Cəmil Həsənli: Əliyev bütün çıxışlarında xalqın qələbəsini mənimsəməyə cəhd edir

“Əgər bir rayonun işğalı bacarıqsızlıqdırsa, Heydər Əliyev o bacarıqsızlığı 5-6 dəfə çox edib”.

Source: Specify Source


"Əliyev deyir ki, AXC hökumətinin naziri ingilis dilini bilmirdi, amma onun naziri heç Azərbaycan dilini də bilmirdi"

Dövlət başçısı İlham Əliyevin 25 noyabrda Kəlbəcərin azad olunması münasibətilə xalqa müraciətində AXC hakimiyyətini sərt ittiham etməsi birmənalı qarşılanmır.

Xüsusilə bu çıxışdan sonra müxalifətə qarşı repressiyaların olmasının mümkünlüyü barədə sual aktuallaşıb.


Pənah Hüseyn: "Bu cür dedi-qoduların tamamilə lüzumsuz və zərərli olduğunu düşünürük"

AXC dönəminin Baş naziri olmuş Pənah Hüseyn dövlət başçısının təkrar-təkrar bu məsələyə qayıtdığını vurğulayaraq əlavə edib ki, onlar zamanında cavab veriblər:

“Mən və bir sıra insanlar hazırda müharibənin davam etdiyini nəzərə alıb bu cür dedi-qoduların tamamilə lüzumsuz və zərərli olduğunu düşünürük. Onsuz da Azərbaycan xalqı hər şeyi bilir, bizim hakimiyyətin qiymətini, o cümlədən Əbülfəz Elçibəy dühasının dəyərini cəmiyyət və tarix verib”.

Pənah Hüseyn
Pənah Hüseyn


Arif Hacılı: "Onlar Heydər Əliyevin hakimiyyətə gətirilməsi uğrunda mübarizə aparanlar idi"

AXC hakimiyyəti zamanı dövlət müşaviri olmuş Arif Hacılı İlham Əliyevin söylədiklərinin həqiqətəuyğun olmadığını bildirib:

“Kəlbəcərin işğalı, ondan əvvəldə Şuşa və Laçının işğalı o zaman siyasi qüvvələrin və hərbi müxalifətin hakimiyyət uğrunda apardığı dava nəticəsində baş verdiyi iddia olunur. Bəli, burada qismən həqiqət var və səbəblərdən biri idi. Amma həmin dövrdə biz yox, digər siyasi qüvvələr, hərbi müxalifət hakimiyyət uğrunda dava aparırdı. AXC 1992-ci ilin aprelində siyasi aksiyaların dayandırması haqqında rəsmi qərar qəbul etdi, eyni zamanda, seçki kampaniyasını da dayandırdıq. Həmin vaxt iki siyasi qüvvə kampaniya aparırdı, hətta Şuşanın işğalı günü Bakıda aksiyalar keçirən siyasi qüvvələr var idi, onlardan biri Mütəllibovu yenidən hakimiyyətə qaytarmaq istəyənlər, ikincilər isə yaş senzinin ləğv olunub Heydər Əliyevin hakimiyyətə gətirilməsi uğrunda mübarizə aparanlar idi. Kəlbəcərin işğal olunduğu zaman biz hakimiyyətdəydik, ona görə AXC-ni hakimiyyət uğrunda mübarizə aparmasını iddia etmək gülüncdür”.

ARIF HAJILI – Musavat (2).jpg
Arif Hacılı

Məlum müraciətin yaratdığı siyais atmosfer baxımdan müharibə bitəndən sonra müxalifətə qarşı sərt addımların atılmasına gəlincə, Arif Hacılı deyir ki, təmsil olunduğu düşərgə daim amansız hədəfdə olub:

“Ümid edək ki, Azərbaycan müxalifətinin müharibənin getdiyi 44 günlük dövrdə tutduğu mövqe, savaşa yanaşması, eyni zamanda, uzun illər irəli sürdüyümüz xarici siyasət və milli təhlükəsizlik konsepsiyasına uyğun addımların atılması nəticəsində ərazilərin əksər hissəsi işğal azad edilməsi hakimiyyətin daxildə siyasi qarşıdurma yaratmaq, düşmən axtarmaq siyasətinin dəyişməsinə səbəb ola bilər. Təəssüf ki, belə olmadı”.


Cəmil Həsənli: "Əgər Heydər Əliyev qiyamçılara dəstək verməsəydi, Kəlbəcər azad ediləcəkdi"

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli dövlət çıxışının təəssüf doğurduğunu deyərək əlavə edib ki, 44 günlük müharibədə bütün siyasi-ictimai qüvvələrin və cəmiyyətin vahid mövqedən çıxış etməsi müəyyən ümidlər yaratmışdı:

“Ancaq Əliyev 25 noyabr müracəti ilə cəmiyyətin ümidlərini puça çıxartdı. Bununla da Əliyev dəyişmədiyini, əvvəlki, avtoritar, totalitar və "mənəm-mənəm" deyən İlham Əliyev olduğunu təsdiqlədi. Əliyev tez-tez “nə vaxt nə etmək lazım olduğunu mən bilirəm” deyə söyləyir. Əgər hər şeyi ölkə baçısı bilirsə, digər dövlət qurumları, parlament, məhkəmə, ordu nəyə lazımdır?! Dövlət bir nəfərin ümidinə qalırsa, bədbəxt günə qalır. Əslində, Kəlbəcəri və digər rayonları Azərbaycan xalqı azad etdi, o yoxsul, kasıb xalq övladları azad etdi. Necə ki bəzi əsgərlərin anaları deyirdi ki, övladı təzə paltarı hərbiyə gedəndə geyinib. 44 gündə döyüşlərdə nəinki nazir, bir icra başçısının övladı yoxdur. Ümumiyyətlə, Əliyevin bütün çıxışlarında xalqın qələbəsini öz adına yazmaq cəhdləri var. Bəli, bu qələbədə Ali Baş Komandan kimi onun da rolu var, amma bunu yalnız öz adına mənimsəmək cəhdi də var”.

Cəmil Həsənli
Cəmil Həsənli

Cəmil Həsənli İlham Əliyevin çox önəmli bir gündə-Kəlbəcərin azad olunduğu gündə bu cür ittihamlar və yalanlar səsləndirməsinə təəssüflənsə də, bu çıxışın müəyyən səbəbləri olduğunu düşünür:

“Görünür, onu narahat edən bəzi məsələlər var. Şübhəsiz, Kəlbəcərin işğalının məsuliyyətini AXC hakimiyyəti daşıyırsa, Ağdamın, Ağdərənin, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının işğalı Heydər Əliyevin dövründə olub. Əgər bir rayonun işğalı bacarıqsızlıqdırsa, Heydər Əliyev o bacarıqsızlığı 5-6 dəfə çox edib. İkinci, AXC hakimiyyətinin xarici işlər nazirinin ingilis dilini bilməməkdə ittiham edir, amma uzun müddət Əliyevlə işləyən Məmmədyarov Azərbaycan dilini də bilmirdi. Məsələ ondadır ki, xarici dil bilməyən xarici işlər naziri BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbulunda böyük rol oynadı. Əgər Heydər Əliyev qiyamçılara dəstək verməsəydi, 822 saylı qətnamə əsasında Kəlbəcər azad ediləcəkdi. Çünki o zaman Kəlbəcərlə bərabər Laçın və Ağdamın boşaldılması haqda qrafik hazır idi. Ermənistan iyunun 25-də Kəlbəcəri boşaltmaq öhdəliyi götürmüşdü. Məhz iyun qiyamının başlaması və Heydər Əliyevin də ona dəstəyi Azərbaycanda ikihakimiyyətlik yaratdı. Nəticədə Kəlbəcərin azad olunmasını 27 il uzatdı. Bu, tarixi faktdır”.

Prezident İlham Əliyev noyabrın 25-də xalqa

müraciəti

ndə Kəlbəcər rayonunun işğal altına düşməsində Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyət daşıdığını deyib.

Ölkə başçısı bildirib ki, bütövlükdə torpaqların işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir: “Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır. Çünki 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Azərbaycanda daxili çəkişmələr baş alıb gedirdi, xaos, siyasi böhran yaranmışdı və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarmışdı. Ermənistan isə bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra vəziyyət kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi”.

Ana səhifəSiyasətCəmil Həsənli: Əliyev bütün çıxışlarında xalqın qələbəsini mənimsəməyə cəhd edir