Böyük auditoriyası olan tiktokerlər: hakimiyyət üçün həm risk, həm resurs mənbəyi

Azərbaycanda böyük auditoriyaya sahib tiktokerlər hakimiyyətin diqqət mərkəzinə düşüb: bir qismi dövlət tədbirlərinə dəvət olunur, digərləri isə paylaşımlarına görə saxlanılır və həbs edilir. Və saxlanılan və həbs edilənlərin heç biri siyasi fəallığı ilə tanınmır. Ekspertlər hesab edir ki, bu tiktokerlərin necə bir kontent yaratması hakimiyyət üçün heç maraqlı da deyil, çünki nəzarətdən kənarda yüz minlərlə insana çata bilən tiktokerlər hakimiyyət üçün həm risk, həm də istifadə edilə biləcək resursdur.

Kimi tədbirində, kimi həbsdə 

İyulun 13-də Şuşada keçirilən Qlobal Media Forumunda jurnalistlərlə yanaşı blogerlər və influenserlər də iştirak edirdi. Prezidentin köməkçisi Hikmət Hacıyev forum çərçivəsində “TikTok”un Şərqi Avropa üzrə rəsmisi Diana Ryanla platforma ilə əməkdaşlıq və sosial şəbəkələrlə bağlı yeni qanunvericiliyi müzakirə edib. Forumun sessiyalarından biri də rəqəmsal platformalara həsr olunmuşdu. 

Forumda food və travel blogeri Ehtiram Fərzəlibəyov, aparıcı və bloger İlkin Həsəni, influenser Aysel Həsəni, lifestyle və travel blogeri Aysel Ağayeva, olay.az saytının baş redaktoru Pərviz Hüseynli və bloger Mətanət Əlili İsgəndərova da iştirak ediblər.

Və cəmi iki həftə sonra Azərbaycanda “tiktoker ovu” başladı.

İyulun 28-dən avqustun əvvəlinədək azı bir neçə tiktokerin saxlanıldığı bildirildi. “Çevik” ləqəbi ilə tanınan Məqsəd Bağırov 10 sutka, Müjgan Məmmədzadə 10 sutka, Səkinə Əhmədova 10 sutka, Sənur Əzizova isə 8 sutka inzibati həbs edildi. Üzeyir Abasın da saxlanıldığı bildirildi. “İlanlı qız” ləqəbli Günəş Musayevanın psixiatriya müəssisəsinə yerləşdirildiyi barədə xəbərlər yayılsa da, o, sonradan video paylaşaraq psixiatriya xəstəxanasına yerləşdirilmədiyini, polis tərəfindən saxlanıldığını dedi.

Saxlanmalar əsasən “ictimai mənəviyyat”, “milli-mənəvi dəyərlər” və ictimai qayda ilə bağlı qanunvericilik normaları ilə əsaslandırıldı. 

Hökumətyönlü mediada da tiktokerlərin saxlanılması ilə bağlı yayılan xəbərlərdə “ictimai mənəviyyat”, “milli-mənəvi dəyərlər”, “açıq-saçıq geyim” və “qeyri-adekvat davranış” kimi ifadələrdən istifadə olundu.

Saxlanılanların hazırladığı məzmuna gəlincə, Məqsəd Bağırov və Üzeyir Abas əsasən din və ateizmlə bağlı müzakirələr aparırdılar. Müjgan Məmmədzadə və Sənur Əzizova daha çox canlı yayımlar açıb izləyicilərlə söhbət və mübahisələr edirdilər. Səkinə Əhmədova və Günəş Musayeva əsasən musiqili, əyləncəli videolar və fotolar paylaşırdılar. Onların siyasi fəaliyyət göstərməsi, etiraz aksiyası təşkil etməsi və ya hakimiyyətə qarşı siyasi çağırışlarla çıxış etməsi barədə isə heç bir məlumat yoxdur.

Beləliklə, qısa zaman fərqi ilə iki fərqli mənzərənin şahidi olduq: bir tərəfdə dövlətin təşkil etdiyi beynəlxalq forumlara dəvət olunan və rəsmilərlə görüşən, digər tərəfdə isə sosial şəbəkədəki paylaşımlarına və davranışlarına görə polis və məhkəmə qarşısına çıxarılan tiktokerlər.

Bu fərqin səbəbi nədir? Problem tiktokerlərin hansı məzmunu paylaşmasındadır, yoxsa onların dövlət nəzarətindən kənarda böyük auditoriyaya çıxış imkanında?

“Əsas məsələ məzmun deyil, kütlədir”

Media eksperti Əhəd Əhədli tiktokerlərin saxlanılmasını onların hazırladığı konkret videolardan daha çox, geniş auditoriyaya çıxış imkanları ilə əlaqələndirir.

Onun fikrincə, hakimiyyət nəzarətindən kənarda fəaliyyət göstərən və geniş izləyici kütləsi toplaya bilən şəxsləri potensial risk kimi qiymətləndirə bilər. Bu şəxslərin bu gün siyasi kontent hazırlamaması isə həmin yanaşmanı dəyişmir.

“Hökuməti narahat edən əsas məsələ onun nəzarətindən kənarda hansısa subyektin geniş kütlələrə çatmasıdır. Siyasi kontent yaratmayan şəxslər belə hakimiyyətin nəzərində gələcək üçün potensial təhlükədir”, – Əhədli deyir.

O hesab edir ki, tiktokerlərin saxlanılması bir tərəfdən həmin şəxslərə fəaliyyətlərinin izlənildiyini göstərir, digər tərəfdən isə sosial şəbəkələrdə böyük auditoriya toplamağa çalışan digər şəxslərə mesaj rolunu oynaya bilər.

Media eksperti Əhəd Əhədli. Foto: Meydan TV

Əhədli “ictimai əxlaq” anlayışının qanunvericilikdə istifadə edilməsinin hüquq-mühafizə orqanlarına geniş şərh imkanları verdiyini düşünür:

“Əxlaq anlayışını müxtəlif formalarda şərh etmək olar. Hakimiyyət öz baxış bucağından müəyyən etdiyi “ictimai əxlaq” anlayışından siyasi məqsədləri üçün istifadə edir”.

Əhədlinin fikrincə, saxlanılan şəxslərin hökumətyönlü mediada “mənəviyyatsız”, “qeyri-adekvat” və ya “milli dəyərlərə zidd” şəxslər kimi təqdim olunması da təsadüfi deyil. O düşünür ki, Azərbaycan cəmiyyətində mövcud mühafizəkar yanaşmalar fonunda bu cür ritorika saxlanmalara ictimai münasibətin formalaşdırılmasına təsir edə bilər.

DataReportal-ın “Digital 2026: Azerbaijan” hesabatına görə, “TikTok”un reklam alətləri 2025-ci ilin sonunda Azərbaycanda 18 yaşdan yuxarı 7,61 milyon istifadəçiyə potensial çatım göstərib. Müqayisə üçün “Instagram” üzrə həmin göstərici 4,25 milyon olub. “TikTok”un reklam çatımı ölkədəki internet istifadəçilərinin 82,2 faizinə bərabər göstərilir.

Bu statistika “TikTok”un Azərbaycanda potensial auditoriyasının miqyasını göstərir. “TikTok”un öz reklam alətlərinə əsaslanan hesablamaya görə, platformanın potensial reklam çatımı 2024-cü ilin sonundan 2025-ci ilin sonunadək 1,23 milyon, yaxud 19,2 faiz artıb.

“Əlində telefon olan hər kəs informasiya mənbəyidir”

Bloger Mehman Hüseynov isə tiktokerlərlə bağlı son prosesləri ölkədə müstəqil media və jurnalistlərin üzləşdiyi təzyiqlərin davamı kimi qiymətləndirir.

Onun fikrincə, Meydan TV, AbzasMedia və Toplum TV əməkdaşlarının həbslərindən sonra ictimai problemləri lentə alıb sosial şəbəkələrdə yayan adi insanlar daha böyük rol oynamağa başlayıblar.

“Jurnalistləri həbs etməklə gördülər ki, onların yerinə vətəndaş jurnalistləri çıxır. Əlində telefon olan hər kəs öz problemini çəkib işıqlandıra bilir”, – Hüseynov deyir.

Onun fikrincə, “TikTok”u başqa sosial platformalardan fərqləndirən əsas xüsusiyyətlərdən biri informasiyanın və ya videonun qısa müddət ərzində şəxsin mövcud izləyici dairəsindən kənara çıxaraq böyük auditoriyaya çata bilməsidir.

“TikTok”da daha çox kütləyə daha tez çatmaq olur və bunu hakimiyyət hələlik idarə edə bilmir”, – Hüseynov bildirir.

Onun fikrincə, məhz siyasətdən danışmayan şəxslərin də saxlanılması bu prosesin təsir dairəsini genişləndirir:

“Əgər əvvəllər insanlar düşünürdülər ki, siyasətdən danışmasalar, problem yaşamayacaqlar, indi görürlər ki, bunun üçün mütləq siyasi çıxış etməyə ehtiyac yoxdur”.

Hüseynov hesab edir ki, bu cür saxlanmaların nəticəsi yalnız konkret tiktokerin bir neçə günlük həbs edilməsi olmaya bilər. Hadisələri onların yüz minlərlə izləyicisi, başqa kontent istehsalçıları və gələcəkdə sosial şəbəkələrdə aktiv olmaq istəyən şəxslər də görür. Nəticədə də saxlanmalar özünüsenzuranı gücləndirə bilər: sosial media istifadəçiləri hansı mövzuda danışmağın, hansı görüntünü paylaşmağın və hətta hansı formada davranmağın problemlə nəticələnə biləcəyini əvvəlcədən hesablamağa çalışa bilərlər.

Televiziyada tamaşaçı, “TikTok”da isə həm də yayıcı

Əhəd Əhədli “TikTok”un ənənəvi televiziyadan fərqinə də diqqət çəkir.

Televiziyada kommunikasiya əsasən bir istiqamətdədir: telekanal məlumatı hazırlayır və tamaşaçı onu izləyir. İzləyicinin həmin anda eyni miqyasda alternativ informasiya yayması və ya telekanalın auditoriyasına birbaşa çıxışı yoxdur.

“TikTok”da isə istifadəçi yalnız informasiya istehlakçısı deyil. O, videoya şərh yaza, onu paylaşa, canlı yayıma qoşula, özü video çəkə və bəzən heç bir böyük media infrastrukturu olmadan qısa müddətdə yüz minlərlə insana çata bilər.

Əhədli hesab edir ki, məhz bu xüsusiyyət sosial şəbəkələri hakimiyyətin gözündə ənənəvi mediadan fərqləndirir. Televiziya üzərində inzibati və institusional nəzarət mexanizmləri daha güclüdür, “TikTok”da isə kimin növbəti gün viral olacağını əvvəlcədən müəyyənləşdirmək çətindir.

“Özündən başqa avtoritet görmək istəmir”

Siyasətçi Abid Qafarov məsələni yalnız media nəzarəti kimi deyil, müstəqil ictimai nüfuz məsələsi kimi qiymətləndirir.

Onun fikrincə, avtoritar idarəetmə sistemində dövlət strukturundan kənarda böyük auditoriya və nüfuz qazanan şəxslərə ehtiyatla yanaşıla bilər. Həmin şəxsin jurnalist, siyasətçi, müğənni və ya tiktoker olmasının isə ikinci dərəcəli əhəmiyyəti var.

“Avtoritarlığın təbiəti budur. Özündən başqa avtoriteti olan şəxs görmək istəmir”, – Qafarov deyir.

Siyasətçi Abid Qafarov

O hesab edir ki, bu yanaşmada tiktokerin hazırda hakimiyyəti tənqid edib-etməməsi də həlledici olmaya bilər. Hətta siyasi mövqeyi olmayan və ya hakimiyyəti açıq şəkildə dəstəkləyən şəxslər belə böyük və müstəqil auditoriyaya malik olduqda müəyyən mərhələdə risk kimi qəbul edilə bilərlər.

Qafarov bunu “icazəsiz yaltaqlıq da qadağandır” ifadəsi ilə izah edir.

Onun fikrincə, hakimiyyət üçün əsas risk həmin şəxsin bu gün hansı mövqedə olması deyil. Böyük auditoriyası olan müğənni və ya tiktoker sabah qiymət artımı, sosial problem, polis davranışı və ya başqa bir hadisə haqqında bir video paylaşaraq yüz minlərlə insanın diqqətini həmin məsələyə yönəldə bilər.

Bu səbəbdən Qafarov geniş auditoriyaya malik şəxslərə münasibətdə potensial səfərbərlik imkanının da nəzərə alındığını düşünür.

Yeni hüquqi alət: “ictimai mənəviyyat”

Tiktokerlərin bir qisminin həbsi 2026-cı ilin yanvarında qüvvəyə minən İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə əsaslandırılıb.

Azərbaycan Prezidentinin rəsmi saytında dərc olunan qanuna əsasən, internetdə “ictimai mənəviyyatı təhqir edən”, “cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” hərəkətlər, “əxlaqsız ifadələr”, belə məzmun təəssüratı yaradan jestlər, eləcə də insan bədəninin hissələrinin “əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada” nümayiş etdirilməsi 500 manatdan 1000 manatadək cərimə və ya bir ayadək inzibati həbslə nəticələnə bilər. Eyni əməl bir il ərzində təkrar edilərsə, həbs müddəti iki aya çata bilər.

Problem isə qanundakı anlayışların sərhədlərinin necə müəyyənləşdirilməsindədir.

Hansı geyimin “milli-mənəvi dəyərlərə” zidd olduğu, hansı jestin “əxlaqsız məzmun təəssüratı” yaratdığı, yaxud hansı davranışın “ictimai mənəviyyatı təhqir etdiyi” ayrıca və konkret meyarlarla göstərilmir.

Samirə Ağayeva
Hüquqşünas Samirə Ağayeva

Hüquqşünas Samirə Ağayeva Meydan TV-yə deyir ki, qanunvericilikdə bu cür qeyri-müəyyən anlayışların olması hüquqi müəyyənlik prinsipi baxımından problem yarada bilər.

Onun sözlərinə görə, vətəndaş əvvəlcədən hansı davranışının hüquqi məsuliyyət yaradacağını kifayət qədər aydın şəkildə bilməlidir. Qanunun ifadələri geniş olduqda isə onun praktikada necə tətbiq ediləcəyi hüquq-mühafizə orqanlarının və məhkəmələrin şərhindən daha çox asılı olur.

Ağayeva hesab edir ki, belə normalar geniş və seçici tətbiqə imkan yarada, nəticədə həm ifadə azadlığına, həm də hüquqi təhlükəsizlik prinsipinə mənfi təsir göstərə bilər.

“İnzibati həbs yalnız müstəsna tədbir olmalıdır. Onun tətbiqi qanunilik, zərurilik və mütənasiblik prinsiplərinə əsaslanmalı, müstəqil məhkəmə nəzarəti, müdafiə hüququ və ədalətli məhkəmə təmin edilməlidir”, – hüquqşünas deyir.

Psixiatriya məsələsi niyə narahatlıq yaradıb?

Tiktoker Günəş Musayevanın psixiatriya xəstəxanasına yerləşdirilməsi barədə xəbərlər də (sonradan onun bunu təkzib etməsinə baxmayaraq), iyulda “Psixiatriya yardımı haqqında” qanuna edilmiş dəyişikliklər fonunda diqqət çəkdi.

Azərbaycan Prezidentinin rəsmi saytında dərc edilmiş dəyişikliklər psixiatriya müayinəsi və qeyri-könüllü hospitalizasiya prosedurlarına yeni müddəalar əlavə edib. Qanunda eyni zamanda məhkəmənin qərarına qədər qeyri-könüllü stasionara yerləşdirmə zamanı həkim-psixiatrın qərarı və bu barədə yaxınların, prokurorun və səlahiyyətli dövlət orqanının məlumatlandırılması proseduru nəzərdə tutulur.

Mehman Hüseynov hesab edir ki, psixiatriya müəssisəsinə yerləşdirmə ehtimalı adi inzibati və ya cinayət həbsindən fərqli təsir yarada bilər.

Bloger Mehman Hüseynov

Onun sözlərinə görə, həbs zamanı ictimaiyyət ittihamı, məhkəmə qərarını, vəkilə çıxışı və saxlanma şəraitini müzakirə edə bilir. Psixiatriya müəssisəsi məsələsində isə proses tibbi məxfilik və fərqli hüquqi prosedurlarla müşayiət olunur.

Hüseynov hesab edir ki, əgər belə bir işdə siyasi motiv iddiası ortaya çıxarsa, şəxsin gələcəkdə siyasi məhbus kimi tanınması və beynəlxalq təşkilatların həmin işə hüquqi qiymət verməsi də daha mürəkkəb ola bilər.

Abid Qafarov isə məsələnin reputasiya tərəfinə diqqət çəkir.

“Heç bir ictimai nüfuzu olan insan istəməz ki, adının əvvəlinə “dəli” sözü əlavə olunsun”, – o deyir.

Qafarov hesab edir ki, hətta belə bir ehtimalın mövcudluğu belə müğənni, aktyor, bloger və başqa ictimai şəxslərin müəyyən məsələlər barədə danışmaqdan çəkinməsinə səbəb ola bilər.

Şuşada isə blogerlər başqa rolda idi

Tiktokerlərin saxlanılmasından iki həftə əvvəl keçirilən IV Şuşa Qlobal Media Forumu hökumətin sosial media auditoriyasına yalnız hüquq-mühafizə məsələsi kimi yanaşmadığını göstərən başqa bir nümunədir.

Azərbaycan Prezidentinin rəsmi məlumatına görə, forumda 53 ölkədən 160 qonaq, 30 xəbər agentliyi, 60-dan artıq media qurumu və 10 beynəlxalq təşkilat və təsisat təmsil olunub.

Jurnalistlərlə yanaşı yerli blogerlərin tədbirə dəvət edilməsi Azərbaycanda ayrıca müzakirəyə səbəb olmuşdu.

Bloger Səma Abıyeva EDnews-a müsahibəsində bunun səbəblərindən birini sosial media auditoriyasının blogerlərin təqdim etdiyi görüntüləri ənənəvi media materiallarından daha təbii qəbul etməsi ilə izah edirdi.

“Jurnalist hadisəni çəkir, montaj edir, üzərində işləyir və nəticədə emal olunmuş bir məhsul təqdim edir. Auditoriya bunu ənənəvi media kimi qəbul edir və düşünür ki, burada müəyyən redaktə, filtr və məhdudiyyətlər var. Bloger isə anlıq paylaşım etdiyi üçün insanlar onun göstərdiklərini daha real hesab edirlər”, – Abıyeva bildirib.

O, eyni zamanda böyük auditoriyanın avtomatik olaraq peşəkarlıq anlamına gəlmədiyini vurğulayıb:

“Bəzən böyük izləyici kütləsinə malik olmaq kompetensiyalı olmaq demək deyil. Elə blogerlər var ki, danışdıqları mövzu haqqında kifayət qədər bilik və təcrübəyə malik deyillər. Onlar çox vaxt hazır verilən məlumatları sadəcə səsləndirirlər”.

Belarus nümunəsi: əvvəl nəzarət, sonra əməkdaşlıq

Regionda dövlətin böyük sosial media auditoriyasına malik şəxslərlə münasibətinin necə sistemləşdirilə biləcəyinə dair daha açıq nümunələrdən biri Belarusdur.

2020-ci il prezident seçkisindən əvvəl və sonra Belarusda müstəqil blogerlər ciddi siyasi faktora çevrilmişdi. Sergey Tixanovski və İqor Losik kimi şəxslər böyük sosial media auditoriyası toplayır, ölkədə baş verənlər haqqında ənənəvi dövlət mediasından kənar informasiya yayırdılar.

Hakimiyyətin ilkin reaksiyası repressiv oldu. Müstəqil blogerlər saxlanıldı, onların kanalları “ekstremist” elan edildi və ölkənin informasiya məkanında nəzarət sərtləşdirildi.

Amma qadağalarla da iş bitmədi.

2021-ci ildə Aleksandr Lukaşenko yerli məmurlara ərazilərində fəaliyyət göstərən jurnalistləri, blogerləri və “Telegram” kanallarının administratorlarını tanımalı olduqlarını bildirdi. Nasha Niva-nın həmin dövrdə yaydığı xəbərə görə, Lukaşenko ideoloji strukturların bu şəxslərlə birbaşa işləməsini istəyirdi.

Sonrakı illərdə bu yanaşma daha sistemli forma aldı.

2024-cü ilin sentyabrında Belarus İnformasiya Nazirliyi “BlogBay” adlı ümumrespublika bloger forumu təşkil etdi. Tədbir hökumətlə sosial media simaları arasında əlaqə platforması kimi təqdim olunurdu.

2025-ci il prezident seçkisi ərəfəsində isə seçilmiş blogerlərin bir qismi “Birlik marafonu” adlanan geniş dövlət kampaniyasına cəlb edildi.

Belarus Jurnalistlər Assosiasiyasının (BAJ) yayımladığı “Büro” araşdırmasına görə, “Musiqili Media Şirkəti” hər şəhərə 10-20 bloger aparıldığını və onların ümumi auditoriyasının 11 milyon istifadəçiyə çatdığını bildirirdi. Blogerlər ölkənin müxtəlif şəhərlərinə səfər edir, dövlət müəssisələrini, konsertləri və “Birlik marafonu” tədbirlərini öz sosial media hesablarında göstərirdilər.

Onların arasında 7,6 milyon “TikTok” izləyicisi olan Vlad Kobyakov, eləcə də Andrjilişa, Ulka Pulka və Dim Dımıç kimi əyləncə və lifestyle məzmunu ilə tanınan şəxslər vardı.

Araşdırmanın maraqlı detallarından biri onların hamısının əvvəldən siyasi bloger olmaması idi.

Bəzi influenserlər əsasən uşaq kontenti, əyləncə, “mom blog”, gözəllik, gündəlik həyat və başqa mövzularda fəaliyyət göstərirdilər. Dövlət kampaniyasına cəlb olunduqdan sonra isə zavodlara səfərlər, dövlət tədbirləri, konsertlər və hakimiyyətin siyasi mesajlarının yer aldığı məzmunlar paylaşmağa başlayıblar.

“Büro”nun danışdığı blogerlər onların “Birlik marafonu”na “Musiqili Media Şirkəti”nin əməkdaşları tərəfindən sosial şəbəkə vasitəsilə dəvət olunduğunu bildiriblər. Onlardan bəziləri bundan əvvəl dövlətin təşkil etdiyi “BlogBay” forumunda iştirak etmişdilər. Araşdırma müəllifləri bu səbəbdən həmin forumun gələcək dövlət kampaniyaları üçün potensial influenserlərin seçildiyi yerlərdən biri ola biləcəyini ehtimal ediblər.

Blogerlər onlardan konkret məzmun tələb edilmədiyini desələr də, sonradan təşkilatçıların paylaşımların auditoriya və baxış statistikalarını istədiklərini bildiriblər. Yol, qalma və qidalanma xərcləri isə təşkilatçılar tərəfindən qarşılanıb.

Belarus hakimiyyətinin blogerləri hansı məqsədlə gördüyünü isə 2025-ci ilin martında Prezident Administrasiyası rəsmisi açıq şəkildə ifadə etdi.

Zerkalo-nun məlumatına görə, Lukaşenko Administrasiyası rəhbərinin müavini Vladimir Pertsov blogerlərlə işi yalnız festivallar, müsabiqələr və birdəfəlik tədbirlərlə məhdudlaşdırmamağı təklif edib.

O bildirib ki, aqrar, beauty, avtomobil, turizm və digər mövzularda fəaliyyət göstərən blogerlərin hərəsinin öz auditoriyası var və dövlət gündəmini həmin auditoriyalara onların vasitəsilə ötürmək mümkündür.

Pertsovun sözlərinə görə, blogerlərlə münasibətlər “daimi əsasda” qurulmalıdır və onlar geniş kütlələrə “konstruktiv informasiya” çatdırmaq üçün ayrıca kanal kimi istifadə edilə bilər.

Azərbaycan da bu modelə gedirmi?

Müəyyən tendensiyalar artıq görünür.

Bir tərəfdən, “TikTok” Azərbaycanda ən böyük potensial auditoriyalardan birinə malik sosial platformaya çevrilib. DataReportal-ın göstəricilərinə əsasən, onun 18 yaşdan yuxarı reklam auditoriyası Instagram-dan xeyli böyükdür.

Digər tərəfdən, dövlət sosial şəbəkələrdə “ictimai mənəviyyat” və “milli-mənəvi dəyərlər”ə əsaslanan yeni məsuliyyət mexanizmləri yaradır, platformalarla birbaşa əməkdaşlığı genişləndirməyə çalışır və böyük auditoriyaya malik influenserləri dövlət tərəfindən təşkil olunan tədbirlərə cəlb edir.

Danışdırdığımız eskpertlərin fikrincə də problem yalnız tiktokerin bu gün nə danışmasında deyil. Əsas məsələ onun sabah neçə nəfərə danışa bilməsidir.

Bəs onda əgər dövlətin diqqətini cəlb etmək üçün siyasi müxalifətçi olmaq tələb olunmursa, onda sərhəd haradan keçir?

Mövcud qanunvericilik həmin sərhədi tam aydın göstərmir.

Belarus təcrübəsi isə başqa bir ehtimalı göstərir: avtoritar sistemlər üçün sosial media siyasəti yalnız “qadağan etmək və həbs etmək”dən ibarət olmaya bilər. Eyni zamanda auditoriyası faydalı hesab olunan şəxsləri müəyyənləşdirmək, onlarla əlaqə yaratmaq və onların izləyicilərinə dövlət gündəmi ilə çıxmaq da mümkündür.

Ancaq bir dəyişiklik artıq baş verib: “TikTok”da yüz minlərlə və ya milyonlarla insana çıxışı olan şəxs artıq sadəcə əyləncə kontenti hazırlayan istifadəçi deyil.

Onun auditoriyası özü ayrıca resursa çevrilib.

Və son aylarda baş verənlər göstərir ki, bu resurs Azərbaycan hakimiyyətinin də diqqətindədir.

Ana səhifəXəbərlərBöyük auditoriyası olan tiktokerlər: hakimiyyət üçün həm risk, həm resurs mənbəyi