, dövlət tərəfindən bəyənilməyən həmin davranışı təkrarlamasınlar”, – Abbasov deyir.

Bu mənada belə videolar yalnız fərdi cəza vasitəsi kimi işləmir. Onların ictimailəşdirilməsi konkret hadisəni bütün cəmiyyət üçün xəbərdarlığa çevirir. Dünən hansısa problem barədə danışan şəxs ertəsi gün kamera qarşısında artıq başqa statusda görünür: peşman olmuş, alçaldılmış və ya öz sözlərindən imtinaya məcbur edilmiş insan kimi.

İşgəncə altında etiraflardan sosial şəbəkə videolarına

Tarixən etiraf günahın əsas sübutlarından biri sayılıb. İnsanları çox vaxt işgəncə ilə etirafa məcbur ediblər. Müasir hüquq sistemləri bu praktikanı keçmişdə qoymalı idi. Amma avtoritar rejimlər onu faktiki olaraq yeni şəraitə uyğunlaşdırıblar: işgəncə kamerasının yerini videokamera, məhkəmə protokolunun yerini isə televiziya və sosial şəbəkələr üçün hazırlanan görüntülər tutub.

Məcburi etiraflar həm Şərqdə, həm də Qərbdə qədim məhkəmə sistemlərinin əsas elementlərindən biri olub. Əsrlər boyu hansı vasitə ilə olursa-olsun etiraf almaq hökm çıxarmağın və cəza verməyin əsas şərtlərindən biri sayılıb. Bu gün belə praktika formal olaraq ədalətli məhkəmə, təqsirsizlik prezumpsiyası və insan ləyaqətinin qorunması prinsipləri ilə ziddiyyət təşkil edir. Lakin avtoritar sistemlərdə o, yenilənmiş və mediallaşdırılmış formada yaşamaqda davam edir.

Bu cür etiraf və üzr videolarından daha çox jurnalistlərə, hüquq müdafiəçilərinə, müxalif siyasətçilərə və fəallara qarşı istifadə olunur. Amma Azərbaycan nümunəsi göstərir ki, potensial hədəflərin dairəsi bundan xeyli geniş ola bilər.

Məcburi etiraflardan başqa harada istifadə olunur?

İctimai etiraf və üzr videoları praktikası yalnız Azərbaycana xas deyil. Bu üsul dövlətin təkcə siyasi sahəyə yox, narazılığın ictimai ifadəsinə də nəzarət etməyə çalışdığı ölkələrdə tətbiq olunur.

İran, Rusiya, Çin, Belarus və digər avtoritar, yaxud repressiv sistemlərdə belə videolardan adətən hakimiyyəti tənqid edən şəxslərə qarşı istifadə edilir. Bunlar jurnalistlər, bloqerlər, fəallar, hüquq müdafiəçiləri və ya müxalifət nümayəndələri ola bilər.

Beynəlxalq İnsan Haqları Federasiyasının məlumatına görə, İranda 2009–2019-cu illər arasında ən azı 355 məcburi etiraf videosu nümayiş etdirilib.

Ən tanınmış hadisələrdən biri İran hakimiyyətini tənqid edən jurnalist Ruhullah Zamla bağlıdır. Həbsindən qısa müddət sonra dövlət televiziyası onun avtomobildə, gözləri bağlı vəziyyətdə üzr istədiyi videonu yayımlayıb. Videoda o, İrandan başqa dövlətlərə etibar etməyin səhv olduğunu deyirdi. Daha sonra jurnalist edam edilib.

Başqa bir səs-küylü nümunə belaruslu jurnalist və müxalif fəal Roman Protaseviçlə bağlıdır. O, 2021-ci ildə Belarus hakimiyyətini tənqid edən NEXTA Telegram kanalındakı fəaliyyətindən sonra “Ryanair” təyyarəsinin Minskdə məcburi endirilməsi nəticəsində ölkəyə qaytarılıb. Daha sonra dövlət televiziyası Protaseviçin göz yaşları içində prezident Aleksandr Lukaşenkonu təriflədiyi 90 dəqiqəlik video yayımlayıb.

Amma ictimai üzr praktikası yalnız adətən ən sərt nümunələr kimi göstərilən ölkələrdə müşahidə olunmur. Müxtəlif formalarda bu praktika Mərkəzi Asiyada, o cümlədən Qazaxıstan və Qırğızıstanda da mövcuddur. Bu ölkələrdə də üzr videoları təzyiq, ictimai alçaltma və ya icazəli ifadə sərhədlərinin kim tərəfindən müəyyənləşdirildiyini göstərmək vasitəsinə çevrilə bilir.

Bəs Qazaxıstanda necədir?

Qazaxıstanda “günahkar” sayılan şəxslərin üzr istəməsi artıq çoxdan ictimai praktikanın bir hissəsinə çevrilib. Bəzən söhbət məişət hadisələrindən gedir – məsələn, şəxs nalayiq davranışına və ya qəza törətdiyinə görə üzr istəyir. Amma başqa hallarda bu üzrlər könüllü peşmanlıqdan çox, “evin sahibinin kim olduğunu” göstərmək üsuluna bənzəyir. Bu baxımdan Qazaxıstandakı mənzərə Azərbaycanla xeyli oxşardır.

Belə üzrlər çox vaxt həssas ictimai mövzularla, məsələn, dil məsələsi ilə bağlı olur. Vaxtilə tanınmış iş adamı Ravil Muhoryapov da ictimai şəkildə üzr istəməli olmuşdu. O bildirmişdi ki, sual rus dilində verildiyi halda ona qazax dilində cavab vermək “mədəniyyətsizlik əlamətidir”. Tənqidlərdən və ictimai şəxslərin polisə müraciətindən sonra hüquq-mühafizə orqanları nifrət nitqi faktı üzrə yoxlamaya başlayıb. Bir müddət sonra Muhoryapov ictimai şəkildə üzr istəyib və sözlərinin yanlış anlaşıldığını bildirib. Daha sonra polis cinayət tərkibi tapmadığı üçün işə xitam verib.

Digər diqqətçəkən nümunə aktyor Nurtas Adambayla bağlıdır. İki il əvvəl o, eyni anda bir neçə siyasətçidən – Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayevdən, keçmiş prezident Nursultan Nazarbayevdən, Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkodan, həmçinin Məclis deputatı Rinat Zaitovdan üzr istəyib. Paylaşımlarında əvvəlki tənqidlərini “axmaqlıq” adlandırıb və həmin şəxslərə fəaliyyətlərinə görə təşəkkür edib.

Bu yaxınlarda jurnalist Botagöz Omarova da üzr istəyib. Martın sonunda o, ev dustaqlığına buraxılmış və barəsində qəsdən yalan məlumat yaymaq şübhəsi ilə cinayət işi açılmışdı. Mayda onun Telegram kanalında rəsmi təkzib məktubu yayımlanıb. Omarova “VD Stroy Engineering” şirkətinin Remstroy-1 işçilərinə borcu olması barədə daha əvvəl yaydığı məlumatın “həqiqətə uyğun olmadığını” deyib. O, həmçinin auditoriyasından və yanlış yönləndirmiş ola biləcəyi şəxslərdən üzr istəyib. Elə həmin gün Astana polisi tərəflərin barışması ilə bağlı cinayət işinə xitam verildiyini və ev dustaqlığının ləğv olunduğunu açıqlayıb.

Bəzən bu praktika adi vətəndaşlara da şamil edilir. 2021-ci ilin payızında Pavlodar vilayətində kənd akimatının əməkdaşları güclü qar yağmasını videoya çəkən təqaüdçü qadını üzr istəməyə məcbur ediblər. Qadın videonu qohumlarına göndərmişdi, amma görüntü sosial şəbəkələrdə yayılmışdı. Ertəsi gün akimat əməkdaşları onun yanına gələrək məmurlardan şikayətinin olub-olmadığını soruşub və qadını kameraya çəkiblər. Qadın şikayətinin olmadığını deyəndən sonra onun üzr videosu WhatsApp-dakı yerli xəbər qrupunda paylaşılıb. Daha sonra ictimai rezonansdan sonra rayon akimi özü təqaüdçüdən tabeliyində olanların hərəkətinə görə üzr istəyib.

“Әділ сөз” Söz Azadlığının Müdafiəsi üzrə Beynəlxalq Fondunun rəhbəri Karlıqaş Jamankulova məcburi üzr praktikasını “etimadın aşınması” adlandırıb. Onun sözlərinə görə, üzr istəməyə məcburetmə hüquqi alət deyil, ictimai rəyi idarə etməyin çox kobud üsuludur: bu, hüquq-mühafizə orqanlarına və məhkəmə sisteminə etimadı sarsıdır.

Bəs Qırğızıstanda necədir?

Qırğızıstanda da ictimai üzr istəmə müntəzəm praktikaya çevrilib. Hakimiyyət və güc strukturları vətəndaşlarla, jurnalistlərlə və ya bloqerlərlə söhbətləri çox vaxt “profilaktik söhbət” adlandırır. Amma praktikada bunun arxasında tam prosessual status, çağırış vərəqəsi və müdafiə təminatları olmadan aparılan dindirmə, təzyiq və ya qorxutma dayana bilər.

2025-ci ilin dekabrında bir qırğızıstanlı qadın rusiyalı bloqerin videosuna düşüb və onun müsahibəsi Baş Daxili İşlər İdarəsinin yoxlamasına səbəb olub. Qadın idarəyə gətirilib, onunla “izahat işi” aparılıb və bundan sonra o, sözlərinin təhqir etmiş ola biləcəyi hər kəsdən üzr istədiyi video çəkib.

İctimai üzrlər jurnalistlərə də tətbiq olunub. 2025-ci ilin may ayının sonunda Dövlət Milli Təhlükəsizlik Komitəsi müstəqil “Kloop” nəşrinin əməkdaşlarını kütləvi şəkildə saxlayıb. Saxlanılanların əksəriyyəti sonradan buraxılıb, amma xüsusi xidmət orqanı nəşrin bir sıra əməkdaşlarının və keçmiş əməkdaşlarının üzr videolarını yayımlayıb. Videolarda onlar guya “prezidenti və onun yaxın ətrafını qaraladıqlarına” görə “Qırğızıstan xalqından” üzr istəyir və “Kloop Media” ilə əməkdaşlığı dayandıracaqlarına söz verirdilər.

Jurnalist fəaliyyətinə görə üzr istəməli olanlardan biri də “Sputnik”in şef-redaktoru Erkin Alımbekov olub. Bu, 2023-cü ildə Batken vilayətində prezidentin işlər müdiri Kanıbek Tumanbayevlə əlaqəli tikinti podratçıları barədə araşdırmadan sonra baş verib. Alımbekov saxlanılmayıb, amma nəşr hakimiyyət nümayəndələri tərəfindən açıq tənqid olunub, araşdırmanı prezident Sadır Japarov da şərh edib. Nəticədə Alımbekov özü video çəkərək “yaratdığı narahatlığa görə” üzr istəyib.

Bir sıra qalmaqallardan və Qırğızıstanda söz azadlığının səviyyəsinin düşməsindən sonra prezidentin mətbuat katibi Askat Alaqozov 2026-cı ilin martında bildirib ki, hüquq-mühafizə orqanlarına jurnalistlər, vətəndaş fəalları və iş adamları barəsində həbslə bağlı olmayan “preventiv tədbirlər” tətbiq etmək tövsiyə olunur. Praktikada insanı öz sözlərindən imtinaya, günahı qəbul etməyə və ya özünə qarşı ifadə verməyə məcbur edən alçaldıcı videolar da məhz bu cür “preventiv tədbirlər”in bir hissəsinə çevrilə bilər.

Azərbaycan praktikası başqa nümunələrdən nə ilə fərqlənir?

Beynəlxalq praktikada bu cür videolar daha çox hakimiyyətin artıq siyasi opponent kimi gördüyü şəxslərə – jurnalistlərə, fəallara, hüquq müdafiəçilərinə və müxalifət nümayəndələrinə qarşı tətbiq olunur.

Azərbaycanda isə məlum nümunələrə əsasən, bu alətdən daha geniş istifadə edilir. Hədəfə yalnız ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxslər yox, yaşayış şəraitindən şikayət edən, mümkün korrupsiya faktı barədə danışan və ya dövlət qurumlarının fəaliyyətindən narazılığını ifadə edən adi vətəndaş da düşə bilər.

Belə videolar necə görünür?

Bu tip videoların çox vaxt ortaq əlamətləri olur. İnsan monoton və rəsmi danışır. Onun nitqi canlı danışıqdan çox, əvvəlcədən yazılmış və əzbərlənmiş mətnə bənzəyir. Formulyasiyalar həddindən artıq səliqəli, bürokratik və ya gündəlik spontan nitq üçün qeyri-təbii görünür.

Kadrdakı davranış da diqqət çəkir: gərgin poza, sıxılmış mimika, emosional sərbəstliyin olmaması. Bu videolar çox vaxt rəsmi təsir bağışlayan otaqlarda çəkilir. Şəxs adətən kamera qarşısında tək oturur, nə sual vermək, nə də baş verənləri izah etmək imkanı olur.

Məzmun da təkrarlanır. İnsan peşman olduğunu bildirir, əvvəlki sözlərindən imtina edir, səhv etdiyini deyir, bəzən hakimiyyət nümayəndələrini və ya dövlət qurumlarını tərifləyir. Nəticədə tamaşaçıya izah yox, itaət aktı göstərilir.

Bununla belə, konkret videonun birbaşa təzyiq altında çəkildiyini kənardan sübut etmək həmişə mümkün olmur. Amma formatın təkrarlanması, bu cür videoların tənqidi çıxışlardan dərhal sonra ortaya çıxması və nitqin xarakteri davamlı məcburiyyət təəssüratı yaradır.

Hüquqşünas Emin Abbasov hesab edir ki, hakimiyyət bu alətdən artıq illərdir istifadə etdiyi üçün cəmiyyət belə videoların səmimiliyinə inanmır. Onun sözlərinə görə, hakimiyyət özü də bu videolara etimadın demək olar ki, qalmadığını anlayır.

Bu niyə təhlükəlidir?

Emin Abbasov hesab edir ki, üzr videoları hüquqi prosedurları əvəz edir. Əgər şəxs yalan məlumat yayıbsa, qanunu pozubsa və ya kimisə böhtan atıbsa, hüquqi dövlətdə bu məsələ məhkəmə, vəkillər, sübutlar və müstəqil araşdırma vasitəsilə həll olunmalıdır. Amma kamera qarşısında ictimai “tövbə” mübahisəni hüquqi müstəvidən çıxarır və onu güc nümayişinə çevirir.

Bu praktika eyni anda bir neçə fundamental prinsipi dağıdır.

Birincisi, insan ləyaqətini alçaldır. İnsanı sadəcə öz sözlərindən imtina etməyə məcbur etmirlər – onu ictimai cəza obyektinə çevirirlər.

İkincisi, ifadə azadlığını boğur. Digər vətəndaşlar belə videoları görəndə, problemləri real olsa belə, onlar barədə danışmaqdan imtina edə bilərlər.

Üçüncüsü, dövlət institutlarına etimadı zəiflədir. Cəmiyyət şikayətə cavab əvəzinə şikayətçiyə təzyiq görür. Araşdırma əvəzinə üzr, dialoq əvəzinə qorxu görür.

Nəhayət, bu praktika müstəqil informasiya məkanını daraldır. İnsan sosial şəbəkədə şikayət paylaşdığına görə ictimai alçaldılma ilə üzləşə biləcəyini anlayırsa, böyük ehtimalla susmağa üstünlük verəcək.

Ədalətli məhkəmə yox, müstəqil media yox – növbə kimdədir?

“Aydın məsələdir ki, hüququn aliliyinin işləmədiyi, demokratik olmayan ölkələr fərqli, alternativ, tənqidi fikirlərə dözümlü olmur. Çünki o, legitim olaraq gücünü cəmiyyətin səsindən almır. İnsan haqları baxımından bütün qapıların vətəndaşların üzünə bağlanmasından daha dağıdıcı bir siyasət təsəvvür edə bilmirəm”, – Emin Abbasov deyir.

Bir vaxtlar Azərbaycanda müstəqil media ən ucqar kəndlərə belə gedib vətəndaşların səsinə çevrilə bilirdi. Ən yaxşı halda, belə materiallardan sonra problemlər həll olunurdu. Ən pis halda isə heç nə dəyişməsə belə, insanlar öz sözlərini demək və eşidilmək imkanı qazanırdı.

Lakin 2023-cü ildən bəri Azərbaycanda müstəqil media jurnalistlərinə qarşı təzyiqlər faktiki olaraq ictimai əhəmiyyətli informasiyanı axtarıb tapmaq və yaymaqla peşəkar şəkildə məşğul olanları susdurmağa yönəlib. Amma hər bir insanın öz həqiqətini sosial şəbəkələr vasitəsilə çatdırmaq imkanı qaldıqca buna tam nail olmaq mümkün deyildi.

Görünür, indi hakimiyyət bu imkanı da məhdudlaşdırmağa çalışır. Əgər əvvəllər əsas hədəf jurnalistlər, fəallar və müxalifət nümayəndələri idisə, indi ictimai şəkildə narazılığını ifadə edən hər kəs hədəfə çevrilə bilər.

“Mediaşəbəkə”nin dəstəyi ilə

Ana səhifəVideoÜzr videoları: Azərbaycanda narazılıq necə susdurulur?