Daxili İşlər Nazirliyi Əli Kərimliyə xarici pasport verməyib

Əli Kərimli. Foto: Meydan TV

DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə pasport verməkdən imtina edib.  

Bu barədə partiya sədri özünün “Facebook” səhifəsində yazıb.

O bildirib ki, oktyabrın 7-də Ümumvətəndaşlıq pasportu almaq üçün ASAN xidmətə müraciət edib.

Hökumət Varşava Təhlükəsizlik Konfransında və Afina Demokratiya Forumunda iştirakıma imkan vermədi. Ancaq nəzəri cəhətdən hələ də dəvət edildiyim Riqa Təhlükəsizlik Konfransına və Praqa Demokratiya Forumuna qatılmaq imkanım qalır. Ona görə də müvafiq rüsumu ödəyərək 1 gün ərzində pasport almaq istədiyimi ASAN xidmətin əməkdaşına bildirdim. Müvafiq ödənişi etdim pasport almaq üçün zəruri hazırlıqlar görüldü. Xidmətin əməkdaşı bir gündən sonra pasportumu götürə biləcəyimi dedi”.

Əli Kərimli yazıb ki, deyilən vaxtı ASAN xidmət getsə də, ona pasport verilməkdən imtina edilib.

Pasport hazır idi. Xanım əməkdaş bir neçə telefon zəngindən sonra mənə bildirdi ki, mənə pasport verilməkdən imtina olunur. Mən imtinanın səbəbini soruşanda yəqin ki, özündən vəzifəsi böyük olan başqa xanıma müraciət etdi. Həmin xanım da mənə bildirdi ki, sizə pasport verilməsinə DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsi icazə vermir. İmtinanın heç bir izahatı da yoxdur. Sonra məndən dünən aldıqları xidmət haqqını geri qaytardılar”.

Əli Kərimlinin pasport məsələsi yeni deyil. O, artıq 20 ilə yaxındır ki, beynəlxalq səfərlərə çıxmaq hüququndan məhrumdur. 

Əli Kərimlinin səfər qadağası 1994-cü ildə onun barəsində açılmış cinayət işi ilə əsaslandırılır. Həmin il sentyabrın 10-da hüquq-mühafizə orqanları onun cibində qumbara tapıldığını iddia edərək barəsində o dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 220-ci maddəsi (qanunsuz silah saxlama) ilə cinayət işi başladıb və Kərimli həbs edilib. Bir neçə həftə sonra o, yerli və beynəlxalq təşkilatların təzyiqi ilə azadlığa buraxılıb. Cinayət işinə xitam verilməsə də, icraat 1995-ci ilin dekabrında dayandırılıb.

2001-ci ildə aldığı xarici pasportun etibarlılıq müddəti bitdikdən sonra, Kərimli 2006-cı ildə yenidən Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə müraciət edib. Lakin ona pasport verilməyib və səbəb kimi 1994-cü ildə başlanmış cinayət işi göstərilib.

Avropa İnsan Hüquqları Məhkəməsi bir neçə il əvvəl bu vəziyyəti qanunsuz məhdudiyyət kimi qiymətləndirərək Azərbaycan hökumətini qərarı icra etməyə çağırsa da, məsələ indiyədək həllini tapmayıb.

Partiya sədri bildirib ki, ona pasport verilməməsi ölkə prezidenti tərəfindən verilən qərardır.

“Pasport ala bilməməyimlə bağlı bir ay öncə Baş prokuror Kamran Əliyevə müraciətimə də prokurorluq heç bir cavab vermir. Görünür ki, deyəcək sözləri və verəcəkləri cavab yoxdur. Mən əlbəttə ki, DİN-in müvafiq baş idarəsinə də müraciət edəcəyəm. Ancaq mən də, siz də bilirik ki, 20 il ərzində mənə pasport verməmək və mənim xarici səfərlərimə qadağa qoymaq qərarı yalnız İlham Əliyev tərəfindən verilə bilər. Görünür Əlyevsayağı ədalət, rəqabət belə olur”, – Əli Kərimli belə yazıb.

AXCP sədrinin yazdıqlarına Daxili İşlər Nazirliyi və digər aidiyyatı qurumlar münasibət bildirməyiblər.

Ana səhifəSiyasətDaxili İşlər Nazirliyi Əli Kərimliyə xarici pasport verməyib